Müsahibə

Aleksandr Budberq: “Ermənistan cəmiyyəti müharibənin nəticələri ilə barışıb” – MÜSAHİBƏ

Sharing is caring!


Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması üzrə danışıqlar prosesinin aktiv mərhələsi davam edir.

Bir müddət əvvəl ABŞ-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib.

Ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılıb.

Baş tutan müzakirələr barədə Oxu.Az-a müsahibə verən rusiyalı jurnalist və siyasi müşahidəçi Aleksandr Budberq hesab edir ki, danışıqların səmərə vermədiyini söyləmək düzgün olmaz:

– Bəli, bir tərəfdən, hələ nəticələri gözləməyə dəyməz. Ancaq digər tərəfdən, bu, nəticəyə doğru bir addımdır. Hesab edirəm ki, əsas dəyişiklik baş verib və bu ondan ibarətdir ki, əgər əvvəllər Azərbaycanla sülh sazişi ideyası Ermənistan üçün ümumiyyətlə qəbuledilməz idisə, indi bu, qeyri-populyar olsa da, mümkündür. Və proses daha da irəli gedəcək.

– Ermənistan müxalifəti Nikol Paşinyana ciddi təzyiqlər edir. Müxalif “Ermənistan” parlament fraksiyasının üzvü, “Daşnaksütyun” partiyasının lideri İşxan Saqatelyan əhalini ümumvətəndaş itaətsizliyinə səsləyib.

– Bəli, Ermənistanın baş naziri ciddi təzyiq altındadır, o, bunu nəzərə almalıdır. Amma eyni zamanda, təcrübə göstərdi ki, Ermənistanda ultravətənpərvər ideyalara istinad edərək Paşinyanı uzaqlaşdıra biləcək qüvvə yoxdur. Ümumiyyətlə, Ermənistan cəmiyyəti artıq müharibənin nəticələri ilə barışıb, həm də daim müharibəyə çağırış edən liderlərdən yorulub.

– Dediniz ki, Ermənistanda Paşinyanı kənarlaşdıra biləcək qüvvə yoxdur. Bəs onun fiziki olaraq aradan götürülməsi haqqında nə demək olar? Tanınmış erməni hüquqşünas Muşeq Şuşanyan bu yaxınlarda bəyan etmişdi ki, “Nikolun (Paşinyan – red.) fiziki cəhətdən aradan götürülməsi tamamilə doğru hərəkət olardı”.

– Ermənilər temperamentli xalqdır… Bu vəkil isə çox şey deyə bilər. Amma fakt faktlığında qalır: Ermənistanın müharibəni uduzmasına, digər böyük problemlərinin olmasına baxmayaraq, Paşinyan baş nazirdir. Hətta müharibədən dərhal sonra etirazçılar hökumət binalarını qarət edəndə onun sənədləri oğurlanmışdı. Amma o, ölkənin başçısı olaraq qaldı, bu o deməkdir ki, digər qüvvələr onu postundan kənarlaşdıra bilməzlər.

– Mən Ermənistandakı ictimaiyyət nümayəndələrindən sitat gətirməyə davam edəcəyəm. “Ermənistan” parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib ki, ermənilərin məqsədi “Ermənistanın ərazi bütövlüyünü bərpa etmək, azərbaycanlıları ərazilərimizdən qovmaq, “Artsax”ı azad etmək və öz müqəddəratını təyinetmə ideyalarını reallaşdırmaq olmalıdır”.

– O, ciddi adam deyil. Ohanyan, sadəcə olaraq, parlamentdəki müxalifət fraksiyasının rəhbəridir ki, reytinqini artırmaq üçün nə desən, edə bilər. Əgər o, indiki müdafiə naziri olsaydı və bu statusda qeyd etdiyiniz açıqlamalar versəydi, bu, başqa məsələ olardı. İndi o, Ermənistanın hərbi məğlubiyyətinin ağır durumundan xal qazanmağa çalışan cılız siyasətçidir.

– Axı, o, keçmiş müdafiə naziri kimi başa düşməlidir ki, Ermənistanın hərbi revanş almaq üçün nə gücü, nə də imkanları var.

– Bu onu narahat etmir. O, sadəcə, zəvzəyir, belə olan halda isə artıq düşünməyə ehtiyac qalmır.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir