Müsahibə

“Hər böyrək yetməzliyi xəstəsi transplantasiya oluna bilmir” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Böyrək çatışmazlığından əziyyət çəkən insanların sağ qalması üçün dializ və ya böyrək transplantasiyası lazımdır”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mircəlal Kazımi nazirliyin rəsmi saytına orqan transplantasiyası ilə bağlı sualları cavablandırarkən deyib.

Onunla müsahibəni təqdim edirik:

– Mircəlal müəllim, nazirliyin sosial media hesablarına orqan transplantasiyası ilə bağlı çoxsaylı suallar daxil olur. Öncə transplantologiya haqqında ümumi məlumatı bilmək istərdik…

– Funksiya və keyfiyyətini itirmiş orqanın yenisi ilə əvəz onlunmasına orqan transplantasiyası (orqan nəqli, orqan köçürülməsi) deyilir.

Transplantologiya təbabətin, cərrahiyyənin nisbətən gənc sahələrindəndir. Molekulyar biologiya sahəsində əldə edilən nailiyyətlər, eyni zamanda, anesteziologiya və reanimasiya, immunologiya və mikrocərrahiyyənin uğurlu inkişafı transplantologiya sahəsinin daha da inkişaf etdirilməsinə imkan yaratdı. İnsan orqan və toxumalarının transplantasiyası, həqiqətən, bəşər tarixində ən böyük nailiyyətlərdən biridir, çünki xəstələr ikinci həyat şansı əldə edirlər.

– Hansı orqanların transplantasiyası mümkündür?

– Çox vaxt transplantasiya müalicənin yeganə yolu ola bilər. Transplantasiya yeni başlandığı zaman köçürülən orqanların sayı məhdud idisə, hazırda gözün buynuz qişası, ürək, ağciyər, böyrək, qaraciyər, mədəaltı vəzi, nazik bağırsaq, aşağı və yuxarı ətraflar, üz, uşaqlığın transplantasiyası icra olunan əməliyyatlar siyahısındadır. Azərbaycanda isə gözün buynuz qişası, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları həyata keçirilir.

– Müasir dövrdə hansı orqanların köçürülməsi daha aktualdır?

– Ən çox köçürülən orqan böyrəkdir. Ona olan ehtiyac qaraciyər və ürəkdən qat-qat yüksəkdir. Çünki böyrək xəstəliklərinin daha çox olması böyrək çatışmazlığının inkişafına gətirib çıxarır və bu, dializ və ya orqan transplantasiyasına gətirib çıxarır.

– Hansı xəstələrə əməliyyat vacibdir?

– Xroniki böyrək çatışmazlığı olan və böyrək köçürülməsi əks-göstəriş olmayan xəstələrin əksəriyyəti transplantasiya üçün uyğun namizədlərdir. Bu xəstələr istər dializ proqramında olan, istərsə də dializdən əvvəl (“preemtive”) dövrdə olan şəxslərdir.

– Orqan transplantasiyasının tibbi və hüquqi aspektləri haqqında fikirlərinizi bilmək istərdik…

– Resipiyent orqan və ya toxuma transplantasiyasına ehtiyacı olan şəxsdir. Orqan və ya toxumalarının köçürülməsinə razılıq verən şəxsə isə donor deyilir. Bu münasibətlər bu sahədə bir çox normativ hüquqi aktlarla tənzimlənir. Qanuna görə, canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı canlı donor resipiyentin yaxın qohumu olduğu hallarda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır. Xəstə qohum donoru ilə müraciət etdiyi zaman müayinələr nəticəsində qərar verilir. Yəni həm xəstənin, həm də donorun bütün müayinələri və toxuma uyğunluğu testi nəticəsinə görə onların əməliyyatının baş tutub-tutmamasına qərar verilir. Əgər müayinələrin hər hansı bir mərhələsində (istər tibbi, istərsə də qeyri-tibbi) donorun həyatına təhlükə yaranacağı hiss olunarsa, müayinə dayandırılır və həmin şəxs donor kimi qəbul olunmur.

– Dializ, yoxsa transplantasiya xəstə üçün daha faydalıdır?

– Böyrək çatışmazlığından əziyyət çəkən insanların sağ qalması üçün dializ və ya böyrək transplantasiyası lazımdır. Hər böyrək yetməzliyi xəstəsi transplantasiya oluna bilmir. Bu zaman dializə ehtiyac yaranır. Düzdür, dializ seansları həyatı təhlükələrdən xilas edə bilər, lakin o, sağlam orqanın bütün funksiyalarını tamamilə əvəz edə bilməz.

Uğurlu böyrək transplantasiyası sonrası xəstə sağlamlığına qovuşur, ailəsinə, işinə və nəhayət, cəmiyyətə faydalı şəxs kimi qayıdır. Bu baxımdan, böyrək transplantasiyası daha rasional müalicə üsuludur. Böyrək transplantasiyası əməliyyatı təqribən üç-dörd saat çəkir. Donor və xəstənin əməliyyatı eyni zamanda icra olunur.

– Əməliyyatdan sonra xəstələr nə etməlidirlər?

– Donorların xüsusi müalicəyə ehtiyacı yoxdur. Orqan köçürülənlər isə köçürülən orqanın rəddinin qarşısını almaq üçün xüsusi dərmanlar (immunsupressiv) qəbul edirlər. Bu dərmanların qəbulu mütləqdir, sayı və dozası həkim tərəfindən təyin olunur və buna ciddi riayət olunmalıdır. Əks təqdirdə, geri dönməz nəticələrə səbəb ola bilər.

– Böyrəklərin sağlamlığını qorumaq üçün oxuculara nə tövsiyə edərdiniz?

– Qeyd etmək istəyirəm ki, xroniki böyrək xəstəliklərinin qarşısının alınmasının əsas şərtlərindən biri balanslaşdırılmış qidalanma və normal bədən çəkisinin saxlanılmasıdır. Həzm sistemini həddindən artıq yükləmədən, gün ərzində kiçik porsiyalarla yemək tövsiyə olunur. Həmçinin, duz miqdarına da diqqət yetirmək çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, böyüklərə istifadə edilən duzun miqdarı gündə beş qramdan çox olmamalıdır. Unutmayaq ki, aktiv həyat tərzi əhvali-ruhiyyənizi yüksəltməklə bərabər, sağlamlığınıza da müsbət təsir göstərir. Müntəzəm fiziki fəaliyyət qan təzyiqini normallaşdırmağa, böyrəklərdə qan mikrosirkulyasiyasını yaxşılaşdırmağa və bununla da xroniki böyrək xəstəliyinin riskini azaltmağa kömək edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir