Müsahibə

“Sabah”ın müdafiəçisi: “Qarabağ”ın ilk məğlubiyyəti bizdən alması ayrı sevinc oldu” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Sabah”ın futbolçusu Bəxtiyar Həsənalızadə komandanın tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmasının əsas memarlarından biridir.

2021-ci ilin yanvarından paytaxt klubunda çıxış edən mərkəz müdafiəçisi klubdakı uğurlu oyunu sayəsində 30 yaşında ilk dəfə Azərbaycan millisinin formasını geyinmək şansı əldə edib. Lakin AVRO-2024-ün seçmə mərhələsinin startı nə Həsənalızadə, nə də yığma üçün uğurlu alınıb.

Karyerası ərzində uzun illər “Sumqayıt”da çıxış etdikdən sonra “Zirə” və “Sabah”ın da formasını geyinməyə müvəffəq olan Bəxtiyar Həsənalızadə “Report”un suallarını cavablandırıb.

– Premyer Liqanın XXX turunda lider “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazandınız. Çıxışınız tam ürəyinizcə oldu?

– “Qarabağ” kimi komanda ilə qarşılaşırsansa, matçın çətin keçəcəyini başa düşməlisən. Çünki rəqib son çempion və Premyer Liqanın hazırkı lideridir. Düzdür, heyətdə itkilərimiz var idi. Buna baxmayaraq, görüşə yaxşı hazırlaşmışdıq. Məqsədimiz qələbə qazanmaq idi. Oyunumuz tam istədiyimiz şəkildə alınmasa da, lazım olan qələbəni qazana bildik.

– “Qarabağ” cari mövsümdə ilk məğlubiyyətini aldı. Bunu sizin üçün ikiqat uğur saymaq olar?

– “Qarabağ” bizimlə son matça qədər məğlub olmamışdı. Ancaq biz sırf rəqibin məğlubiyyətsizlik seriyasına son qoymaq barədə düşünmürdük. Buna qədər onlara qalib gələ bilməmişdik. Bu seriyaya son qoymaq istəyirdik. Qazanılan bu 3 xalın əhəmiyyəti çox böyükdür. Əlbəttə ki, bu qələbə bizə ayrıca sevinc bəxş elədi. Ancaq bu, bizi başqa komandalardan üstün eləmir. Sevincimiz ikiqat oldu. “Qarabağ”ın ilk məğlubiyyəti bizdən alması ayrı sevinc oldu.

– Hazırda liderdən 9 xal geri qalırsınız. Cari mövsüm hansı oyunlardakı xal itkiləri sizi daha çox üzür?

– Həqiqətən də, xal itirməməli olduğumuz oyunlar oldu. Ancaq ümumi baxanda bizim göstəricilərimiz normaldır. Onlara çatmamağımızın əsas səbəbi bizim nəticələrimiz yox, “Qarabağ”ın məğlub olmaması idi. Yüksək yerlər uğrunda mübarizə aparan komandaların mövsüm ərzində 4-5 məğlubiyyəti olur. Sadəcə, “Qarabağ”ın məğlubiyyətsiz irəliləməsi onlardan uzaq düşməyimizə səbəb oldu. İstənilən halda, 30 matçda 68 xal toplamağımızı yaxşı göstərici saymaq olar.

– Maraqlıdır ki, “Sabah”ın futbolçuları mövsümboyu çempionluq ifadəsini işlətməkdən yayınıblar. Komanda qızıl medallar qazanmağa hazır deyil, yoxsa qarşınıza birincilik məqsədi qoyulmayıb?

– Qarşıda 6 tur var. Riyazi baxımdan çempionluq şansımız davam edir. Niyə indiyə kimi çempionluqdan danışmamışıq? Ona görə ki, əvvəldən qarşımıza belə bir məqsəd qoyulmayıb. Amma yenə də hər matça 3 xal qazanmaq üçün çıxırıq. Qalan görüşləri də itkisiz tamamlamağa çalışacağıq. Mövsümün necə nəticələnəcəyini zaman göstərəcək.

– Baş məşqçiniz Murad Musayev tez-tez hakimlərə etiraz etdiyi üçün gah sarı, gah da qırmızı vərəqə alır. Bunun komandaya mənfi təsiri olmur?

– Baş məşqçinin aqressiv olması onun xarakterindən qaynaqlanır. Murad Musayev təkcə hakimlərə yox, biz futbolçulara qarşı da çox tələbkardır.

– Ümumiyyətlə, oyunlarınızdakı hakim idarəçilikləri ürəyinizcədir?

– Hakimlərlə bağlı nəsə demək istəmirəm. Onlar da insandırlar. Düzdür, bizim qarşılaşmalarımızda səhvlərə yol veriblər. Futbolçu kimi, biz də oyunlar vaxtı səhvlər edirik. Referilərin səhv etmələri qaçılmazdır. Hansısa qərəzin olmasına inanmıram.

– “Sabah” tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək. Debüt mövsümündə komandadan nə gözləmək olar?

– Bəli, ilk təcrübəmiz olacaq. Razıyam ki, komandanın avrokubok təcrübəsi yoxdur, yeni kollektivdir. Yəqin ki, mövsümün sonunda transferlər olacaq, heyət güclənəcək. Həm klub, həm də ölkə adına yaxşı nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– “Sabah”la müqaviləniz mövsümün sonuna qədərdir. Rəhbərlikdən yeni sözləşmə təklifi almısınız?

– Müqaviləm iyuna qədərdir. Hələ ki, yeni sözləşmə ilə bağlı təklif olmayıb. Bu barədə heç danışıq da aparılmayıb. İndi hamımız oyunlara köklənmişik. Sona cəmi 6 tur qalıb. Mövsümü uğurlu nəticələrlə başa vurmaq istəyirik. Təklif olarsa, oturub danışmağa hazıram. Klubdan hələ heç nə deyilməyib.

– Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçə (0:5) böyükhesablı məğlubiyyətinin ardından ən çox günahlandırılanlar siz və “Sabah”dakı komanda yoldaşınız Yusif İmanov oldu. Bunun növbəti oyunlara hansısa təsiri ola bilərmi?

– Həm mənim, həm də Yusifin millidə rəsmi debüt matçları idi. İstənilən futbolçu səhv edə bilər. Böyük millilərin oyunçuları da kobud səhvə yol verirlər. Təbii ki, səhvlərimizin olmasını istəməzdim. Ancaq futbolda belə şeylər qaçılmazdır. İnanıram ki, bunun gələcək oyunlara təsiri olmaz. İsveç və Avstriya ilə qarşılaşmaları unudub, qarşıdakı görüşləri düşünəcəyik.

– Bu tənqidləri necə qarşıladınız?

– Futbolda elədir ki, bu gün yaxşısansa, hamı səni tərifləyəcək, sabah səhv edən kimi, tənqid obyekti olacaqsan. Futboldan başı çıxan insanlar bir az analiz eləsələr, vəziyyətin nə yerdə olduğunu görərlər. Ancaq biz də futbolçu olaraq tərif kimi, tənqidləri də qəbul etməliyik. Normal tənqidə normal yanaşmaq lazımdır.

– Milli komanda seçmə mərhələdə bundan sonra nəyə ümid edə bilər?

– Millinin formasını geyinirsənsə, məsuliyyəti hiss etməlisən. İki oyunda uduzmuşuqsa, o demək deyil ki, qarşıdakı matçların da hamısında məğlub olacağıq. Səhvlərimizi düzəltməli, növbəti görüşlərə yaxşı köklənməli və məyus etdiyimiz azarkeşləri sevindirməliyik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir