Müsahibə

Rəhman Hümmətov: “Bakının “rəqəmsal əkiz”i yaradılacaq” – MÜSAHİBƏ

Sharing is caring!


“Nəqliyyat sisteminin tənzimlənməsi üçün Bakının “rəqəmsal əkiz”i yaradılacaq”.

Bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Report” İnformasiya Agentliyinə müsahibəsində deyib. O, müsahibəsində təmsil etdiyi qurumun ölkənin nəqliyyat sektorunun şəffaflaşması və rəqəmsallaşması istiqamətində gördüyü işlər, tıxac problemi, dövlətin “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə bağlı planları, hava və yerüstü nəqliyyatda qiymət siyasəti və başqa məsələlərə toxunub.

Həmin müsahibəni təqdim edirik:

– Rəhman müəllim, paytaxtda və ətraf ərazilərdə tıxaclar getdikcə artmaqdadır. Belə mənzərə yaranır ki, nəqliyyat sistemi idarəolunmaz vəziyyətə gəlib. Hökumətin bununla bağlı hansı tədbirləri var?

– İqtisadi aktivliyin, həmçinin əhalinin nəqliyyat ehtiyaclarının artması bütün dünyada, xüsusən iri şəhərlərdə və iqtisadi mərkəzlərdə tıxac probleminin yaranmasına səbəb olur. Bakı paytaxt olmaqla yanaşı, ölkəmizin həm iqtisadi, həm təhsil mərkəzidir. Ölkədə əhalinin orta sıxlığı hər kvadratkilometrdə təqribən 92 nəfər, Bakı şəhəri aqlomerasiyasında 840 nəfər/kv.km, Abşeron iqtisadi rayonu üzrə 400 nəfər/kv.km təşkil edir. Bu səbəbdən şəhər ərazisində və şəhərin giriş-çıxış yollarında ilbəil artan sıxlıq müşahidə olunur. Bakı şəhəri daxil olmaqla Abşeron yarımadasında yaşayan əhalinin sıxlığı və onların mobilliyinin təmin edilməsi nəzərə alınaraq, inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulmasına ehtiyac var. İctimai nəqliyyatın tənzimlənməsi üçün elə bir dayanıqlı model qurulmalıdır ki, həm sərnişinlərin tələbatı ödənilsin, həm daşıyıcıların maraqları qorunsun, həm də göstərilən xidmətlərin keyfiyyəti və qiyməti əhali üçün uyğun olsun.

Biz sahəvi nazirlik olaraq konseptual yanaşmanın tərəfdarıyıq. Hazırda qeyd etdiyiniz məsələnin həlli ilə bağlı aparıcı beynəlxalq konsaltinq şirkətləri cəlb olunmaqla ictimai nəqliyyatın idarə edilməsi və mobillik modeli hazırlanır. Modelin məqsədi ictimai nəqliyyatda əlçatanlığın artırılması, şəhərin daxilində mobillik sürətinin artırılması, tıxacların aradan qaldırılması və atmosferə atılan tullantıların azaldılmasıdır. Model çərçivəsində Bakının “rəqəmsal əkizi” yaradılacaq ki, bu da qərarların elmi-praktiki əsaslandırılmasını təmin edəcək.

Onu da qeyd etməliyəm ki, modeldə ictimai nəqliyyat, o cümlədən dəmiryol, metro, taksi, fərdi nəqliyyat vasitələri, eləcə də kiçik təkərli nəqliyyat vasitələri olan velosiped, skuter və samokatlar da nəzərə alınacaq. Eyni zamanda nəqliyyat məsələlərinin həlli istiqamətində görülən işlərə paralel olaraq, Bakı şəhərinin piyadayönümlü şəhərə çevrilməsi, piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması məqsəd kimi qoyulub.

Görülən işlər ekoloji tarazlığın bərpa edilməsinə də xidmət etmiş olacaq. Avtonəqliyyat vasitələrinin hərəkət sürəti azaldıqda СО2 tullantısının miqdarı artır, yol hərəkətinin optimallaşdırılması tədbirləri nəticəsində tıxacların aradan qaldırılması və nəqliyyat vasitələrinin hərəkət sürətinin artırılması, bütövlükdə zərərli tullantıların azalmasına səbəb olur.

Qeyd etmək vacibdir ki, biz bu layihənin müsbət nəticələrinin qarşıdakı dövrdə ardıcıl olaraq şahidi olacağıq.

– Ölkə başçısının fərmanı ilə “AYNA” informasiya sistemi yaradılıb. Bu dəyişikliyin nazirliyin rəqəmsallaşma və nəqliyyat siyasətini həyata keçirməsinə hansı təsiri olacaq?

– Prezident İlham Əliyev “AYNA” informasiya sisteminin Əsasnaməsinin təsdiq edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, avtomobil nəqliyyatı sahəsinin vahid informasiya sistemi bir sıra xidmətlərin təmassız təqdim edilməsinə, dövlət tənzimlənməsi mexanizmlərinin effektiv tətbiqinə, yarana bilən problemlərin sürətli aradan qaldırılmasına şərait yaradacaq. Bu, digər dövlət qurumları ilə səmərəli qarşılıqlı əlaqələrin qurulması nəticəsində təmin olunacaq.

“AYNA” informasiya sistemi sərnişindaşıma və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, bu sektorda innovativ həllərin tətbiqinin genişləndirilməsinə xidmət edir. Eyni zamanda, avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini və məlumatların əlçatanlığını təmin edir, əməliyyatların sürətlənməsinə şərait yaradır. Təcrübə göstərir ki, belə sistem dövlət qurumlarının işini daha da asanlaşdırır.

Şəhərlərarası və rayonlararası müntəzəm sərnişin daşımalarında mərkəzləşdirilmiş elektron bilet sisteminin yaradılması, eləcə də onlayn bilet satışının təşkili məqsədilə ötən ilin dekabr ayında “AYNA” informasiya sistemi çərçivəsində biletim.az portalı istifadəyə verildi. Biletim.az portalına yeni daşıyıcıların və avtovağzalların qoşulması, eləcə də əhali arasında portaldan istifadənin genişləndirilməsi məqsədilə təşviqedici tədbirlər davam etdirilir. Məlumat üçün qeyd edim ki, sözügedən portalın mobil tətbiqi də mövcuddur. Fürsətdən istifadə edərək vətəndaşlarımızı həmin mobil tətbiqi yükləməyə dəvət edir və biletin alınması zamanı onun imkanlarından istifadə etməyi tövsiyə edirik.

“AYNA” informasiya sistemi çərçivəsində “Elektron əmtəə-nəqliyyat qaiməsi” altsisteminin istifadəyə verilməsi istiqamətində görülən işlər də tamamlanmaq üzrədir. Sözügedən sistem yükgöndərənin, yükalanın və daşıyıcının vahid elektron mühitdə əlaqələndirilməsini təmin edəcək. Hazırda Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə əsasən, “Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”nın razılaşdırılması prosesi həyata keçirilir. Sözügedən qaydalar qüvvəyə mindikdən sonra sistemin istifadəyə verilməsi təmin olunacaq.

İstifadəyə verilən sistemlərdən biri də “xüsusi hazırlığa dair şəhadətnamələr” altsistemidir. Bu altsistem çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən müxtəlif istiqamətlər üzrə təlimlərdə tədris və imtahan prosesinin elektron sistem üzərindən idarə edilməsi həyata keçirilir.

Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün “Fərqlənmə nişanı” verilməsi xidməti də elektronlaşıb. Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən “Fərqlənmə nişanı”nın verilməsi üçün tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb. Vətəndaş sistem üzərindən birbaşa kart məlumatlarını daxil etməklə, yaxud sistem tərəfindən verilən sənəd əsasında banklarda Hökumət Ödəniş Portalı üzərindən “Fərqlənmə nişanı”nın alınması üçün ödənişlərini həyata keçirmək imkanına da malikdir. Hazırda “Fərqlənmə nişanı”nı elektron qaydada əldə edən daşıyıcıların xüsusi çəkisi 67% təşkil edir.

“AYNA” informasiya sistemi çərçivəsində “beynəlxalq avtomobil daşımalarını həyata keçirən operatorlar” altsisteminin və beynəlxalq daşımalarda istifadə olunan “İcazə” blanklarının uçotu sisteminin hazırlanması işləri də aparılır və yekunlaşmaq üzrədir.

Beləliklə, aparılan işlər nəticəsində “AYNA” informasiya sisteminin tam funksionallığı təmin ediləcək.

– İctimai nəqliyyatda vahid ödəmə sisteminə keçid niyə yubanır və nə zaman tətbiqi nəzərdə tutulur?

– Məlum olduğu kimi, ölkə başçısının tapşırığına əsasən, xidmət keyfiyyətinin artırılması və ödənişlərlə bağlı şəffaflığın təmin olunması istiqamətində, digər sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də müvafiq işlər görülür. Əsas hədəflərimizdən biri nəqliyyat növlərində nağdsız ödənişlərə keçidin tam təmin edilməsidir ki, artıq metroda və dəmir yolunda bu sistem tam tətbiq edilib. Həmçinin Bakı şəhəri daxil olmaqla, bir sıra iri şəhərlərimizdə ictimai nəqliyyatda nağdsız ödənişlərin həyata keçirilməsi təmin edilib. Bu prosesin tam başa çatdırılması üçün nazirlik tərəfindən aidiyyəti dövlət orqanlarının əməkdaşlarından ibarət işçi qrup yaradılıb və müvafiq təkliflər hökumətə təqdim edilib.

İctimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi və nağdsız ödəniş alətlərindən istifadə üçün beynəlxalq təcrübə nəzərə alınıb. Nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanının yaradılması nəzərdə tutulur.

Ümumilikdə bu məsələnin respublika miqyasında, müasir texnologiyaların tətbiqi ilə vahid sistem əsasında icra edilməsini zəruri hesab edirik. Nağdsız ödəniş sisteminin tətbiqi sektorda aparılan şəffaflaşmaya xidmət etməklə yanaşı, nəqliyyat sahəsində hesabatlılığın, sərnişindaşımada statistik məlumatların toplanmasına, eləcə də ölkədə inteqrasiya edilmiş nəqliyyat sisteminin formalaşmasına xidmət etmiş olacaqdır.

– İşğaldan azad edilmiş Füzuli və Zəngilanla yanaşı, Laçında da hava limanı tikilir. Qarabağdakı hava limanlarının hansı potensiala malik olduğunu düşünürsünüz?

– Əminliklə deyə bilərik ki, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Dünya təcrübəsində əhalinin coğrafi məskunlaşmasını formalaşdırmaq, müvafiq ərazidə məskunlaşdırmanı stimullaşdırmaq üçün dövlətlərin həmin bölgədə əhalinin faktiki tələbinin dəfələrlə üzərində olan nəqliyyat infrastrukturu inşa etmək təcrübəsi var və nəticədə həmin ərazidə nəqliyyat infrastrukturu mövcud olduğu üçün sosial və xidmət sektorlarının inkişafında canlanma baş verir, əhalinin həmin ərazidə yaşamaq üçün səbəbləri artır.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”la bağlı Dövlət Proqramı qəbul edilib. Bu baxımdan qeyd etdiyiniz ərazilərdə tikilən hava limanları işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” üçün mühüm zəmin yaradacaq, orada məskunlaşmış vətəndaşlarımızın nəqliyyat ehtiyaclarının ödənilməsinə, habelə regionda mövcud olan turizm potensialının inkişafına öz töhfəsini verəcək.

Bununla yanaşı, biz bu iki il ərzində müşahidə etdik ki, 30 il ərzində işğalda olmuş torpaqları görmək istəyi hər bir vətəndaşımızda var. Hazırda bu səfərlər avtobuslarla həyata keçirilir. Hesab edirik ki, hava limanları istismara verildikdən sonra həmin əraziləri görmək istəyən yerli əhalinin və xarici vətəndaşların səfərləri daha az vaxt itkisi hesabına başa gələcək.

– Hazırda bəs “Azərbaycan Hava Yolları” QSC-nin sağlamlaşdırılması istiqamətində hansı islahatlar aparılır?

– Ölkəmizdə iqtisadiyyatın səmərəliliyinin daha da artırılması, bu istiqamətdə dövlət qurumlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişaf etdirilməsi və şəffaflaşması üçün nəqliyyat sektorunda davamlı struktur islahatları həyata keçirilir.

Bu islahatların əsas məqsədi və əhəmiyyəti ondan ibarətdir ki, dövlət xidmətləri sahəsinin müasir prinsiplər əsasında idarə olunması təmin edilsin. Dövlətə məxsus iri müəssisələrin idarəetmə sisteminin təkmilləşdirilməsi, xərclərin və risklərin optimallaşdırılması yolu ilə onların tam sağlamlaşdırılması əsas hədəflərdəndir. Nəqliyyat sektoruna daxil olan belə dövlət müəssisələrindən biri də “Azərbaycan Hava Yolları” QSC-dir.

Qeyd edim ki, AZAL-ın müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün 2023-30-cu illəri əhatə edən uzunmüddətli Strateji İnkişaf Planı təsdiq edilib.

Hava daşımaları sahəsində xidmət səviyyəsinin yüksəldilməsi ilə yanaşı, AZAL-ın maliyyə vəziyyətinin sağlamlaşdırılması istiqamətində də müvafiq işlər görülür. Ötən il həm xarici, həm də yerli kreditorlar qarşısında bir çox öhdəliklər icra olunub. Bildiyiniz kimi, AZAL mənfəətlə işləyən qurum deyildi, lakin 2022-ci ilin maliyyə yekunları ilə bağlı ilkin nəticələrə görə, AZAL ötən ili xalis mənfəətlə başa vurub. Bu, AZAL-ın tarixində bir ilkdir. Cari ildə də bu müsbət tendensiya davam edir.

Milli daşıyıcımızın inkişafı, rəqabətqabiliyyətliliyinin artırılması üçün lazımi işlər bundan sonra da davam etdiriləcək.

– AZAL-ın uzunmüddətli Strateji İnkişaf Planı çərçivəsində hansı tədbirlərin görülməsi planlaşdırılır?

– 2030-cu ilə qədər hava yolu ilə sərnişindaşımanın genişləndirilməsi, müəssisənin mənfəətinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Burada əsas məsələlərdən biri yeni hava gəmilərindən ibarət donanmanın formalaşdırılmasıdır. Hazırda AZAL-ın təyyarə parkında səkkiz növ təyyarə mövcuddur. Bu da istər təyyarələrin saxlanılması, istərsə də təyyarələrə xidmət göstərən heyətin hazırlanması baxımından xərclərin çox olmasına gətirib çıxarır. İnkişaf strategiyasında xərclərin azaldılması üçün təyyarələrin iki növdən – dargövdəli hava gəmiləri üzrə “Airbus A320 Neo” sinfi, genişgövdəli hava gəmilərinin isə “Boeing 787 Dreamliner” tipli hava gəmilərindən ibarət olması nəzərdə tutulur. Sərnişin daşımaları xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə qeyd olunan şirkətlərdən yeni hava gəmilərinin alınması ilə bağlı bu ay ərzində müqavilələrin imzalanması planlaşdırılır.

Qeyd olunan strategiyada 2030-cu ilədək həyata keçirilən beynəlxalq uçuşların sayının artırılması ilə bağlı müddəalar göstərilib və artıq bu istiqamətdə işlərin yerinə yetirilməsinə başlanılıb.

Eyni zamanda xidmət şəbəkəsinin genişləndirilməsi, uçuşların intensivliyində tələb-təklif prinsipinə əməl edilməsi, bu sahədə qabaqcıl texnologiyaların və rəqəmsal həllərin tətbiqi ilə bağlı da zəruri işlər görülməkdədir.

Adıçəkilən strategiyanın əsas məqsədi AZAL-ı müasir tələblərə tam cavab verən və rəqabətədavamlı qabaqcıl şirkətə çevirməkdir.

– Azərbaycan hökumətinin planında ölkəyə “WizzAir” kimi “low cost” aviaşirkətlərin gətirilməsi varmı?

– Bu gün 36 xarici aviaşirkət, o cümlədən “WizzAir” daxil olmaqla 10 loukoster Azərbaycandan və Azərbaycana uçuşlar həyata keçirir. Sərnişinlərin seçim etmək üçün kifayət qədər imkanları var. Lakin bu seçimin genişləndirilməsi, müəyyən etdiyimiz hədəflərə nail olmaq üçün regionlardakı hava limanlarını da inkişaf etdirmək vacibdir. Bu istiqamətdə müvafiq tədbirlər görülür.

Hazırda müxtəlif aşağıbüdcəli aviaşirkətlərlə mövcud uçuş coğrafiyasının genişləndirilməsi, həmçinin yeni şirkətlərin cəlb olunması istiqamətində danışıqlar aparılır.

– Artıq xeyli zamandır vətəndaşlar, biznes sektoru AZAL-ın biletlərinin baha olmasını və bunun turizm sektoruna ziyan vurmasını iddia edirlər. Sizin mövqeyiniz necədir?

– AZAL-ı öz sinfinə və xidmət kateqoriyasına uyğun şirkətlərlə müqayisə etsək, görərik ki, qiymətlər, əslində, göstərilən xidmətlərə mütənasibdir. Amma əlbəttə ki, biz də aviabiletlərin daha ucuz olması, AZAL-ın xarici vətəndaşları ölkəmizə daşıyan şirkətə çevrilməsi, Heydər Əliyev Hava Limanının beynəlxalq tranzit məkana çevrilməsi istiqamətində işlər aparırıq. Hazırda bu istiqamətdə aparılan müvafiq tədbirlərin nəticəsi olaraq artıq müştərilərə müxtəlif qiymətlərdə biletlər təqdim edilir. Populyar istiqamətlər üzrə qiymətlərə nəzər yetirsək, Bakı-Moskva bileti almaq istəyən sərnişinə “Buta Airways” ilə 29 avrodan, AZAL ilə isə 135 avrodan, Bakı-Dubay istiqaməti üzrə AZAL ilə 133 avrodan, Bakı-İstanbul reysi üzrə “Buta Airways” ilə 29 avrodan, AZAL ilə isə 114 avrodan başlayaraq seçim imkanı var.

Uzunmüddətli inkişaf strategiyasında təyyarə parkının yenilənməsi ilə yanaşı, qiymət siyasəti də nəzərə alınıb. Daha ucuz aviabiletlərlə bağlı AZAL tərəfindən müəyyən kampaniyalar keçirilir. 2022-ci ilin sonlarında AZAL doqquz istiqamət üzrə 29 avrodan başlayan qiymətlərlə 10 min aviabileti satışa çıxarıb və bu kimi kampaniyaların gələcəkdə də baş tutması nəzərdə tutulur.

Onu da qeyd edək ki, AZAL tərəfindən sərnişin tutumu daha çox olan təyyarələrin alınması nəzərdə tutulub. Bu da öz növbəsində, biletlərin qiymətinə təsir edəcək. Ümumiyyətlə, aparılan islahatların əsas hədəflərindən biri də məhz qiymətlərin optimallaşdırılmasıdır.

– Dövrün çağırışlarına uyğun olaraq AZAL-ın onlayn satış kanallarının inkişaf etdirilməsi zəruridir. Bu istiqamətdə aviaşirkətin veb-saytı ilə bağlı hansı işlər görülür?

– Sözsüz ki, bu istiqamətdə də işlərə başlanılıb. Müştəri məmnuniyyətinin artırılması və mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə AZAL-ın rəsmi veb-saytı və mobil tətbiqinin yeni dizaynda hazırlanması, sistemin dayanıqlığının artırılması üçün server infrastrukturunun və arxitekturasının gücləndirilməsi istiqamətində işlər aparılıb. Onlayn satışların stimullaşdırılması üçün müasir rəqəmsal marketinq alətləri tətbiq olunub, qlobal axtarış aqreqatorları ilə inteqrasiyalar qurulub. Bu ilin iyul ayında veb-saytın və mobil tətbiqin yenilənmiş versiyasının istifadəyə verilməsi planlaşdırılır.

Onu da qeyd edim ki, AZAL-ın uzunmüddətli strateji hədəflərinə çatması üçün daha təkmil və çoxfunksiyalı e-ticarət platformasının hazırlanması üzrə də işlərə başlanılıb. Yeni sistemdə müştərilərə innovativ xidmətlərin təqdim edilməsi, müştərilərin onlayn təcrübəsinin təkmilləşdirilməsi və AZAL tərəfindən aksiyaların keçirilməsinə imkan verən dayanıqlı sistemin hazırlanması nəzərdə tutulur.

– Rəhman müəllim, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilib. Bu qaydaların tətbiqi ilə bağlı hansı hazırlıqlar görülür?

– Ümumi mənzərəyə baxsaq, görərik ki, son bir ildə daşıyıcıların sayının artması, daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişlənməsi müşahidə edilir. Görülmüş tədbirlər nəticəsində milli daşıyıcıların beynəlxalq ikitərəfli daşımalar bazarının bütün istiqamətlərində bazar payları artıb.

Nazirlər Kabineti tərəfindən 2022-ci il 8 aprel tarixində “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilib və bu qaydaların tətbiqinə 2023-cü il 8 aprel tarixində başlanılır. Ötən bir il ərzində bu istiqamətdə genişmiqyaslı işlər görülüb. Belə ki, daşıyıcılarla mütəmadi görüşlər keçirilib, onlara beynəlxalq yük daşımalarını həyata keçirmək üçün tələb olunan sənədlər və prosedurlar barədə ətraflı məlumat verilib, sənədləri toplamaları üçün köməklik göstərilib.

Beynəlxalq daşımalarda iştirak edən 218 şirkətin hər birinin nümayəndəsi ilə fərdi qaydada görüşlər keçirilib. Bu şirkətlərin nümayəndələri üçün sosial şəbəkələrdə yaradılan xüsusi qruplarda buraxılış qaydaları haqqında bütün lazımi məlumatlar, sənədləşməyə dair videotəlimatlar, müqavilə nümunələri paylaşılıb və sualları cavablandırılıb. Ölkə hüdudlarından kənarda olan sürücüləri maraqlandıran sualların cavablandırılması məqsədilə virtual platformalardan da geniş istifadə olunur.

AYNA-nın Təlim-Tədris Mərkəzi, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və tərəfdaş şirkətlər sürücülərin peşəkarlıq səriştəsinə dair təlimlər keçirir. Bu günədək təlimlərdə 4 000-dən çox sürücü iştirak edib. Ümumilikdə isə 8 000-dən çox sürücünün tədris prosesinə cəlb edilməsi nəzərdə tutulur.

Daşıyıcıların və sürücülərin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və yaranan sualların operativ cavablandırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində “Açıq qapı” günləri təşkil edilib. Müraciətlər və suallar agentliyin inzibati binasında “Daşıyıcı bələdçisi” xidməti çərçivəsində və “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşları tərəfindən cavablandırılır.

Yeri gəlmişkən, sənədlər buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi” “Bakı KOB evi”ndə təqdim olunur.

Onu da qeyd edim ki, buraxılış qaydalarının tətbiqi avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığı stimullaşdıracaq, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətini artıracaq, daha peşəkar və beynəlxalq tələblərə cavab verən sürücülərin hazırlanmasına şərait yaradacaq.

Nəzərə almaq lazımdır ki, buraxılış vəsiqəsi və kartı almayan daşıyıcılar aprelin 8-dən beynəlxalq yük daşımalarında iştirak edə bilməyəcək, hüquqi və fiziki şəxslər isə “İcazə” blanklarının bölgüsünə buraxılmayacaqlar.

“İcazə” blanklarından söz düşmüşkən, qeyd olunmalıdır ki, Azərbaycan Prezidentinin 29 mart 2023-cü il tarixli Fərmanı ilə xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsi ləğv edilib. Bu qərarla kvotadan artıq xarici nəqliyyat vasitələrinin ölkə ərazisinə daxil olmasına imkan verilməyəcək, beynəlxalq daşımalarda iştirak edən milli avtomobil daşıyıcılarının ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından aktiv istifadə etmələrinə münbit şərait yaranacaq, beynəlxalq daşımalar bazarında milli daşıyıcıların payları və beynəlxalq səviyyədə rəqabətliliyi əsaslı dərəcədə artacaq.

– Azərbaycanda daha bir mühüm məsələ yol hərəkətinin təhlükəsizliyidir. Belə ki, yol-nəqliyyat hadisələri insan ölümü ilə bitə bilir. Bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tvinninq layihəsi icra edir. Bu layihə çərçivəsində Azərbaycan hansı ölkələrin təcrübəsindən yararlana bilər?

– Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-23-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib və təhlükəsizliyin təmin edilməsi məqsədilə müvafiq tədbirlər nəzərdə tutulub.

Bununla əlaqədar bir çox işlər görülməkdədir. 2022-ci il oktyabrın 7-də “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsinə start verilib. Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və birbaşa benefisiarı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin və digər müvafiq qurumların da layihədə yaxından iştirakı planlaşdırılır.

İki il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihənin tərəfdaşları Avropa İttifaqının Polşadakı Nəqliyyat Layihələri Mərkəzi və Litva Nəqliyyat Təhlükəsizliyi İdarəsidir.

Əsas məqsədi ölüm və ya ağır sağlamlıq xəsarətləri, eləcə də sosial-iqtisadi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin azaldılmasına töhfə vermək olan layihə Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair məsələlərin daha yaxşı idarə olunması, əlaqələndirilməsi və həll edilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Yeri gəlmişkən, bu il martın 3-də Bakıda “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsinin təqdimat mərasimi keçirilib. Mövzu bu təşəbbüsdə iştirak edən ölkələrin – Azərbaycan, Polşa və Litvanın müxtəlif maraqlı tərəflərini bir araya gətirib. Tədbir tvinninq layihəsində iştirak edən qurumlarla daha yaxından tanış olmaq, onun əhatə dairəsini və gözlənilən nəticələri ictimaiyyətə təqdim etmək imkanı yaradıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir