Müsahibə

Əliabbas Rzazadə: “İstəmərəm kimsə gələcəkdə desin ki, Rusiya olmadığı üçün çempionluq qazanıb” – MÜSAHİBƏ

Sharing is caring!


Sərbəst güləş üzrə Azərbaycan millisi 17-23 apreldə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunacaq Avropa çempionatına hazırlığını Bakıda davam etdirir.

Yığmanın qitə birinciliyində ən böyük ümidlərindən biri Əliabbas Rzazadə olacaq.

57 kq çəkidə çıxış edən pəhləvan fevralda məhz Zaqrebdəki beynəlxalq turnirdə qazandığı çempionluğu təkrarlamaq niyyətindədir.

2022-ci ildə Macarıstandakı Avropa çempionatını gümüş medalla başa vuran 25 yaşlı güləşçi artıq bunu qızıla çevirməyi qarşısına məqsəd qoyub.

“Report”un suallarını cavablandıran Əliabbas Rzazadə Avropa çempionluğu hədəfi ilə yanaşı, dünya çempionatı və olimpiada ilə bağlı da iddialı fikirlər səsləndirib.

– Avropa çempionatına hazırlıq necə gedir?

– Avropa çempionatına Bakıda hazırlaşırıq, təlim-məşq toplanışımız davam edir. Bir müddət əvvəl Mahaçqalada toplanışda idik. Ardından Bakıda fiziki hazırlıq üzərində çalışdıq. Komandanın həm əhvali-ruhiyyəsi, həm də qitə birinciliyinə hazırlıq səviyyəsi çox yüksəkdir. İnanıram ki, ötən il olduğu kimi, bu il də Avropa çempionu olacağıq.

– Fevralda “Zaqreb Open”in qalibi olmuşdunuz. Eyni uğuru daha mötəbər yarış olan Avropa çempionatında təkrarlamaq şansınızı necə görürsünüz?

– Qitə birinciliyi də eyni şəhərdə və eyni zalda olacaq. Xorvatiyaya ancaq qızıl medal qazanmaq üçün gedirəm. Avropa çempionu olmaqdan ötrü əlimdən gələni artıqlaması ilə edəcəyəm. Karyeramda ilk Avropa çempionluğunu qazanmaq istəyirəm. Məşqçilərin və milli üzvlərinin mənə ümidləri böyükdür. Bu etimadı doğrultmağa çalışacağam.

– 2022-ci ildə Avropa çempionatında gümüş medal qazanmışdınız. Eyni nəticəni təkrarlasanız, bunu uğur hesab edəcəksiniz?

– Avropa çempionatında medal qazanmaq istənilən halda böyük uğurdur. Lakin mənim belə bir uğurum olduğu üçün bu dəfə qızıl medal əldə etmək barədə düşünürəm. Yeganə hədəfim də budur. Fikrimcə, bu dəfə məqsədə çatmağa çox yaxınam.

– Ötənilki qitə birinciliyinin finalında məğlub olduğunuz Şimali makedoniyalı Vladimir Yeqorovla yenidən həlledici görüşdə üz-üzə gəlib, ondan revanş almaq istəyərdinizmi?

– Bəli, bunu çox istəyərdim. Yeqorov revanş almaq istədiyim rəqiblərimdən biridir. Əslində, keçən il qalib gəlmişdim, ancaq hakim haqsızlığına görə məğlub sayıldım. Həmin görüşün hakimlərinin hamısı yarışdan kənarlaşdırıldı. Yeqorovla üz-üzə gəlib, ondan revanş almaq istəyirəm. Dünya çempionatında Çin idmançısına məğlub olmuşdum. Fevraldakı “Zaqreb Open”də ona böyük üstünlüklə qalib gəldim. Növbəti revanş üçün də Şimali Makedoniya güləşçisi ilə görüşmək istəyirəm.

– Millinin lideri Hacı Əliyev “Report”a müsahibəsində bildirib ki, Avropa çempionatında sizdən qızıl medal gözləyir. Bu amil üzərinizdə təzyiq yaratmır?

– Hacı Əliyev komandamızın kapitanıdır və yarışa 70 kq çəki dərəcəsində qatılacaq. Çəkisini artırmasına baxmayaraq, hamımız ondan qızıl medal gözləyirik. Məncə, Hacı dördüncü dəfə Avropa çempionu olacaq. Ümidlərimiz böyükdür. Mən də onun dediklərini doğrultmağa, qitə çempionu olmağa çalışacağam. Onun fikirləri mənə əlavə stimul verir.

– Rusiya millisinin iştirak etmədiyini nəzərə alsaq, komanda hesabında ötənilki Avropa çempionluğu uğurunu təkrarlamaq şansınızı necə dəyərləndirirsiniz?

– Düşünürəm ki, bu il də Avropa çempionu ola bilərik. Komandamız barədə yüksək fikirdəyəm. Razıyam ki, rusların olmaması bəzi çəkilərdə öz sözünü deyir. Ancaq ruslar yarışanda da güləşçilərimiz çempion olmağı bacarıblar. Üz-üzə gəldiyimiz idmançılar onlardan heç də geri qalmırlar. Onu da qeyd edim ki, bir çox yığma rusiyalı güləşçiləri transfer edib. Məncə, Avropa çempionatı hələ də digər qitələrin yarışlarından güclüdür. Rusiya millisi, ola bilsin ki, qarşıdakı dünya çempionatına, olimpiadaya qatılacaq. İstəmərəm, kimsə gələcəkdə desin ki, Rusiya olmadığı üçün Əliabbas Avropa, dünya və ya olimpiya çempionu olub. Bütün idmançıların yarışlara qatılmasını arzulayıram ki, onların arasında çempionluq qazanım.

– Sərbəst güləşdə uzun illər əsas yükü məhz Hacı Əliyev daşıyıb. Hazırda isə 32 yaşı var və bu o deməkdir ki, yaxın gələcəkdə milliyə yeni lider lazım olacaq. Onun yerini tutmağa hazırsınız?

– Hacı Əliyev hələ olimpiadaya qədər bizə lazımdır. Parisdəki olimpiadadan sonra karyerası ilə bağlı qərarını verəcək. Güləşin ona olimpiya çempionluğu borcu var. Biz də Hacı Əliyevin, Cəbrayıl Həsənovun davamçılarıyıq. Düşünürəm ki, Hacıdan sonra lider olacağam. Onların əldə etdikləri uğuru təkrarlamağa çalışacağam ki, məndən sonra gələn nəsil də mənim nailiyyətlərimi təkrarlamaq istəsin. Hacı Əliyev, Cəbrayıl Həsənov, Namiq Abdullayev bizim kumirlərimizdir.

– Millinin baş məşqçisi postunda Namiq Abdullayevi Xetaq Qazyumov əvəzlədi. Avropa çempionatı ərəfəsində bu dəyişikliyin nə kimi təsiri ola bilər?

– Xetaq Qazyumovun təyinatı federasiyanın qərarıdır, buna hansısa şərh verə bilmərik. Məşqlərimiz çox yaxşı gedir. Namiq Abdullayevin vaxtında da komandamız Avropa çempionu oldu. Bunda onun zəhməti danılmazdır. Yeni məşqçi korpusunun rəhbərliyi altında hazırlıqlar yüksək səviyyədə davam edir. Məşqçilərin həm mənə, həm də ümumi komandaya ümidləri böyükdür. Hesab edirəm ki, hər şey yaxşılığa doğru gedəcək və daha uğurlu nəticələr əldə edəcəyik.

– Yeni gələn baş məşqçi, adətən, idmançılarla fərdi söhbətlər edir. Xetaq Qazyumovun sizdən gözləntiləri nələrdir?

– Bəli, söhbətimiz olub. Mənə güvəndiklərini, qızıl medal gözlədiklərini deyiblər. Onların bu etimadını doğrultmağa çalışacağam. Bütün gücümlə əlimdən gələni edəcəyəm ki, həm məşqçilərimi, həm valideynimi, həm uğurumu arzulayan hər kəsi öz qələbəmlə sevindirim.

– Ümumiyyətlə, 2023-cü illə bağlı hədəfləriniz nələrdir?

– İlə necə başlamışamsa, elə də yekunlaşdırmaq istəyirəm. Uğurlu start götürdüm. Avropa çempionatına da ümidlər böyükdür. Qarşıda reytinq turnirləri və dünya çempionatı olacaq. Serbiyada baş tutacaq dünya çempionatı Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Əsas məqsədimiz olan olimpiadaya lisenziya qazanmaq üçün nə lazımdırsa, edəcəyik.

– Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı xəyalınız, yəqin ki, çempionluqdur…

– Güləşə başladığım ilk gündən özümə söz vermişəm ki, olimpiya çempionluğunu qazanacağam. Çünki Azərbaycanda olimpiya çempionu barmaqla sayılacaq qədərdir. Mənim də adımın onların sırasına düşməsini arzulayıram. Qismətimdə varsa, istəyimə çatacağam. Olimpiya çempionluğu hər bir idmançının arzusudur. Paris Olimpiadasında himnimizi səsləndirmək həyatda ən böyük arzularımdan biridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir