Müsahibə

Qreq Saymons: “Türkiyənin danışıqlarda son dərəcə güclü mövqeyi var” – İSVEÇDƏN MÜSAHİBƏ

Sharing is caring!


Uzun müddət NATO-ya üzvlüyünü İsveçlə sinxronlaşdırmağa çalışan Finlandiya bu ideyadan vaz keçdi. Bunun ardınca Macarıstan və Türkiyə parlamentləri Helsinkinin Şimali Atlantika Alyansında iştirak ərizəsini təsdiqlədilər. Ankara və Budapeşt yaxın vaxtlara qədər Finlandiya və İsveçin NATO-ya qəbul qərarını gecikdirən yeganə üzv olaraq qaldılar.

Qaldı İsveç. Bu ölkə isə Türkiyənin hələ çox sualına cavab verməyib. İsveç “Türkiyə siyahısı”ndan olan şübhəlilərin, Türkiyədə ekstremizmdə ittiham olunan şəxslərin ekstradisiyasından imtinaya davam edir. Söhbət ilk növbədə Kürdüstan Fəhlə Partiyasının (PKK) fəallarından və FETÖ təşkilatının tərəfdarlarından gedir.

İsveçli analitik, professor, Uppsala Universitetinin Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun (IRES) elmi əməkdaşı Qreq Saymons vəziyyəti Oxu.Az-a şərh edib.

– Ankaranın Finlandiyanın müraciətinə razılıq verməsini bir növ Türkiyədə may ayında keçiriləcək prezident və parlament seçkiləri ilə bağlamaq olar?

– Xeyr, düşünmürəm ki, Türkiyənin bu jesti qarşıdan gələn seçkilərlə bağlı ola. Bu, Türkiyənin Finlandiyaya olan xoş niyyətinin təzahürü kimi qiymətləndirilə bilər. Eyni zamanda, Finlandiya ilə Türkiyə arasında münasibətlərin mürəkkəblik dərəcəsi İsveçlə müqayisədə daha azdır. Bundan əlavə, indi Türkiyə Finlandiyaya bu güzəşti etməklə İsveçə qarşı əlavə danışıqlar imkanları əldə edir ki, o, Türkiyə tərəfinə lazımi güzəştləri etsin.

– Bəs İsveçi nə gözləyir? Türkiyə onun NATO-ya üzv olmaq üçün müraciətini təsdiq edəcəkmi?

– İsveç artıq onilliklərdir ki, Türkiyəyə qarşı kifayət qədər didaktik və hətta təkəbbürlü münasibət sərgiləyir. Stokholmda şişirdilmiş özünəhörmət hissi var. Burada NATO üzvlüyünə layiq olduqlarını hesab etdilər və buna görə də bu yaxınlarda İsveç müstəsnalığı ideyasını qorumaq və Qərb qlobal liberalizminə və onun institutlarına tam inteqrasiya etmək ambisiyalarından əl çəkdilər. Eyni zamanda, NATO İsveçin qoşulmağa qərar verdiyi Avro-Atlantik təşkilatların sonuncusu oldu. Nəticə etibarı ilə Türkiyənin danışıqlarda son dərəcə güclü mövqeyi var. Bundan əlavə, Ankaranın vaxtı var, ona görə də İsveç bu asimmetriyanın “səhv”, zəif tərəfindədir.

– Bəs Finlandiya NATO-ya daxil olduqdan sonra dünyada geosiyasi uyğunlaşma necə dəyişir? Axı bu ölkənin Rusiya ilə 1000 km-dən çox quru sərhədi var.

– Finlandiya NATO-ya daxil olmaqla, həqiqətən də, Şimali Atlantika Alyansına Rusiya ilə böyük quru sərhədi verir. Əslində bu, Finlandiya üçün milli təhlükəsizlik problemidir, çünki bir tərəfdən, o, qeyri-sabit vaxtlarda geosiyasət obyektinə, digər tərəfdən isə NATO ilə müharibə olacağı təqdirdə Rusiyanın hədəfinə çevrilir. Helsinki Moskva ilə “soyuq dostluğu”nu Rusiya Federasiyasının düşməni statusuna dəyişir, bu, göz qabağındadır.

– Təbii ki, Cənubi Qafqazdakı vəziyyət barədə soruşmaya bilmərəm. Ankaranın Helsinkinin NATO-ya üzvlük ərizəsini təsdiqləməsi Rusiya ilə Türkiyə arasında münasibətləri və qarşılıqlı anlaşmanı pisləşdirə bilərmi? Bu, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin olduğu bölgəmizə necə təsir edəcək?

– Düşünmürəm ki, Ankaranın Helsinkinin NATO-ya daxil olmasına razılıq verməsi Türkiyə ilə Rusiya arasında münasibətləri kökündən dəyişəcək və müvafiq olaraq, bu, Cənubi Qafqaz üçün nəticələrə gətirib çıxarmayacaq. Əsas səbəb həm Türkiyə, həm də Rusiyanın praqmatik olmaları və çoxqütblü dünyaya köklənmələridir. Ölkələr arasında müəyyən razılaşmaların olması və qarşılıqlı məqbul mübadilənin yaradılması istisna deyil. Beynəlxalq münasibətlərdə və geosiyasətdə iki ölkənin nəinki əməkdaşlıq, hətta məsələn, Liviya və Suriyadakı kimi mübahisə etdikləri hallar var. Bununla belə, onların hər ikisi funksional olaraq əlaqə saxlayır.

Əksi səsləndirilən müxtəlif proqnozlara baxmayaraq, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsinin Türkiyə ilə Rusiya arasında münasibətlərin dinamikasını əsaslı şəkildə dəyişmədiyini xatırlamaq olar.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir