Müsahibə

Dmitri Solonnikov: “Aİ və Fransa Ermənistan vasitəsilə Cənubi Qafqaza daxil olmaq istəyirlər” – MÜSAHİBƏ

Sharing is caring!

Dünən, fevralın 20-də Ermənistanda ATƏT-in (EUMA) uzunmüddətli “mülki missiyası” öz işinə başlayıb. Onlar dəfələrlə xəbər verildiyi kimi, Ermənistan-Azərbaycan sərhədində monitorinq aparacaqlar. Moskva artıq bəyan edib ki, Aİ-nin Ermənistandakı missiyası Rusiyanı regiondan sıxışdırmaq cəhdidir.

Bir neçə gün əvvəl isə Fransa Prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransındakı çıxışında, əslində Paris və İrəvanı Moskvaya qarşı çıxarmışdı. O, Rusiyanı Cənubi Qafqazda təxribat və sabitliyi pozmaqda günahlandırdı, sonra bildirdi:

“İndicə təsvir etdiyim neokolonial Rusiyanın Qafqazdakı çətinliklərin öhdəsindən gələ biləcəyinə necə inanmaq olar? Mən bunu dəstəkləməyə və əməkdaşlığa davam edəcəyimiz dostum, Baş nazir Nikol Paşinyanın yanında deyirəm”.

Öz növbəsində Ermənistanda olmuş Fransanın keçmiş baş naziri Eduard Filip qeyd edib ki, hazırda o, rahatdır, çünki Aİ missiyası Ermənistanda yerləşdirilir.

Oxu.Az rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikovdan vəziyyətə şərh verməyi xahiş edib:

– Biz Avropa İttifaqının və ilk növbədə Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqaza daxil olmasının ardıcıl siyasətini görürük. Fransa Afrikada geosiyasi rəqabətdə bərk uduzur, məlumdur ki, bir sıra Afrika ölkələri artıq Parislə əməkdaşlıqdan imtina ediblər, fransız kontingentləri oradan çıxarılır. Əvvəllər isə “Fransız Afrikası” Fransanın dünya hegemonluğunun təzahürü idi. Bütün qitəni itirən fransızlar, ümumiyyətlə, heç vaxt mövcud olmadığı bölgəyə girməyə və geri qazanmağa çalışırlar.

Sirr deyil ki, Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan Qərb, o cümlədən ABŞ tərəfindən maliyyələşdirilən müxtəlif qeyri-kommersiya təşkilatları (QHT), medianın dəstəyi sayəsində hakimiyyətə gəlib. Dünyadakı ən böyük Amerika səfirliyi İrəvanda yerləşir. Paşinyanın gəlişi Ermənistanı postsovet məkanından, KTMT-dən, Aİİ-dən ayırmaq üçün uzunmüddətli oyunun nəticəsi idi. Bunu dərhal etmək mümkün deyildi.

Əgər Paşinyan hakimiyyətə gələndən dərhal sonra bəyan etsəydi ki, Rusiya Ermənistanın düşmənidir, biz indi yalnız Avropa (Fransa) və ABŞ ilə münasibətlər quracağıq, o zaman o, tez bir zamanda devrilərdi, çünki Ermənistanda o vaxt rusiyayönlü əhvali-ruhiyyə var idi. Amma sonra yenidən formatlaşdırılması konveyerə qoyuldu; Qərb siyasi texnoloqları necə işləməyi bilirlər. Neçə illərdir Ermənistanın yolunun başqa olması, Rusiyanın isə şər qüvvəsi kimi təbliğatı aparılır. Amma bugünkü Ermənistan – əvvəlcə Rusiya imperiyası, sonra isə Sovet İttifaqı tərəfindən yaradılan dövlət-texnoloji quruluşdur.

Bu süni konfiqurasiyadır. Amma indi Ermənistan üçün Rusiya imperiyası da, SSRİ də, dediyim kimi, şərdir. Bu ideologiya bir neçə ildir ki, erməni cəmiyyətinə təlqin edilir. İndi də Paşinyan Avropa İttifaqı və ABŞ-ın xeyrinə Ermənistanı Rusiyadan ayırmaq kimi açıq siyasət apara bilər ki, bunu da tədricən edir. Hər şey, xüsusən də Rusiya xarici siyasətinin başqa istiqaməti ilə daha çox fəal məşğul olduğu indiki şəraitdə məntiqlidir. Ermənistan da, Makron da bundan istifadə edir.

– Bəs Fransa və Avropa İttifaqı, sizcə, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına, sülh müqaviləsinin imzalanmasına hansısa şəkildə kömək edə bilər?

– Düşünmürəm. Praktiki faydası olmayacaq və biz bunu ATƏT-in Minsk qrupunda gördük – Fransa həmsədr idi və onun iştirakı razılaşmaların əldə olunmasına mane olurdu. Əslində, Avropa bu vəziyyətdə gərginlik nöqtəsi yaradılması, sonra isə münaqişənin onilliklər ərzində həll olunmaması kimi sübut olunmuş strategiyadan istifadə edir. Bu, klassik Avropa siyasətidir.

– Amma Fransa və Avropa eyni şey deyil? Aİ daxilində çoxlu ziddiyyətlər var və bu, sirr deyil…

– Mən belə deyərdim: bütün Avropa ölkələri arasında ən böyük erməni lobbisi Fransadadır. Dünyada isə hələ ABŞ-də də nüfuzlu erməni icması var. Ona görə də Paris və Vaşinqton arasında ermənipərəst gündəmi geri qaytaracaq bir növ konsensusdan danışmaq olar. Avropanın digər ölkələrində, bütövlükdə Qərbdə erməni lobbisinin təsiri nəzərəçarpacaq dərəcədə azdır, ona görə də onlar Ermənistan-Azərbaycan nizamlanmasında o qədər də maraqlı deyillər, lakin Fransa və ABŞ-yə qarşı da çıxmayacaqlar.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir