Müsahibə

Zəlzələdən sonra doğulan körpə qıza adı verilən Elvin İsazadə: “Dörd gün stres yaşadıq” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

İki zəlzələ nəticəsində ölənlərin sayı 38 mini keçib.

Həmin zaman zəlzələ bölgəsində hamilə qadın da dağıntılar altında qalıb. Daha sonra o, xilas edilərək xəstəxanaya yerləşdirilib. Qadının doğumu azərbaycanlı həkim tərəfindən həyata keçirilib.

Ailə dünyaya gələn uşağına azərbaycanlı həkimin adını verib.

Sözügedən həkim Elvin İsazadə Oxu.Az-ın suallarını cavablayıb.

– Həkim, neçə ildir ki, Türkiyədə çalışırsınız?

– Mən beş il əvvəl Türkiyəyə uzmanlıq üçün gəlmişdim. Təhsilimi bitirdikdən sonra burada qalıb işlədim. Hazırda Ankara Tədris və Araşdırma Xəstəxanasında uzman cərrah kimi çalışıram.

– Zəlzələ zamanı hansı bölgəyə getdiniz?

– Baş verən təbii fəlakət günü mən və digər həkim yoldaşlarım Türkiyənin Adıyaman şəhərinə getdik. Biz çox çətin şəraitdə dağıntılar altından çıxarılan yaralılara kömək edirdik. Yardımı da elə dağılmış xəstəxanada göstərirdik. 

– Sosial şəbəkələrdə zəlzələdən sonra bir körpənin doğulduğu və sizin adınızın ona verilməsi barədə məlumatlar paylaşıldı.

– Bəli. Zəlzələdə zərər görən hamilə qadın dağıntılar altından çıxarılmışdı. Mən dörd gün onu müayinə etdim, səhhətini izlədim. Daha sonra körpə sağlam şəkildə dünyaya gəldi. Dörd günlük yuxusuzluq, yorğunluq və stresdən sonra bu duyğunun necə gözəl olduğunu izah edə bilmirəm.

– Ailənin uşağa sizin adınızı vermək istəməsini necə qarşıladınız? Bu barədə sizinlə məsləhətləşdilərmi, yoxsa sonradan xəbəriniz oldu?

– Yox. Ailə mənimlə məsləhətləşmədi. Sadəcə, mənə: “Körpəmizə sizin adınızı vermək istəyirik”, – dedilər. Mənim üçün bu addım xoş idi və təklifi qəbul etdim. Allah körpə qız balamıza gözəl həyat nəsib eləsin.

– Hazırda ailə hansı şəraitdədir?

– Ailə indi ev şəraitində yaşayır. Uşağın və ananın vəziyyəti yaxşıdır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir