Müsahibə

“Qarabağ” reqbi klubunun təsisçisi: “Əsas çətinliyimiz təhsil sistemi ilə bağlıdır” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

Reqbi üzrə Azərbaycan millisinin keçmiş oyunçusu Eldar Kərimov hazırda məşqçi kimi fəaliyyət göstərir.

27 yaşında bu idman növünə başlayan, qısa müddətdə Azərbaycan millisinə qədər yüksələn mütəxəssis daha sonra Vaqif Səadətxanın baş məşqçisi olduğu “Bakı” klubunda köməkçi qismində işə başlayıb.

O, 2015-ci ildə “Qarabağ” klubunu yaratmaq qərarına gəlib.

Bir ilə yaxındır Azərbaycan Reqbi Federasiyasının İnkişaf və Kütləvi İnformasiya Vasitələri üzrə vitse-prezidenti vəzifəsini icra edən Eldar Kərimov “Report”un suallarını cavablandırıb:

– Reqbiyə gec gəlməyinizin səbəbi nədir?

– Bir müddət “Kaspi” qəzetində idman jurnalisti kimi fəaliyyət göstərirdim. O vaxt reqbi üzrə yığma komandamız Bakıda Bosniya və Herseqovina ilə qarşılaşmalı idi. İdman şöbəsinin müdiri Elmir Əliyev mənə həmin görüşdən reportaj hazırlamağı tapşırdı. Ona qədər Azərbaycanda reqbinin varlığından, ümumiyyətlə, bu idman növünün necə oynanıldığından xəbərsiz idim. Material hazırlayarkən məlumat topladım. Bir müddət sonra bank sektorunda çalışmağa başladım. Amma reqbi o qədər diqqətimi çəkmişdi ki, maraqla izləməkdə davam edirdim. İşlədiyim bankda bir əməkdaş reqbi üzrə Azərbaycan millisinin üzvü idi. O mənə dedi ki, istədiyin vaxt bizim komandaya qoşula bilərsən. Cəhd etdim, “Bakı”nın heyətində Gürcüstan və Rusiya komandalarına qarşı oynadım. Sonradan əsas milliyə cəlb olundum, Türkiyə və Slovakiya seçmələri ilə görüşdə iştirak etdim. Sadəcə, əvvəlki dövrlərdən belimdə olan zədə daha da ağırlaşdığı üçün oynamağın mümkün olmayacağını gördüm.

– Eyni zamanda, “Qarabağ” reqbi klubunun təsisçisisiniz. Bu klubu necə ayaqda saxlayırsınız?

– Klub yaranandan bəri mən və məşqçimiz Nizami Mahmudov xərcləri şəxsi vəsaitimiz əsasında qarşılayırıq. Həmçinin, bir çox təşkilatlara müraciət edirdik. Hər il 1-2 şirkət topların, məşq ləvazimatlarının alınmasında, Bakıda beynəlxalq turnirlərin təşkilində bizə müəyyən qədər kömək edirdi. Bu vəsait elə də yüksək olmadığı üçün xərcləri əsasən öz əməkhaqlarımızın bir hissəsi ilə qarşılayırıq. Reqbi bizim üçün qazanc mənbəyi deyil.

– Başqa hansı sahədə çalışırsınız?

– Əsas peşəm iqtisadçıdır, uzun müddət bank sahəsində çalışmışam. İşsiz olduğum dövrdə taksi fəaliyyəti göstərmişəm, bir müddət ABŞ səfirliyində mühafizəçi olmuşam.

– Maliyyə durumunun yaxşılaşması, dövlət tərəfindən diqqət görmək üçün Gənclər və İdman Nazirliyinə hansısa müraciətiniz olub?

– Başa düşürük ki, Gənclər və İdman Nazirliyinin əsas işi milli komandalarladır. Klub kimi heç vaxt nazirliyə və ya hansısa dövlət təşkilatına müraciət etməmişik. Federasiya olaraq bir ilə yaxındır ki, Gənclər və İdman Nazirliyinə müraciət etmişik. Nazirlikdə rəhbər dəyişikliyinin ardından bir çox federasiyalarda islahatlar aparıldı. Bildiyim qədəri ilə, yeganə federasiya Reqbi Federasiyasıdır ki, taleyi hələ də qeyri-müəyyəndir. Akkreditasiya prosesi bitmək bilmir. Həm yazılı, həm də şifahi şəkildə bir neçə dəfə müraciət etmişik. Cavablarında bildiriblər ki, müəyyən problemlər var, həll olunacaq. Amma akkreditasiyadan keçə bilmədiyimiz üçün tam olaraq fəaliyyətimizi davam etdirə bilmirik. Sponsorluqlar, müəyyən layihələr üçün müqavilə imzalanmalıdır. Bundan ötrü möhür olmalıdır. Ancaq möhür bizdə deyil.

– Azərbaycanda reqbini inkişaf etdirmək üçün şərait var?

– Bunun üçün ilk növbədə bu idman növü populyarlaşmalıdır. Bunlar da maliyyə dəstəyindən asılıdır. Şirkətlər qeyri-populyar olan idman növünə elə də maraq göstərmirlər. “Qarabağ” reqbi klubunu yaratmağımızda da əsas məqsəd o idi ki, yeniyetmələri bura cəlb edək, hansısa nəticə ortaya qoyaq. Yalnız bu nəticədən sonra böyük təşkilatlara müraciət etmək olar. Azərbaycanda reqbi stadionları yoxdur. Bunu bir kənara qoyaq, indi ayrı-ayrı şəxslərin bizə qarşı jesti sayəsində məşqlər edirik. Məsələn, “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyevə müraciət etmişdik, bizə oradakı stadionda məşq keçməyə şərait yaratdı. “Qarabağ” reqbi klubunun Sumqayıt komandası həmin stadionda məşqlərini davam etdirir. Eyni zamanda, “ASK Arena”nı uzun illərdir Azərbaycan reqbiçilərinin evi saymaq olar. “İnter”in keçmiş prezidenti Georgi Nikolovun sərəncamı ilə həmin vaxtdan bəri həftədə iki dəfə orada ödənişsiz məşq keçirik. Bölgələrdə də klublar var. Şamaxı Olimpiya Kompleksi reqbi komandası yaradıb, həmçinin, “Qəbələ” İdman Klubunda reqbi dərnəyi var. Yəni komandalar yerlərdə özlərinə məskən tapırlar. Amma hansısa stadionun reqbiçilərin ixtiyarına verilməsi ən yaxşı variant olar.

– Bu ilin əvvəllərində Reqbi Federasiyası ilə AFFA rəhbərliyi arasında görüş keçirilib. Futbol klublarının reqbi komandaları yaratması və Azərbaycan çempionatı təşkil edilməsi variantına necə baxarsınız?

– Həmin vaxt Reqbi Federasiyası başqa insanların rəhbərliyi altında fəaliyyət göstərirdi. AFFA ilə fevraldakı görüşdə nələrin danışıldığından xəbərimiz yoxdur. Futbol klublarının nəzdində reqbi komandalarının yaradılması ideal variant olardı. Futbol klublarının buna necə yanaşacağını bilmirəm. Çünki özlərinin futbol üçün nəzərdə tutulan büdcələri var. Alınsa, əlbəttə ki, çox gözəl olar.

– Hazırkı rəhbərlik əməkdaşlığın davamı üçün AFFA ilə əlaqə saxlamayıb?

– Açığı, bizim digər assosiasiyalarla əlaqəmiz olmayıb. Çünki federasiya olaraq hələ havadayıq, nazirlik tərəfindən təsdiq olunmamışıq. Bu üzdən heç kimə rəsmi müraciət edə bilmirik. Nazirlikdən deyirlər ki, hər şey yaxşı olacaq, ancaq bir ilə yaxındır məlumat verilmir. Akkreditasiyanın gecikməsinin səbəbini də bilmirik. Reallaşdırmaq istədiyimiz bir çox layihələrimiz var. Buna görə də nazirliyin təsdiqini gözləyirik.

– Normal səviyyədə reqbi komandası saxlamaq üçün illik büdcə təxminən nə qədər olmalıdır?

– Ən ideal variantı götürsək, uşaq komandasının bütün yarışlarda iştirakı üçün səfər xərcləri də daxil olmaqla illik təxminən 40 000 – 50 000 manat civarında vəsait kifayət edər. Hazırda sərhədlər bağlıdır. Maliyyə dəstəyi olmadığından, təyyarə ilə getmək də mümkün deyil. Gürcüstan reqbisi hazırda Avropada 6-7-ci yerlərdədir. Onlarla çox effektli əlaqələrimiz var. Birgə uğurlu layihələr həyata keçirə bilərik. Bunun üçün sərhədlərin açılmasını gözləyirik.

– Etiraf edək ki, bu idman növü ölkəmizdə heç də hər kəs tərəfindən qəbul olunmur. Maraqlıdır, valideynlər övladlarının reqbi ilə məşğul olmalarına necə yanaşırlar və uşaqlarda maraq hansı səviyyədədir?

– Uşaqların marağı çox yüksəkdir. Çünki reqbi unikal idman növüdür. Fiziki güc və iradə tələb edir. Bizim uşaqlar da güləşməyi, fiziki mübarizəni çox sevirlər. Eyni zamanda, komanda idman növüdür və topla oynanılır. Yəni, reqbidə bir çox idman növünün elementləri cəmləşib. Uşaqların 90 faizi gəlib 1-2 məşqdə iştirak etdikdən sonra bu idman növünü davam etdirir. Lakin valideynlərlə bağlı çətinlik çəkirik. Onlar məşqləri görmədən düşünürlər ki, təhlükəli, zədəyəmeyilli idman növüdür. Halbuki reqbidə zədə böyük futbolla müqayisədə qat-qat azdır. Reqbidə ayaq təması yoxdur, burada əsas məqam güləş fəndi ilə oyunçunu saxlamaqdır. Əzilmələr ola bilər. Amma unutmayaq ki, uşaqlar əzilə-əzilə böyüyürlər. Klub 7 ildir fəaliyyət göstərir. Bu müddətdə cəmi bir uşağın qolu sınıb. Bu da reqbinin təsirindən olmamışdı. Çəkisi çox idi, qolunun üstünə yıxılmışdı.

– Azərbaycan fərdi idman növlərində daha uğurlu görünür. Futbol, voleybol, basketbol, həndbol kimi kollektiv idman növlərinin aşağı səviyyədə olduğu halda reqbini populyarlaşdırmaq nə dərəcədə real görünür?

– Məncə, tam realdır. Düzdür, millət olaraq fərdi idman növlərini sevirik. Komanda idman növlərində də görürük ki, hansısa oyunçu fərdi nəsə eləməyə çalışır. Reqbidə texnikan nə qədər yüksək olsa da, təkbaşına heç nə edə bilməzsən. Uşaqlara bu nüansları aşılamağa çalışırıq. Onlar başa düşürlər ki, burada topu götürüb təkbaşına heç nə edə bilməzlər. Bir müqayisə aparım. Azərbaycan komandaları həftədə bir, Gürcüstan klubları isə beş dəfə məşq keçirlər. Ardıcıl iki il oradakı yarışlarda iştirak etmişik. Düzdür, əksər matçlarda məğlub olmuşuq. Bu da oyun praktikasının olmamasından qaynaqlanırdı. Buna baxmayaraq, onlara qarşı başabaş mübarizə apara bilirdik. Ölkəmizdə reqbi çox perspektivli, eyni zamanda, olimpiya idman növüdür. Minimal şərait yaradılsa, rahatlıqla yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdıra bilərik.

– Reqbidə dözümlülük, fiziki güc əsas tələblər arasındadır. Azərbaycanda bu kriteriyalara uyğun uşaqlar tapmaq çətin deyil?

– Reqbidə hər mövqenin öz rolu var. Futbolda 4 müdafiəçi olursa, reqbidə hər kəs fərqli funksiya yerinə yetirir. Bu gün komandamızda hər mövqe üzrə öz işini layiqincə görməyi bacaran oyunçular tapırıq. Elə uşaqlar var ki, reqbi onlara uyğun deyil. Ancaq heç vaxt demərik ki, bu idman növünə gəlmə. Çünki həvəsi varsa, məşğul olmalıdır. Müəyyən müddətdən sonra həmin uşaqda “partlayış” baş verə bilər. Azərbaycanda bu idman növünə yararlı kifayət qədər uşaq tapmaq olar.

– Yaxşı reqbiçi yetişdirmək üçün güclü məşqçilər də lazımdır. Azərbaycanda yetərincə məşqçi var?

– Ölkəmizdə kifayət qədər beynəlxalq sertifikatı olan məşqçilər var. Bir neçə il əvvəl Gürcüstan Reqbi Akademiyası Azərbaycandakı məşqçilərə seminar keçdilər və 10-a yaxın gənc mütəxəssis sertifikata layiq görüldü. Əgər şərait yaradılsa, mütləq Gürcüstanın təcrübəsindən burada yararlanmağa çalışacağıq. Bunun üçün Gürcüstandan güclü məşqçi gətirməliyik. O, inkişaf yolunu göstərməklə yanaşı, yerli mütəxəssislərin püxtələşməsinə də kömək olacaq. Gürcülər özləri də etiraf edirlər ki, bizim 30 ilə keçdiyimiz yolu azərbaycanlılar 10 ilə qət edə bilərlər. Çünki onlar səhv edə-edə bu səviyyəyə gəliblər. Biz isə onların sayəsində çox şeyi bilirik.

Azərbaycanda reqbinin güclü olması gürcülərin də marağındadır. Çünki belə də bölgədə güclü rəqibləri olar.

– Reqbini ölkəmizdə ən sevimli idman növləri sırasına qatmaq üçün həlli vacib olan əsas problemlər nələrdir?

– Əsas çətinliyimiz təhsil sistemi ilə bağlıdır. Ümid edirəm ki, Təhsil Nazirliyi bizə yardımçı olar. Məktəblərdə uşaqları bu idman növünə cəlb etmək istəyirik. Müraciət ünvanlasaq da, hələ cavab almamışıq. Hələlik, məktəblərə girişimiz mümkün deyil. Etiraf edək ki, reqbini insanların çoxu tanımır. Bir neçə dəfə maraq yaratmaq üçün parklarda məşqlər keçdik. Görürdük ki, oradan keçən insanlar maraqla izləyirlər, yaxınlaşıb suallar verirlər. Onları ilk növbədə topun forması təəccübləndirirdi. İlk növbədə populyarlaşmağa ehtiyac var. Bunun üçün piar layihələr olmalıdır. Yenə də hər şey maliyyə dəstəyinə gəlib çıxır. Bu isə federasiyanın akkreditasiya almasından asılıdır. Hazırda ən böyük problemimiz məhz akkreditasiyadan keçməməyimizdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir