Müsahibə

Əfran İsmayılov: “Tərlan Əhmədov hamıdan pul yığır” – MÜSAHİBƏ

Sharing is caring!

“15 yaşlı uşağın telefonundan azan səsi gəlmişdi, onu 50 manat cərimələmişdi. Kimsə iclasa 30 saniyə gecikirsə, 100 manat cərimə yazır”.

Bunu Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov sportinfo.az saytına müsahibəsində bir müddət əvvəl oynadığı “Kəpəz” klubunun baş məşqçisi Tərlan Əhmədovla aralarında olan qalmaqaldan danışarkən bildirib.

Müsahibəni təqdim edirik:

– Pulu kim(lər)dən yığırdı ki?

– Əslində, hər klubda olduğu kimi, “Kəpəz”də də İntizam Kodeksi var. Qaydalara əməl etməyənlərə pul cəriməsi kəsilir. Həmin cərimələr maaşdan tutulur və klubun büdcəsinə daxil olur, yaxud ümumi planda nəyəsə xərclənir. Hər yerdə belə görmüşəm. Amma bu adam özündən yeni metod yaradıb.

– Nə metodudur elə?

– Kodeksdən kənar pullar yığır. Birindən 20 manat, o birindən 50 manat. Axırda komandaya 200-300 manatlıq qonaqlıq verir, qalanını qatlayıb qoyur cibinə.

– Bəs futbolçular bunu görmürlər? Pulu nə deyib yığır?

– Baş məşqçidir, deyir, cərimələyirəm. Kimdəsə nəsə görən kimi cərimə kəsir. Məsələn, 15 yaşlı uşağın telefonundan azan səsi gəlmişdi, onu 50 manat cərimələmişdi. Kimsə iclasa 30 saniyə gecikirsə, 100 manat cərimə yazır. Lazımsız və qəribə yanaşması var.

– İlqar Nadiri indiyə qədər bilmirdi bunu?

– İlqar müəllimin xəbəri yox idi. Özü də çaşıb qalıb ki, bu necə rahatlıqla belə hərəkət edirmiş. Lap tutaq ki, pulları kodeks adı ilə yığır. Bəs hara gedir o pullar? Niyə klub rəhbərinə təqdim etmir ki, büdcəyə əlavə olunsun? Təsəvvür edin, futbolçulardan cərimə pulu yığır, amma heç kim bilmir ki, o pullar hara gedir.

– Nadiri klubdakı gələcək aqibətinizlə bağlı nə dedi?

– Dedi, sənin üçün ən yaxşısını etməyə çalışacağıq. Öz fikrimi də soruşdu, açığı.

– Nə dedin?

– Əsas komandaya qayıtsam, onunla yenə problem yaşayacağam. Onun tipini yaxşı bilirəm. Dizimə görə əvəzedici komandanın heyətində Birinci Divizionda da oynamaq çətindir. Çünki oradakı stadionların çoxu süni örtüklüdür, həm də yararsız vəziyyətdədir. “Kəpəz-2”də məşq edərəm, örtüyü yaxşı olan stadionlarda oynayaram. Elə stadionlar var ki, adı “sintetika”dır, özü beton. Məsələn, Şamaxı stadionunda könül rahatlığı ilə oynayaram. Bunları bildirdim. O da sağ olsun, anlayışla qarşıladı. Özü də idmançı olub, idmançını çox yaxşı başa düşür.

– Yəni qışdan sonra əvəzedici komandada oynamağa razısan.

– Klubla müqaviləm var. Oradan maaş alıram. Əsas komandada qalmıramsa, məcburən əvəzedici komandaya kömək etməliyəm. Bu, hər yerdə belədir. Futbolçu kimi üzərimə düşən işi görməliyəm ki, klub da şərtləri yerinə yetirsin.

– Tərlan Əhmədov sizi kənarlaşdırmaq istəyir ki, sizin aldığınız maaşla başqa futbolçuları cəlb etsin.

– Bilirəm, yaxşı bilirəm. Özünə də demişdim ki, sənin niyyətini bilirəm, amma onu görməyəcəksən. Onun mənə və bizə qarşı etdiyi hörmətsizlikdir. Bunun başqa adı yoxdur. Kimisə komandadan göndərmək istəyəndə belə, bunu normal qaydada edirlər, bu cür bəhanələrlə yox. Sözü var idi, gələrdi, normal söhbət edərdik, bəlkə, bir yol tapardıq.

– Baş məşqçinin sizi komandadan kənarlaşdırmasının arxasında nə dayanır?

– Rahat hərəkət edib istədiyini həyata keçirmək, pul yığmaq üçün komandada bizim kimi futbolçular olmamalıdır. Təcrübəli futbolçuların yanında bunu etmək olmur. Çünki onun kim olduğunu biz yaxşı bilirik. Yaxşı bilirdi ki, mən Tural Axundova pul verən deyiləm. Tural məndən heç vaxt pul ala bilməz.

– Ancaq gəncləri cərimələyirdi, yoxsa legionerləri də?

– Legionerləri də cərimə edirdi, ən çox onlardan alırdı. 50 manat, 100 manat. Onlar da bilmirdilər ki, nə məsələdir.

– “Sabah”la oyundan sonra təcrübəliləri komandadan kənarlaşdırmasını gələcəkdə gəncəli gənclərə şans verməsi ilə əlaqələndirmişdi. Həqiqətən, belədir?

– Boş söhbətdir. Hansı gəncəlini oynadır, ya da oynatmaq istəyir? Oynadan adam Əli Səmədovu oynadardı, ya da Tural Rzayevi. Birini əvəzediciyə göndərib, o biri ehtiyatda qalır. Hər ikisi istedadlıdır, Gəncənin sevilən futbolçularıdır. Boş-boş danışıb özünə xal yığır. İndi əlində futbolçu yoxdur deyə Ruslan Süleymanova şans verir. Sabah legioner gətirsin, görüm, Ruslana şans verəcək, ya yox. İndi gənclərin adını ortaya atmaqla öz aləmində Gəncədə xal yığır, hörmət qazanır. Bu variant köhnəlib e, qardaş. Hansı komandada nəticə yoxdursa, iki-üç cavanı atırlar ortaya ki, gəncləşdirmə siyasəti gedir, gənclərə şans verilir guya. Bəzi məşqçilərin taktikasıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir