Müsahibə

Samir Əliyev: “Frayburq”a asan olmayacaq” – MÜSAHİBƏ

Sharing is caring!

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk oyununu bu gün Almaniyada “Frayburq”a qarşı keçirəcək. Hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasını çalışdıran Samir Əliyev Sports.az saytına müsahibəsində vaxtilə digər klubların heyətində dəfələrlə qarşı-qarşıya gəldiyi “Qarabağ”ın qitəmiqyaslı turnirdəki şanslarını dəyərləndirib. 

43 yaşlı çalışdırıcı həm “Frayburq”la matçdakı şanslar barədə danışıb, həm də Azərbaycan çempionunun qrupdakı rəqibləri haqda fikirlərini bölüşüb. 

Həmin müsahibəni təqdim edirik:

– “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə start verir. “Frayburq”a qarşı Almaniyadakı ilk oyundan nə gözləyirsiniz? 

– Çətin oyun olacaq. Amma “Qarabağ”ın yetərincə avrokubok təcrübəsi var. Əlbəttə, Almaniya ilə Azərbaycan çempionatını eyni tərəziyə qoymaq düzgün deyil. Yenə də Azərbaycan çempionunun Almaniya klubu qarşısında oyununu izləmək maraqlı olacaq. Hər kəs düşünür ki, meydan sahibləri rahat qələbə qazanacaq. Ancaq “Frayburq”a asan olmayacaq. 

– “Frayburq”un indiki məqamda Bundesliqaya liderlik etməsi bugünkü matçın axarına təsir edə bilərmi? 

– “Qarabağ”ın kifayət qədər təcrübəsi var, “Çelsi”, “Tottenhem”, “Arsenal”, “İnter” kimi Avropa nəhəngləri ilə oynayıb. 

– “Qarabağ”ın yer aldığı qrup barədə düşüncələriniz nələrdir? 

– Heç də asan qrup deyil. “Olimpiakos” Yunanıstan çempionudur, heyəti və büdcəsi kifayət qədər yaxşıdır. Çempionlar Liqasında oynaya biləcək komandalardır. 

– Təmsilçimiz bu qrupda nəyə ümid edə bilər? 

– Şans həmişə var. Favorit “Frayburq”dur, çünki Almaniya Bundesliqasında iştirak edir. Üstəlik, hazırda turnir cədvəlinə də başçılıq edir. 

“Olimpiakos” da sıradan komanda deyil. Amma onların heç birinə “Qarabağ”a qarşı oynamaq rahat olmayacaq. Xüsusən də, Bakıda. İndiki məqamda proqnoz vermək çətindir. 

– İbrahima Vadjinin transfer dönəminin sonlarında getməsi “Qarabağ”ın hücum gücünü zəiflətməyəcək? 

– Vadjinin gedişindən sonra yeni hücumçu məsələsində vaxt azlığı oldu. Hətta alsalar belə, yeni gələn oyunçunun uyğunlaşmasını gözləmək lazım gələcəkdi. Belə rəqiblərə qarşı Vadjinin keyfiyyətlərindən istifadə etmək olardı. Amma bu öz futbolçularımız üçün şans yaradır. Ramil Şeydayev, Musa Qurbanlı var. Meydana çıxsalar, onlar üçün böyük təcrübə olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir