Müharibə

“Euronews” Azərbaycanda mina təhlükəsi haqqında süjet yayımladı: “Bu, böyük qlobal problemdir” – VİDEO

Sharing is caring!

“Beynəlxalq mina təhlükəsi məsələləri ilə bağlı maarifləndirilmə və minatəmizləmə fəaliyyətinə yardım Günü Bakının Olimpiya Stadionunda amputantlar arasında xeyriyyə futbol matçı ilə qeyd olunub. Oyunçuların əksəriyyəti minalardan yaralanıb”.

Bu barədə “Euronews” telekanalının “YouTube” hesabında yayımlanan Azərbaycanda və digər ölkələrdə mina təhlükəsinə həsr olunmuş süjetdə bildirilib.

“Bu gün biz minalara “yox” demək, insanları öz təhlükəsizlikləri üçün qadağan olunmuş ərazilərə daxil olmamaları barədə xəbərdar etmək və minaların təmizlənməsinin vacibliyini vurğulamaq üçün meydançaya çıxdıq”, – deyə aşağı ətrafları amputasiya olunmuş futbolçu Sənan Hacıyev qeyd edib.

Afrika minalardan ən çox təsirlənən qitə olsa da, Avropa da ciddi şəkildə minaların təsirinə məruz qalır. Hesablamalara görə, Azərbaycan, Bosniya və Herseqovina və Ukrayna ərazisinin üçdə biri minalanıb.

Xeyriyyə təşkilatları qlobal səviyyədə daha aktiv fəaliyyətə çağırıb.

“Minalar böyük qlobal problemdir. Beynəlxalq ictimaiyyət əlbəttə ki, bu problemə diqqət yetirməlidir və biz bununla mübarizə aparmalıyıq”, – deyə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.  

Həmçinin daha əvvəl BMT-nin Baş katibi Antonio Quterreş də məsələ ilə bağlı danışıb.

“Silahlı münaqişənin xaosu şəraitində yaşayan milyonlarla insan, xüsusən də qadınlar və uşaqlar üçün atılan hər addım onları təhlükə qarşısında qoya bilər. Hətta hərbi əməliyyatlar dayandırıldıqdan sonra belə, münaqişələr çox vaxt özündən sonra dəhşətli miras qoyur: minalar və partlayıcı sursatlar. Gəlin, bu ölümcül cihazların tətbiqi ilə bağlı təhlükələrə son qoymaq üçün hərəkətə keçək, icmaları onların yenidənqurulma prosesində dəstək olaq və insanların təhlükəsizlik şəraitində geri qayıtmasına, həyatlarını yenidən qurmasına kömək edək”, – deyə o qeyd edib.

Qiymətləndirmələrə görə, dünyanın 64 ölkəsində 10 milyona qədər mina mövcuddur. Hər il 2-5 milyon yeni mina quraşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir