Müharibə

Berlində Xocalı soyqırımının qurbanları anılıb – FOTO

Sharing is caring!


Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Almaniyadakı Səfirliyi fevralın 22-də Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirib.

Səfirlikdən Oxu.Az-a verilən xəbərə görə, tədbirdə faciəni əks etdirən foto-sərgi nümayiş etdirilib.

Xocalı soyqırımına dair alman dilində səfirliyin hazırladığı qısa filmin nümayişi ilə başlayan tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ilk öncə tədbir iştirakçılarını Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla anmağa dəvət edib. Səfir çıxışında Xocalı soyqırımının Soyuq müharibənin bitməsindən sonra Avropada baş vermiş ilk soyqırımı olduğunu bildirib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” kampaniyasının Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadığını qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi ilə tarixi ədalətin bərqərar olduğunu qeyd edən səfir, Xocalının da işğalına son qoyulduğunu, tezliklə Xocalı sakinlərinin öz ana yurdlarına dönməyə başlayacaqlarını bildirib.

Sonra Xocalı soyqırımının canlı şahidi, yazıçı-publisist Səriyyə Müslümqızına söz verilib. S.Müslümqızı öz çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş hadisələrin 20-ci əsrin ən dəhşətli faciələrindən biri olduğunu qeyd edib, onun haqlı olaraq soyqırımı adlandırıldığını vurğulayıb. Soyqırımı nəticəsində 600-dən çox Xocalı sakinin qəddarcasına qətlə yetirildiyi, 150 nəfərdən çox şəxsin itkin düşdüyü və onların taleyinin bu günədək məlum olmadığı diqqətə çatdırılıb. S.Müslümqızı bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra bu gün, Qarabağın digər bölgələrində olduğu kimi, Xocalı şəhərində də bərpa-quruculuq işləri sürətlə aparılır və ən yaxın zamanda ilk Xocalı ailələri öz şəhərlərinə geri dönəcəklər. Bildirilib ki, 32 illik ayrılıqdan sonra Xocalı sakinlərinin buraya qayıtması və şəhərdə yenidən uşaq səslərinin eşidilməsi xalqımızın tarixinə əbədi yazılacaq.

Daha sonra Xocalı soyqırımına həsr edilmiş “Geriyə baxma” sənədli filminin və S.Müslümqızının müəllifi olduğu “Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimatı keçirilib.

Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir