Müharibə

Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməli və bu faciəni törədənlər ədalət məhkəməsinə çəkilməlidirlər

Sharing is caring!

Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi.
Artıq Xocalı qətliamından 32 il keçir. Lakin illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur. Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girərək soyqırım törədiblər.
Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırım kimi dəyərləndirərək demişdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.
Xocalı soyqırımı Ermənistanın uzun müddət “böyük Ermənistan” dövləti yaratmaq ideyasını reallaşdırmaq uğrunda apardığı qanlı mübarizənin dəhşətli nəticələrindən biri idi. İki yüz ildən çox davam edən erməni düşmənçilik siyasəti nəticəsində ərazilərimiz zaman-zaman işğala məruz qalıb, soydaşlarımız vəhşicəsinə qətlə yetirilib. Bu düşmənçilik hələ çar Rusiyası zamanı ermənilərin əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişərək özününküləşdirməyə cəhd etmiş, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmış, onlara qarşı qəddarlıq nümayiş etdirmişlər.
Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək, erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Göyçayda on minlərlə dinc azərbaycanlı ermənilər tərəfindən yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirilmiş, ya da əsir götürülmüşdü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda donvurma nəticəsində həlak olublar.
Hərbi təcavüz zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb.
İşğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb. Ələ keçirilən ərazilərdə ermənilər 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar.
Nadir əhəmiyyətə malik 40 min eksponat talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və nadir incilərdən sayılan əlyazmalar yandırılmışdır.
İlkin və sonadək müəyyənləşdirilməmiş məlumatlara əsasən, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox ziyan dəymişdir.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.
Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli növbəti Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Bu il soyqırımın ildönümü fərqli şəkildə anılır. Çünki 32 il əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Düşməni işğal etdiyi ərazilərimizdən qovdu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu darmadağın edildi. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alındı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun parlaq Zəfəri ilə başa çatdı. Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistanın siyasi və hərbi rəhbərliyi Kapitulyasiya Aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla yanaşı, Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verəcəkləri inamını daha da artırdı. Möhtərəm Prezidentimizin qətiyyəti, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan reytinqi, mövqeyimizin möhkəmləndirilməsi və əlaqələrimizin daha da genişləndirilməsi də təsdiqləyir ki, o gün çox da uzaqda deyil.
Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq. Bu soyqırımına hüquqi-siyasi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər ədalət məhkəməsinə çəkilməlidirlər.

Vəli Vəlizadə
Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin oğlu

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir