Müharibə

Sülhə və əsgərə verilən dəyər – “Kaspi”nin TƏHLİLİ + FOTO

Sharing is caring!


Ermənistanda saxlanılan Hüseyn Axundov və Aqşin Bəbirovun azad olunması faktı bir daha göstərir ki, Silahlı Qüvvələrimizin hər bir üzvünün taleyi, təhlükəsizliyi Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Ali Baş Komandan, Azərbaycan dövləti üçün hər bir vətəndaşının həyatı önəmlidir.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Dekabrın 13-də Qazax rayonunda Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutub. Proses zamanı Ermənistan tərəfindən Azərbaycanın 2 hərbi qulluqçusu – Hüseyn Axundov və Aqşin Bəbirov azad olunub. Azərbaycan tərəfi isə erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verib.

Humanizm prinsiplərindən qaynaqlanan addım

Saxlanılan hərbçilərin mübadiləsi ilə bağlı prosesi bir neçə istiqamətdə dəyərləndirmək mümkündür. İlk olaraq onu vurğulayaq ki, aylardır Ermənistanda qanunsuz olaraq saxlanılan Azərbaycan Ordusunun əsgərlərinin Vətənə, ailələrinə dönüşünü təmin edən proses ölkəmizin siyasi rəhbərliyinin, xüsusilə də Ali Baş Komandanın gücünün, humanizm prinsiplərinə verdiyi dəyərin göstəricisidir. Say nisbətinə baxsaq, iki hərbçimizə qarşı 32 erməni hərbi qulluqçunun təhvil verilməsi Azərbaycan Ordusunda Ali Baş Komandanına olan inam və etimadı daha da gücləndirib. Bu fakt bir daha göstərir ki, Silahlı Qüvvələrimizin hər bir üzvünün taleyi, təhlükəsizliyi Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Ali Baş Komandan, Azərbaycan dövləti üçün hər bir vətəndaşının həyatı önəmlidir. Hər hansı təhdid yarandığı halda dövlət olaraq bütün zəruri addımlar atılır.   

Terrorçulara münasibət dəyişməzdir

Digər tərəfdən, bütün dünya Azərbaycanın bölgədə sülh və sabitliyə, qarşılıqlı etimadın yaradılmasına real yanaşmasının şahidi oldu. Ölkəmizi sülh prosesini pozmaqda, Ermənistana qarşı təhdid yaratmaqda ittiham edənlər fakt qarşısında qalıb. İndi bu qərarın bölgədə sülhə töhfə verən addım olduğunu etiraf etmək, hətta onu alqışlamaq məcburiyyətində qalıblar. Azərbaycan xalqı başda olmaqla, bütün dünya onun da şahidi oldu ki, dövlətimizin ədalət sisteminin tərəzisində humanizm dəyərləri ilə yanaşı, beynəlxalq bəşəri və xüsusilə ağır hərbi cinayətlər törədənlər öz layiqli cəzalarını alırlar. Təhvil verilənlər arasında Arayik Arutunyan, Bako Saakyan, Ruben Vardanyan və digər bu kimi qatı canilərin adları yoxdur. Hökumətimizin xalqımıza və dövlətimizə qarşı konkret cinayət törədənlərə, terror aktlarına əl atanlara münasibəti qətidir və dəyişməzdir.   

İrəvanın manevr imkanları sıfırlanır

Mövcud reallığı şərtləndirən, Ermənistanı hərbçilərimizi geri təhvil verməyə məcbur edən vəziyyətin yaranması da birbaşa Azərbaycanın ali rəhbərliyinin yürütdüyü siyasətin nəticəsidir. Bu reallıq Silahlı Qüvvələrimizin hərbi gücü, siyasi rəhbərliyin dəmir iradəsi və qətiyyəti, diplomatik həmlələri nəticəsində formalaşıb. Çünki 30 illik işğal dövründə Ermənistan tərəfinin hər zaman sülhdən necə qaçdığını, müxtəlif təxribatlarla məsuliyyətdən necə yayındığının şahidi olmuşuq. Lakin son üç ildə atılan addımlar artıq İrəvanın məlum istiqamətdə manevr imkanlarını sıfırlayıb. Ermənistan hətta anti-Azərbaycan qüvvələrin belə alqışlamaq məcburiyyətində qaldığı Bakının bu çağırışlarına adekvat cavab vermək məcburiyyətindədir. 

Ermənistan tarixi fürsəti necə dəyərləndirəcək?

Saxlanılan hərbçilərin mübadiləsi prosesini özünəməxsus edən digər mühüm bir məqam isə bu məsələnin hansısa vasitəçilərin iştirakı ilə yox, məhz ikitərəfli razılaşmalar əsasında həllini tapmasıdır. Azərbaycan bir daha nümayiş etdirdi ki, İrəvanla Bakı arasında aparılan danışıqlarda, qarşılıqlı etimadın yaradılması, münasibətlərin normallaşdırılması prosesində hər hansı üçüncü vasitəçiyə ehtiyac yoxdur. Məhz iki tərəfin birgə səyləri ilə Cənubi Qafqazda sülhə, sabitliyə və əməkdaşlığa nail olmaq mümkündür. Bunun ən bariz nümunələrindən biri elə dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbirlərinə dair əldə edilən razılıqdır. Xatırladaq ki, həmin anlaşmada tərəflər sülhə nail olmaq üçün tarixi fürsətin yaranması tezisi ilə razılaşırlar. Bunu birgə şəkildə etiraf edirlər. Xüsusilə vurğulanmalıdır ki, bu fürsəti nə hansısa vasitəçi, nə də İrəvan yaradıb. Bu, Azərbaycanın ali siyasi rəhbərliyinin iradəsinin təzahürüdür. Artıq İrəvanda da “Bakı sülh danışıqlarını pozur, qarşılıqlı etimad tədbirlərindən yayınır” tezislərindən əl çəkmək məcburiyyətində qalıblar. Rəsmi olaraq Azərbaycanın ikitərəfli danışıqlar formatına müsbət yanaşdığı və bu prosesdə sülhə doğru əməli addımlar atdığını etiraf edirlər. Prosesin müsbət məcrada və tezliklə yekunlaşması üçün təbii ki, ən mühüm şərt İrəvanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsi, Bakının gözləntilərini tam olaraq doğrultması və kənar qüvvələrin sülh danışıqlarına maneə yaratmaq cəhdlərinə fürsət yaratmamasından asılıdır. Ermənistanın siyasi rəhbərliyinin bu tarixi fürsəti necə dəyərləndirəcəyi bölgədə gələcək siyasi və hərbi proseslərin axarını müəyyənləşdirəcək başlıca faktordur. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir