Müharibə

Sakin: “Daha darıxmırıq, Laçında günlərimiz çox xoş keçir” – FOTO

Sharing is caring!


Qarabağın qapısı olan Laçın hər zaman arzuların, diləklərin uca məqamı idi. Ermənistanın işğalı illərində Laçın ürəklərdə ağır yara idi. Artıq bu yara sağalıb. Laçınlılar öz yurdlarına qayıdırlar, doğma yurdda irimiqayslı quruculuq işləri aparılır. Laçın Azərbaycanın ən dilbər guşəsinə çevrilir.

“Report”un Laçına ezam olunan əməkdaşı öz doğma yurduna qayıdan Çimnaz Misirqızı ilə söhbətləşib.

O, Laçından çıxdığı sonuncu günü dərin kədər hissi ilə xatırlayır:

“Biz Laçından çıxmağa məcbur olduq. Uşaqlarımı götürüb, evimi tərk etdim. Həmin gün həyatımın ən ağır günü idi. Laçından çıxdığım günü bir də xatırlamaq istəmirəm. Yurddan, doğma evindən didərgin düşmək faciədir. Məcburi köçkünlük dövrü çox çətin idi, həyata yenidən başlamaq, sıfırdan yuva qurmaq böyük bir zəhmət tələb edirdi. İmkanlı üçün də, imkansız üçün də çətin idi. Amma çətinliyin ən ağır tərəfi bizə deyilən köçkün sözü idi. Bu söz sanki damğa idi. Artıq biz köçkün deyilik, öz yuvamızdayıq, Laçınımızdayıq. Köçkün sözü üzərimizdən götürülüb. Heç kimə yaşadıqlarımızı arzulamıram. Xalqımız bir daha belə sınağa çəkilməsin. Allah Prezidentimizi, əsgərlərimizi qorusun. Şəhid analarının qarşısında baş əyirəm. Laçınlıların doğma torpaqlarına qayıtması möcüzə idi və bu möcüzəni Prezidentimiz İlham Əliyev, şəhidlərimiz, əsgərlərimiz bizə yaşatdılar”.


“Mən Laçına gəlin köçmüşəm, şuşalıyam. Amma Laçın mənim üçün çox doğmadır, əzizdir. Laçın mənim uşaqlarımın yurdudur. Qayınanamın, qayınatamın dilindən Laçın sözü düşmürdü. Hər zaman Laçın haqqında bəhs edirdilər, deyirdilər ki, Laçın cəsarət, igidlik salnaməsidir. Düşmənin gözünə mil idi Laçın. Onun məstedici ətrini, uca dağlarını, bulaqlarından süzülən təmiz suyunu heç nəyə dəyişmək olmaz. Laçın adı gələndə onların ürəkləri əsirdi. Hər zaman səksəkədə idilər, geri qayıtmaq ümidi ilə yaşayırdılar. Deyirdilər ki, dünya kor olub, bizim dərdimizi, faciəmizi görmür. Onlar Laçına köçmək, onun torpağına sığal çəkmək, vətənlərinə qovuşmaq istəyirdilər. Qayınanam deyirdi ki, Laçınsız istər 20 saniyə olsun, istərsə də 20 il faciədir, ağır dərddir”, – Ç.Misirqızı qeyd edir.

O vurğulayıb ki, bu ilin 14 iyul tarixində Laçına oğlu ilə birlikdə köçüb:

“Atdığım hər addımda Laçını duymuşam. Bura köçməmişdən əvvəl qohumlardan da gələnlər olmuşdu. Amma insanın öz evinə dönməsi tam başqa hissdir. 3 il ərzində Laçınla bağlı şəkilləri, videoları mənə göndərirdilər. Çox şükür ki, mən öz evimə, obama dönə bildim. Evimizi dövlətimiz tikib, bizə verib. Dövlətimiz hər bir sakininə sahib çıxıb”.


İşğal dövründə Laçın həsrətindən danışan Ç.Misirqızı deyib:

“İndi darıxmırıq, Laçında günlərimiz çox xoş keçir. Atdığımız hər addımda vətəni duyuruqsa, bu vətən bizimdir, torpaq əzizdir. Mən əminəm ki, indi Laçından ayrı düşənlərin də ruhu şaddır. Bu yurd hər zaman laçınlıların olub, Allaha çox şükür olsun ki, biz yenə, bu möhtəşəm yurdun sakinlərinə çevrildik. Ocağımıza, elimizə, yurdumuza döndük”.

Laçında dağıdılan infrastruktur yenidən qurulur. Laçın qarış-qarış yenidən bərpa edilir. Yollar salınır, əhalinin işlə təmin edilməsi üçün işlər aparılır. Laçınlıların bura tam qayıtması ilə bu torpaqlara yeni nəfəs gələcək. Laçınlılar həyatlarının ən gözəl mərhələsinə qədəm qoyacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir