Müharibə

Avropa İttifaqı Qarabağda antiterror tədbirlərinin yaratdığı reallığı qəbul edir – ŞƏRH + FOTO

Sharing is caring!


Azərbaycan və Ermənistan arasında sülh prosesi, eləcə də Qarabağ bölgəsindəki vəziyyət Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələri arasında Brüsseldə müzakirə olunub. Şarl Mişellə yanaşı, onun diplomatik müşavirləri Saymon Mordyu və Maqdalena Qronon da görüşə qatılıblar. Azərbaycanı Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev, Ermənistanı isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təmsil ediblər. Görüş zamanı Hikmət Hacıyev Azərbaycanın humanitar yardım göstərmək və yerli əhalinin təhlükəsizliyini təmin etmək planlarını iştirakçıların diqqətinə çatdırıb.

Aİ Şurasının Mətbuat Xidmətinin məlumatında deyilir ki, Azərbaycan və Ermənistan dövlət başçılarının İspaniyanın Qranada şəhərində keçiriləcək mümkün görüşündən həm İrəvan, həm də Bakı daha əvvəl Praqa və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq bir-birinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə təsdiqləmək üçün istifadə etməlidirlər. Eyni zamanda, normallaşma prosesinin bütün istiqamətlərində konkret fəaliyyət və qətiyyətli kompromis həllərə ehtiyac olduğu vurğulanıb.

Beləliklə, məsələ ilə bağlı Aİ-nin mövqeyində müəyyən dəyişiklikləri hiss etmək mümkündür. Artıq iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasının bölgəyə əmin-amanlıq gətirəcəyi qənaəti formalaşıb. Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış yeni reallıq Aİ tərəfindən qəbul edilir.

İkincisi, Avropa İttifaqı təsdiq edir ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər öz suveren ərazisində qeyri-qanuni hərbi birləşmələrin və onların hərbi infrastrukturunun neytrallaşdırılmasına yönəlmişdi.

Üçüncüsü, Azərbaycanın nəinki mülki əhalini hədəfə götürmədiyi, əksinə, onun təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirdiyi sübut olunur. Bundan başqa, Azərbaycan mülki əhalinin öz yaşayış yerlərində qalmasını istəyir, ərazidə yaşayan insanlara humanitar yardım göstərir, beynəlxalq strukturların humanitar missiyalarına şərait yaradır. Ərazidən mülki insanların çıxması məcburi xarakter daşımır, bu, onların öz istəyidir. Bölgəni tərk edən erməni sakinlərin açıqlamaları da bunu təsdiq edir.

Dördüncüsü, antiterror tədbirlərinin nəticəsində yaranmış yeni reallıq göstərir ki, sülhün alternativi yoxdur və bundan sonra tərəflər davamlı sülhün əldə edilməsi üçün bütün səylərini səfərbər etməlidirlər.

Təbii ki, Avropa İttifaqının bu mövqeyindən bölgədə vəziyyətin gərginləşməsində maraqlı olan bir sıra dövlətlər və təşkilatlar dərs çıxarmalıdırlar. Söhbət, ilk növbədə, Fransadan gedir. Bu ölkənin xarici işlər naziri Ketrin Kolonna növbəti dəfə bölgədə sülh və əmin-amanlığın bərpa olunmasına səy göstərmək əvəzinə, qızışdırıcı açıqlama ilə çıxış edib. Bəyan edib ki, Fransa Ermənistanın Sünik (Zəngəzur) bölgəsində konsulluq açacaq. Ermənistanı silahlandırmaq üçün müdafiə sahəsində əməkdaşlığı dərinləşdirəcəklərini, hətta İrəvandakı səfirlikdə hərbi attaşe olacağını deyib. “Tezliklə sərhəddə yerləşən Zəngəzur bölgəsində konsulluq mərkəzi açacağıq”, – Kolonna bildirib. XİN rəhbəri Ermənistanın ərazi bütövlüyünün qorunması üçün səy göstərəcəklərini də deyib. Sual olunur, axı onun ərazi bütövlüyü üçün kim təhlükə törədir? Təbii ki, heç kim! Sadəcə, Fransa Ermənistanla bağlı məkrli planını həyata keçirməyə çalışır. Plan da Rusiyanı bu ölkədən sıxışdırıb çıxarmaqdır. Qarabağda məkrli planı alt-üst olduqdan sonra hədəfi Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaqdır. Bu səbəbdən də Ermənistanın hələ uzun müddət beynəlxalq güclərin qarşıdurma meydanına çevriləcəyini müşahidə edə biləcəyik.

Yeri gəlmişkən, XİN rəhbərindən əvvəl Fransanın Prezidenti Emmanuel Makron da Azərbaycanı guya Ermənistanın ərazi bütövlüyünə təhdid törətməkdə ittiham edib və Qarabağda humanitar problemlərin olmasını iddia edib.

Fransa son 30 ildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləmə yolu ilə bir milyona yaxın azərbaycanlını evindən qovmasına, Azərbaycan ərazilərinin əhəmiyyətli bir hissəsini talan etməsinə heç vaxt münasibət bildirməyib. Əksinə, bütün vasitələrlə Ermənistanı müdafiə edərək onun bu əməllərinə şərik olub. Belə olan təqdirdə, iki ölkə arasında davamlı sülh üçün ümidlər yarandığı bir məqamda Fransa prezidentinin destruktiv, təhrikçi və yanlış bəyanatı bu dövlətin regionda sülhdə maraqlı olmadığını göstərir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir