Müharibə

Paşinyanın “qələt eləmişəm” mesajı: Havadarları Ermənistanı səfalətə sürükləyirlər – ŞƏRH + FOTO

Sharing is caring!


Bu gün Ermənistan baş naziri Nikol Paşinyan tarixin arxivinə atılmaqda müəyyən rolu olduğu Qarabağdakı keçmiş qondarma rejimin “ildönümü” günü cəfəng və riyakarcasına səsləndirdiyi bəyanatı ilə hər kəsi heyrətləndirməyə müvəffəq olub. Qondarma mərasimlərə qatılan hökumət başçısı söylədiyi fikirlərlə Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin yaranmasında maraqlı olmadığını bir daha təsdiqləyib.

Rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bir daha dünyaya bəyan edib. Qarabağın Azərbaycan torpağı olduğunu bir neçə dəfə dilə gətirməklə hər kəsi heyrətə salan N.Paşinyan yenə də hər kəsi həmin vəziyyətə salıb. Bununla da, xalqının “layiqli” nümayəndəsi olduğunu, digərlərindan heç nə ilə fərqlənmədiyini təsdiqləyib.

Eyni zamanda, özünün qeyri-sabit və yalançı bir hökumət başçısı olduğunu dünyaya nümayiş etdirib. O, çıxışında bildirib ki, “Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları təmin olunmayana qədər Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həll olunduğu barədə bəyanatlar əsassızdır”.

İkinci Qarabağ müharibəsində imza atdığı kapitulyasiya aktından sonrakı durumunu unudan Nikol indi tamam başqa aurada olduğunu göstərmək istəyir. O, Fransa və digər havadarlarının dəstəyinə arxayın olaraq əvvəlki mövqeyindən imtina edib. Bununla da, 30 illik işğalçılıq dövründə dünyada heç bir ölkənin, heç bir qurumun, o cümlədən də Ermənistanın özünün ərazi vahidi kimi tanımadığı qondarma “DQR” haqqında bütün iddiaların üzərindən birdəfəlik xətt çəkilib.

Hökumət başçısını buna vadar edənlər anlamırlar ki, Ermənistanın və erməni lobbisinin Azərbaycan əraziləri hesabına ikinci erməni dövləti yaratmaq planı tam iflasa uğrayıb. Hazırda Rusiya sülhməramlılarının olduqları ərazidə əvvəlki qondarma rejimin tör-töküntüləri qalıb və onların da orada son günlərini yaşadığı heç bir şübhə doğurmur. Son günlər bölgəni tərk edən ermənilərin sayı da bunu deməyə əsas verir. Çox güman ki, N.Paşinyan bu köçün qarşısını almaq üçün belə bəyanat səsləndirib. Eləcə də, Rusiya rəhbərliyinin dəfələrlə ona istinadən Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləməsinə də cavab vermək istəyib. Yəni N.Paşinyan demək istəyib ki, “mən qələt edib o sözü demişəm, indi bu bəyanatıma diqqət yetirin”.

Ermənistanın baş naziri, yəqin, unudur ki, bu üç il ərzində çox şey dəyişib və yeni havadarının dəstəyi ilə nəyəsə ümid edə bilməz.

N.Paşinyan və havadarları yaddan çıxarmasınlar ki, Azərbaycan Ermənistanın işğalı dövründə birmənalı şəkildə bəyan etmişdi ki, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına, “boz” zonanın mövcudluğuna heç bir halda imkan verməyəcək. Ermənilərin əvvəllər mövcud reallıqdan çıxış edib öz mənfur planlarını reallaşdırmağa çalışması haradasa başa düşülsə də, müharibədən sonrakı yeni reallıqlar kontekstində belə bir halın praktiki cəhətdən mümkün olmadığı artıq hamıya birmənalı şəkildə aydındır.

Beləliklə, N.Paşinyanın bəyanatı onu deməyə əsas verir ki, artıq danışıqlar prosesinin sonudur. Aydın göründü ki, Ermənistan baş nazirinin guya Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə dedikləri baş aldatmağa çalışmaqdan başqa bir şey deyil. N.Paşinyan öz simasını və əsl niyyətini bir daha açıq nümayiş etdirdi.

Ötən gün Azərbaycan-Ermənistan sərhədində erməni təxribatının da elə-belə baş vermədiyi aydın olur. Sərhəddə təxribat törətməklə beynəlxalq aləmin diqqətini buraya cəlb etmək hədəf kimi qarşıya məqsəd qoyulub. Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri düşməni geri çəkilməyə vadar edib. Müharibədən sonra ümid var idi ki, Nikol “ən ağıllı erməni kimi” xalqını bataqlıq girdabından xilas edəcək, sülh danışıqlarına doğru addımlayacaq. Son vaxtlara kimi buna da inam var idi.

Hökumət başçısı özünü və komandasını sülhsevər və təşəbbüskar kimi təqdim etməyə cəhd göstərirdi. Onun sonuncu bəyanatı ilə saxtakarlığı üzə çıxdı. Ermənistanın baş nazirinin məhz bu gün Qarabağ iddialarından birdəfəlik əl çəkəcəyi gözlənilirdi. Lakin görünür, o, reallığı qiymətləndirmək istəməyib. N.Paşinyan beynəlxalq havadarların dəstəyinə ümid edib, ancaq anlamır ki, bu proseslər tarixdə tək və yeganə erməni dövlətinin sonunu daha da yaxınlaşdırmış olur.

Yeganə dəstəyi olan Fransaya ümid edib belə bir cəfəngiyyat səsləndirməklə qeyri-ciddi, qorxaq siyasətçi olduğunu bir daha nümayiş etdirmiş olub. Ermənistan hakimiyyəti və havadarları anlamalıdırlar ki, bölgədə yaranmış yeni reallıqlar fonunda İrəvanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə, bu mövqe Ermənistanı səfalətə sürükləyir. Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meyilləri qızışdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq və lazımi şəkildə cavablandırılacaq.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir