Müharibə

Qarabağdakı separatçıların “Laçın” postunda təxribata hazırlaşması: Üç amil, Azərbaycanın tətbiqləri – TƏHLİL

Sharing is caring!


Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan ermənilər bu dəfə “Laçın” sərhəd-buraxılış məntəqəsinə doğru yürüşə hazırlaşırlar.

Separatçıların bu istəklərinin arxasında regionda maraqları kəsişən qlobal aktorların nəfəsləri hiss olunur, lakin məsələ ondadır ki, hadisələr Azərbaycanın daxili işi kontekstində inkişaf edir.

Bu, Azərbaycana imkan verir ki, təxribat ssenarilərində daxili imkanlar hesabına alternativ tətbiqlərə müraciət etsin.

Separatçıların coşmasının səbəblərində onları himayə edən qüvvələrlə yanaşı, son günlərdəki üç məqam da rol oynaya bilər:

1. Azərbaycan Xocalıda mülki insanların qanına susamış cəllad Vaqif Xaçatryanı “Laçın” SBM-də saxlayıb;

2. Azərbaycan hakimiyyəti ilə Qarabağ erməniləri arasında Yevlaxda görüş keçirilməsi planlaşdırılır;

3. Prezident İlham Əliyev “Euronews”da yayımlanan müsahibəsində verdiyi mesajlarla Qarabağ ermənilərini ya Azərbaycanın şərtlərinə razı olmaq, ya da onların Azərbaycan ərazilərini tərk etmək dilemması qarşısında qoydu.

Baş tuta biləcək təxribatların indiki zamandakı səbəb-nəticə əlaqələri bu üç amilin işığında aydınlaşır.

Qarabağ üzrə hərəkətlilik Azərbaycanla Ermənistan arasında Brüssel, Vaşinqton və Moskvanın vasitəçilik missiyasındakı alətlərlə əlaqəlidir.

Bu, həmin təxribatlara səbəb verəcək ana xətdir. Kim etibarlı vasitəçidir, kim ambisiyalı – bu, fərqli mövzunun müzakirəsinə həvalə oluna bilər, ümumilikdə görünən budur ki, ənənəvi erməni düşüncəsi də üç oxdakı danışıqlardan əldə edilən nəticələrə provokasiya qatılmasına yardım edir.

Beləcə, hərəkətlilik “sülh və müharibə” formulunun hibridi formasında cərəyan edir və Azərbaycan bu prosesdən də əlini gücləndirəcək alətlər əldə edir.

Məsələn, Azərbaycan yaratdığı əhatə ilə ermənilərin inteqrasiyasını sürətləndirmək üçün Qarabağa təchizat xətlərini yenidən konfiqurasiya etmək istəyir. Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlılarının müvəqqəti xidmət zonasında yaşayan ermənilərə Azərbaycanın özünün lazımi təchizat vasitələrini çatdırmaq barədəki çağırışları eyni məntiqə xidmət edir. Azərbaycan, onsuz da, bu xətti inkişaf etdirir, lakin beynəlxalq dəstək almaqda çətinlik çəkir, bununla belə, Bakı hədəflərinə doğru inamla addımlayır.

Laçındakı SBM-ə erməni separatçıların yol almaq cəhdi Azərbaycanın əldə etdiyi nəticələrlə diktə qılıncını qaldırmasını sabotaj etmək məqsədlərinin əyanıdır. Lakin bu təxribat baş tutsa belə, Ermənistan, Qarabağ erməniləri üçün nəticə verməyəcək.

Digər məqsəd budur ki, “Laçın” SBM-ə Ermənistandan giriş hissədə Qarabağa yük daşımaq istəyən TIR-ların növbəyə düzülməsi ilə Qarabağ ermənilərinin aksiyası arasında bir paralellik qurulsun və bu, Azərbaycana qarşı təzyiq kimi idarə edilsin.

Azərbaycanı güclü edən isə odur ki, hadisələr onun daxili işlərinin həlli çağırışlarını – Qarabağ ermənilərinə münasibətdə – icra etmək kontekstində yığcamlaşır.

Azərbaycan sabitlik, təhlükəsizlik amallarını əsas gətirib Qarabağ ermənilərinin “Laçın” SBM-ə mümkün basqın cəhdlərinə qarşı cavab olaraq güc tətbiq edə bilər, təxribatçıların həbsini reallaşdıra bilər. Bu, artıq xarici oyunçuların maraqlarının əzilməsi hesabına olsa belə, baş tutacaq, çünki hər bir dövlətin işi daxili ictimai-siyasi sabitliyi qoruyacaq addımları atmaqdır.

Qarabağ erməniləri bunları nəzərə alıb Azərbaycanın ictimai-siyasi həyatına uyğunlaşma proqramına konstruktiv baxmalıdır. Buna əməl etmədən Qarabağda yaşamağa cəhd etmək isə Azərbaycanın suverenliyinə qarşı təhdiddir, mərkəzi hakimiyyətə itaətsizlikdir.

Azərbaycan bu itaətsizliyə qarşı qanunun tələblərindən irəli gələn bütün zəruri addımları atmaq öhdəlik və vəzifələrini icra etmək hüququnu müstəsna addım kimi özündə saxlayır.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir