Müharibə

Rahat yolu qoyub dağa-daşa düşmək xəstəliyi: Ermənilər yenə də kənar diktə ilə hərəkət edirlər – ŞƏRH + FOTO

Sharing is caring!


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sonuncu görüşdə müzakirə edilən məsələlər sırasında Xankəndiyə Ağdam vasitəsilə humanitar yardımların çatdırılması olub. Azərbaycan tərəfi növbəti dəfə Qarabağdakı erməni sakinlərə qarşı humanizm nümayiş etdirib, onlara hərtərəfli dəstək verməyə hazır olduğunu ortaya qoyub. Şarl Mişel də bu təşəbbüsü sevinclə elan edəndə ağlına da gəlməzdi ki, erməni tərəfi buna qarşı aqressivlik nümayiş etdirəcək.

İndi isə rəsmi Bakının humanist təşəbbüsünə qarşı ən kəskin reaksiyaların şahidi olduq. Düzdür, ermənilər əvvəlcə bu təşəbbüsün qarşısında şoka düşüb, bir neçə gün çaşqınlıq içində qalsalar da, az sonra yenə də öz erməni xislətlərini ortaya qoyub bu dəhlizin onların ziyanına olduğunu iddia etməyə başladılar.

Bu məsələdə yenə də Rusiya ermənilərlə həmrəylik nümayiş etdirməyə başladı. Qarabağdakı Rusiya sülhməramlılarının xeyir-duası ilə Xankəndidə separatçı qüvvələrin etiraz aksiyalarına rəvac verdilər. Rusiyadan isə müxtəlif səviyyədə ermənipərəst bəyanatlar səslənməyə başladı. Maraqlıdır ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının təchizatının da məhz Ağdam-Xankəndi yolu ilə təmin edilməsi paralel olaraq təklif olunur. Lakin Brüssel görüşündən sonra erməni tərəfi ruslarla birlikdə Azərbaycan tərəfinin təqdim etdiyi və ən optimal variant hesab edilən bu yolla Qarabağın erməni sakinlərinə humanitar yardımların çatdırılmasına qarşı çıxırlar.

Şübhəsiz ki, ermənilərin bu yoldan istifadə etməkdən imtina etməsi siyasi spekulyasiyadan başqa bir şey olmayıb, rasist yanaşmanın göstəricisidir. Məgər Azərbaycandan gətiriləcək qida məhsullarının keyfiyyəti, ermənilərin iddia etdiyi kimi, Ermənistan ərazisindən gələn məhsulların keyfiyyətindən pisdir? Birincisi, ermənilərin heç bir normal arqumenti yoxdur. Qarabağda yaşayan ermənilərə ərzaq tədarükünün Ağdam yolu ilə həyata keçirilməsi logistika baxımdan daha sərfəlidir. İkincisi, Ağdam yolu daha qısadır və daşınma daha ucuz başa gəlir. Axı Ermənistanda ƏDV-si ödənilmiş mallar nə üçün humanitar yardım adı altında Azərbaycan ərazisinə gətirilməlidir və Ermənistan bundan niyə qazanmalıdır?

Yeri gəlmişkən, rəsmi Bakının təklif etdiyi Ağdamdan Xankəndiyə yol ən yüksək beynəlxalq standartlara cavab verən yoldur. Qısa və rahat yolla avtomobillərin sürətli hərəkəti təmin olunub. Bu yol üzərində müasir infrastruktur vasitələri mövcuddur. Yəni ermənilərin bununla bağlı hər hansı bir bəhanəsi ola bilməz.

Təəssüf doğuran hal ondan ibarətdir ki, Moskva və İrəvan bu məsələdə bir mövqedən çıxış edirlər. Bu marşrut işə düşərsə, bir çox məsələlərə aydınlıq gələ bilər. İlk növbədə həmin yolla həm Qarabağın erməni sakinlərinin, həm də Rusiya sülhməramlılarının təminat və təchizatı həyata keçiriləcək. Bəlli olacaq ki, Xankəndidə nə qədər erməni yaşayır. Erməni və rus tərəfi iddia edirlər ki, Qarabağda sülhməramlıların nəzarəti altında 120 min erməni yaşayır. Əslində isə reallıqda bu say qat-qat aşağıdır. Bu səbəbdən də Azərbaycan maksimum dərəcədə buna çalışıb nail olmalıdır ki, təchizat Ağdamdan həyata keçirilsin.

Şübhəsiz ki, erməni tərəfi və havadarları bununla sülh prosesini baltalamağa, reinteqrasiya prosesini tormozlamağa çalışırlar. Bütün bu oyunların arxasında separatçılarla birlikdə Rusiya sülhməramlılarının dayandığı da şəksizdir. Kreml istəmir ki, Qarabağ Azərbaycana inteqrasiya olunsun. Ağdam-Əsgəran-Xankəndi yolu məsafə baxımından ən qısa yoldur. İstər sülhməramlıların, istərsə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu yoldan istifadə etməsi daha məqsədəuyğundur, nəinki Ermənistandan gəlib Laçını keçməklə Qarabağa getmək. Ancaq açıq şəkildə onlar bu xoşməramlı təklifdən imtina edirlər. Beləliklə də, bütün vasitələrlə çalışırlar ki, Azərbaycanla Ermənistan arasında yaxınlaşma olmasın.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir