Müharibə

“Euractiv” nəşri: “Tehran-Moskva-İrəvan oxu Qafqaz və Avropanın sabitliyi üçün riskdirmi?”

Sharing is caring!


Cənubi Qafqaz əsrlər boyu iri regional güclərin təsiri altında olub. Hazırda bu regionda vəziyyət əvvəlkindən də qeyri-sabitdir, Ermənistan Rusiya və İranla təhlükəli şəkildə yaxınlaşır. Bəs bu, Avropa İttifaqı üçün risklidirmi?

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Yaxın Şərq və beynəlxalq münasibətlər üzrə fransalı tədqiqatçı Sebastyan Busua “Euractiv” nəşrində Tehran-Moskva-İrəvan birliyinin Qafqaz və Avropanın sabitliyi üçün nə dərəcədə təhlükəli olduğu barədə məqalə dərc edib.

Onun sözlərinə görə, İsrail və NATO-nun üzvü olan Türkiyə Azərbaycanı dəstəklədikləri üçün Ermənistan Rusiya və İranı müttəfiq kimi seçib. Bütün bunlar onun Avropa və havadarları ilə münasibətlərini ciddi şəkildə çətinləşdirə bilər.

“2020-ci ildə Qarabağ müharibəsində məğlubiyyətdən sonra İrəvanın xeyli zəiflədiyi aşkardır. Bəs faşist Almaniyası üzərində qələbəni qeyd etmək üçün hazırda Moskvada olan Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyasız və İransız keçinə bilərmi? Ermənistan hakimiyyətinin fikrincə, mümkün deyil. Paşinyan hətta 2022-ci ilin iyununda “Əl-Cəzirə” telekanalına “İran bizim üçün dost ölkədir” deyə bəyan etmişdi, həmin il noyabrın sonunda isə İranın İctimai Televiziyasına verdiyi müsahibəsində İrəvanın bütün sahələrdə Tehranla əlaqələri dərinləşdirməyə sadiq olduğunu vurğulayıb”.

Müəllifin sözlərinə görə, ölkəsində insan haqlarına məhəl qoymayan və rejimə qarşı etirazçıları qanlı repressiyaya məruz qoyan İran illərdir Cənubi Qafqazın böyük oyunçusu roluna qayıtmağa çalışır. O da bildirilir ki, 44 günlük müharibədən sonra Bakı, Ankara və Təl-Əviv arasında formalaşmaqda olan geostrateji ittifaq Tehranı çox narahat edib.

Bu səbəbdən İsrailin qatı düşməni olan İran Rusiya ilə strateji və enerji sazişi olan Ermənistana dəstəyini artırıb: Tehran bu yaxınlarda İrəvana pilotsuz təyyarələr satıb. Bu da Ermənistanın Ukraynaya qarşı təcavüzə görə Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmaqda Rusiyaya fəal kömək etməsi barədə məsələni gündəmə gətirib.

İran rejiminin bölgədəki bu təsirinin uzun tarixçəsi var. Belə ki, Tehran İrəvanla Türkiyənin təsirinə qarşı ortaq cəbhə yaratmaq istəyini bölüşür. Rusiya öz növbəsində Bakı ilə İrəvan arasında 44 günlük müharibəyə son qoyan 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatından sonra neytral vasitəçi olmayıb. Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovun dediyi kimi, bu gün İrəvan üçün aşkar olanı inkar etmək çətin olardı: “Moskvanın Ermənistanda iki bazası var, üstəlik, biri tikilməkdədir. Ermənistanın sərhədlərinin böyük hissəsi Federal Təhlükəsizlik Bürosu tərəfindən qorunur, Ermənistan iqtisadiyyatının 75%-i isə rusiyalı oliqarxlara məxsusdur. Buna görə Moskvadan uzaqlaşmaq çətin olacaq!”

Müəllif Bakının Kiyevə yardımına da toxunub, bildirib ki, Azərbaycan Qafqazda Ukraynaya yardım göstərən və Qərbə dəstək verən ilk ölkədir. Onun sözlərinə görə, Bakıdan Kiyevə dərmanlar göndərilib, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada mövcud olan yanacaqdoldurma məntəqələri təcili tibbi yardım maşınlarını pulsuz yanacaqla təmin edib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin bu dəstəyə görə özünün “Twitter” hesabından Azərbaycan hakimiyyətinə təşəkkür etdiyini vurğulayıb.

Müəllif bildirib ki, onilliklər boyu sovet təsiri və nəzarəti altında olan Azərbaycan həmişə Moskvadan müstəqilliyini qoruyub. O, buna sübut kimi Bakı ilə Brüssel arasında enerji sahəsində əlaqələrin möhkəmlənməsini göstərib.

“Ermənistan isə öz növbəsində, həmişə, o cümlədən 2014-cü ildə Krımın Moskva tərəfindən qanunsuz ilhaqından sonra BMT-də Rusiyanı dəstəkləyib”, – deyə ekspert əlavə edib və bildirib ki, İranla Ermənistan, eləcə də Rusiya arasında sıx münasibətlər İrəvanın Avropaya sadiqliyi ilə bağlı ciddi problem yaradır.

Bununla belə, o, Fransa Prezidenti Emmanuel Makronun hakimiyyətə gələndən bəri ikili mövqe tutduğunu vurğulayıb:

“Makron Ermənistanı dəstəkləyir, lakin Tehran-İrəvan-Moskva diaqonalını rəsmi şəkildə qınamır. Keçmiş Minsk qrupunun üzvü olan Paris Azərbaycanla münasibətləri qoruyub-saxlamaqla yanaşı, Bakı ilə İrəvan arasında münaqişədən sonrakı böhranda özünü vasitəçi kimi göstərməyə çalışır”.

Müəllif sonda Ermənistanın Avropa Şurasının Prezidenti Şarl Mişelin də dəstəklədiyi sülh sazişi üzrə məsuliyyətləri yerinə yetirməli olduğunu bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir