Müharibə

İşxan Verdyan: “Paşinyanı devirə bilərlər” – MÜSAHİBƏ

Sharing is caring!


Ermənistan silahlı qüvvələrinin ötən gün şərti Ermənistan-Azərbaycan sərhədində köhnə Laçın yolu istiqamətində hərbi toqquşmaya səbəb olan təxribatından əvvəl Ermənistan mediası bir sıra nəşrlərdə rəsmi İrəvanı xəyanətdə günahlandırıb. İttiham məqamlarından biri də “Qarabağın Azərbaycana verilməsi”dir. İttihama səbəb şərti sərhəddə Azərbaycan və Ermənistan sərhədçilərinin yerləşdirilməsidir. Erməni fəal Diana Barikyan qəzəblə bunun dövlətlərarası pasport nəzarəti anlamına gədiyini deyib.

İrəvanın “Hraparak” qəzeti öz növbəsində qeyd edib ki, baş nazir Nikol Paşinyan artan narazılıq səbəbindən erməni hərbçilərin qiyam dalğası yarada biləcəklərindən ehtiyat edir. Hərbçilərin narazılığının səbəbi isə guya “Ermənistan ərazilərinin qismən Azərbaycana verilməsi”nin həyata keçirilməsidir.

Ermənistanda hərbi çevriliş mümkündürmü? Axı hakimiyyətə hərbi xuntanın gəlməsi ilə nəticələnən bu tip inqilablar postsovet dövlətləri üçün xarakterik deyil. Baxmayaraq ki, 1991-ci ildə SSRİ-də Dövlət Fövqəladə Vəziyyət Komitəsinin qiyam cəhdi olub, lakin bu, tamamilə uğursuzluqla nəticələnib.

Oxu.Az-ın bu sualını cavablandıran erməni fəal, sülhməramlı təşəbbüsləri ilə tanınan bloqer İşxan Verdyan qeyd edib ki, “Hraparak” qəzetinin özünəməxsus imici var:

– Bu, xəbər deyil, təbliğat nəşridir. Qəzetin məqsədi baş nazir Nikol Paşinyanı əvəzləməkdir. Ona görə də onlar saxta, uydurma hekayələrdən istifadə etməkdən çəkinmirlər. Amma insanlar diqqət etdikləri üçün şərh etməyə dəyər.

Hərbi çevriliş yalnız ordunun – sıravi və kiçik zabitlərin silahlı qüvvələrin ali rəhbərliyə tabe olması ilə mümkündür. Generallar, ordunun yüksək rütbəli komandirləri köhnə hakimiyyətə, Robert Koçaryana rəğbət bəsləyirlər. Bu hərbi dayaq əvvəlki sistemdən qalıb.

Keçmiş prezidentlərin dövründən Ermənistan ordusu “dedovşina” və korrupsiyada boğulur. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra silahlı qüvvələrin rəhbərliyində müəyyən dəyişikliklər edilsə də, sistemin özü, onun onurğa sütunu qaldı. Bu generallar, polkovniklər uzun illər adət etdikləri keçmiş rahat həyat şəraitinin qaytarılmasını istəyirlər. Ona görə də onlar hərbi çevrilişdən imtina etməzdilər. Bəs sadə xalqdan olan insanlar – əsgərlər və kiçik zabitlər – buna gedəcəklərmi? Onlar da ailələri kimi, əsasən, Nikol Paşinyanı dəstəkləyirlər. Generallar əsgərləri ailələrinə qarşı çıxmağa məcbur edə bilməzlər.

Bəli, 100 general, 200 polkovnik çıxa bilər, qoy lap 1 000 olsun. Əsgər dəstəyi olmasa, bu nə verəcək?

– Belə çıxır ki, ordunun ali rəhbərliyi çevriliş etmək istəyir, amma aşağı təbəqələr, əksinə, istəmirlər?

– Bəli. Yuxarıların öz şəxsi mənfəəti var. Onlar milyonlar, evlər, yaxtalar, villalar qazanmaq istəyirlər. Əgər çevriliş şansı olarsa, o zaman generallar məmnuniyyətlə bundan istifadə etməyə çalışacaqlar. Amma ordunun aşağı rütbəliləri buna getməyəcəklər. Ermənistan kiçik ölkədir, hamı bir-birini tanıyır. Deməli, əsgərlərin valideynlərinə, dostlarına, həmvətənlərinə qarşı silaha sarılması ehtimalı çox azdır.

– Bəs Ermənistan cəmiyyətində “Ermənistan ərazisinin qismən Azərbaycana verilməsi” (erməni mətbuatından sitat) ilə bağlı narazılıq var? Və Paşinyanın Azərbaycanla Ermənistan arasında şərti sərhəddə sərhədçilərin yerləşdirilməsi ilə bağlı elan etdiyi danışıqlara görə niyə bu qədər neqativlik var?

– Biz indi hər şeyin mümkün olduğu inanılmaz turbulentlik zonasındayıq. Mən erməni dilində xəbərlərə baxıram və başa düşürəm ki, Ermənistanda sərhəddəki dəyişikliklərlə bağlı aktiv şəkildə çaxnaşma yaranır. Bildirilib ki, azərbaycanlılar Ermənistan hakimiyyəti ilə razılaşaraq bir neçə yüz metr yaxınlaşıblar. Bu, çaxnaşmaya səbəb olmaq üçün əsas götürülür. İstiqaməti itirib azan Azərbaycan əsgərlərinin hekayəsi isə vəziyyəti gərginləşdirir. Ermənistanda təxribatdan danışırlar, deyirlər, guya bir neçə qrup olub, ancaq bir əsgər tapılıb, Azərbaycan Müdafiə Nazirliyi iki əsgərin ərazidə istiqaməti itirərək azdığını bildirib.

Yazırlar ki, azərbaycanlılar qapımızı döyürlər, bəs siz haradan bilirsiniz ki, hansı səbəbdən gəliblər? Bəlkə, sabah kimsə qumbara atacaq? Onlar sərhədi necə keçiblər?

Bütün bunlar partlayış təhlükəli fonda baş verir, hadisələr gözlənilməz şəkildə inkişaf edə bilər. Təbii ki, sabah Ermənistanda hakimiyyətin dəyişməyəcəyini iddia etmək məsuliyyətini öz üzərimə götürməzdim. Nikol Paşinyan heç vaxt belə zərbə altında olmayıb. Sonra da rusiyalı politoloqlar var ki, erməni mətbuatına müsahibə verirlər, deyirlər ki, Rusiyanın hər dediyi edilməlidir, itaətkar olmaq lazımdır. Deməli, bir daha deyirəm, Ermənistanda son dərəcə partlayış təhlükəli vəziyyət yaranıb, Paşinyanın reytinqi isə xeyli düşüb, bundan sonra da düşəcək.

Bundan əlavə, hesab edirəm ki, Azərbaycan əldə etdiklərində dayanmaq fikrində deyil, hələ də mübahisəli zonalar var, danışıqlar gedir (söhbət Ermənistan Respublikası ərazisindəki bir neçə Azərbaycan anklavından gedir – red.). Sərhədin haradan keçəcəyi bəlli deyil, bəlkə, yenə də hansısa kəndlərdən, yaxud əkin yerlərindən olacaq. Beləliklə, təəssüf ki, eskalasiya potensialı hələ də var. Mən bunda Ermənistan üçün real dövlətçiliyin itirilməsi təhlükəsini görürəm, Nikol Paşinyan isə sadəcə olaraq, devrilə bilər.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir