Müharibə

Xankəndidən nə gətirim?

Sharing is caring!

2022-ci ilin son saatlarını yaşayırıq. Hamı özünə, ətrafına, idarələr tələb olunan yerlərə hesabat verirlər. Maaşlar hesablara köçürülür, təqvim ili sona yaxınlaşır.

Bu ilə nəzər salanda dünyanı silkələyən hadisə Rusiyanın Ukraynaya hücum etməsi oldu. Bununla da dünya iki cəbhəyə bölündü. Ukrayna ilə olanlar və olmayanlar. Detallara girməyəcəyəm, sadəcə bu il raket hücumları nəticəsində həlak olan günahsız insanlara Allahdan rəhmət diləyəcəyəm. Çünki bu gün üçün bacardığım yalnız budur. Bir də onu deyə bilərəm ki, “Boje, soxrani i spasi Ukrainu” (İlahi, Ukraynanı qoru və xilas et). 

Dünyada baş verənlərə baxanda, dünya miqyasında balaca olan Azərbaycan öz müstəqilliyini qorumaqda davam edir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni qoruyur və bu qələbədən irəli gələn digər məsələləri də həll edir. 

Rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin əldə olunması üçün dəfələrlə danışıqlara gedib, özü də qalib olmasına rəğmən. Heç əlahiddə şərtlər də tələb etməyib qarşı tərəfdən. Sadəcə onu bildirib ki, Azərbaycanın suveren ərazisi tanınacaq və nida! 

Hər dəfə geri baxanda, mənim yadıma 2019-cu ildə Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışı yadıma düşür: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır və nida işarəsi”.

Bəlkə də, o vaxt üçün bu çıxışın nə dərəcədə nöqtəli atəş olduğunu anlamamışıq. Bəlkə də, bu sözlərin nə dərəcədə güclü siyasi iradəylə deyildiyini tam dəqiqliyi ilə qəbullanmamışıq. Amma bu gün bir daha əmin oluruq ki, Ali Baş Komandan heç bir sözü, heç bir bəyanatı elə-belə demir. Dedisə, deməli bitdi, geriyə yol yoxdur! 

Bu iki il ərzində dəfələrlə Şuşada olan biri kimi demək istəyirəm ki, hər dəfə Şuşaya qalxanda gözlərim yaşarır. Bu torpaqlar uğrunda həm 90-cı illərdə, həm də 2020-ci ildə necə oğulları itirdik… Allah hər birinə rəhmət eləsin, ruhları şad olsun! Allah qazilərimizə şəfa versin. Onlar Ali Baş Komandanın əmrinə sadiq qalaraq, “ölərik, amma postu vermərik deyib” bir daha öz şərəflərinə uyğun rəftar etdilər. Hər dəfə də ölkə başçısı Qarabağda, işğaldan azad olunan ərazilərdə olarkən bunu qeyd edir. 

Cənab prezidentin çox maraqlı ad günü ənənəsi var. Bu ildə də ölkə başçısı ənənəyə sadiq qalaraq, ad günündə Qərbi Azərbaycan İcması ilə görüş keçirtdi və çıxışında vacib məqama toxundu: “Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”.

Və yenə də yadıma Ali Baş Komandanın “Valday”da dediyi “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri düşür. Dedisə, deməli edəcək, nail olacaq. 

Günü bu gün də istər keçmiş postsovet ölkələrində, istərsə də digər ölkələrdə hələ də 44 günlük müharibədə rəsmi Bakının, ölkə başçısının ortaya qoyduğu güclü iradə müzakirə olunur. 

Hələ də Ermənistanda başa düşmürlər ki, necə oldu ki, dünya tərəfindən bu qədər siyasi basqı, təzyiq oldu, amma İlham Əliyev geri çəkilmədi? Bu gün də İlham Əliyev geri çəkilmir. Heç kimə imkan vermir ki, sülh danışıqlarında maraqlı tərəf kimi çıxış  etsin. Emmanuel Makron buna dəfələrlə can atsa da, sözün yaxşı mənasında Makronun özünün mitilini qapıdan çölə atdılar. Düzdür həyasızcasına yenə də digər vasitələrdən istifadə edir. Gah Fransa Senatının əli ilə təxribat dolu qətnamələr qəbul olunur, gah da senatın Makronla heç bir əlaqəsinin olmaması ortaya atılır. Amma pişiyi torbada gizlətmək olmur, çünki quyruğu görünür…

İlin ən yaddaqalan hadisələrindən biri də, birinci vitse-prezident Mehriban Əliyevanın xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun baş direktoruna məktub göndərməsi oldu. Mehriban xanım Əliyeva bu qərarı ilə bir daha hər kəsə bildirdi ki, Azərbaycana qarşı ikili yanaşma göstərən təşkilatla əməkdaşlığa davam edilməsi mümkün deyil. Olmayan erməni “abidələri” üçün özünü meydana atan UNESCO 30 il ərzində Qarabağda ermənilər tərəfindən işğal dövründə yerlə-yeksan olunmuş Azərbaycan tarixi abidələri barədə nəinki susur, hətta onları görməzdən gəlir. Bu məktub böyük bir etirazın yazılı forması idi. 

Və bu gün üçün, ilin ən böyük hadisələrindən biri də Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların, ictimai fəalların, mətbuat işçilərinin, sadə insanların birlikdə keçirtdiyi aksiya oldu. Aksiya bu gün də davam edir. Sabah da davam edəcək. Azərbaycan tərəfinin haqlı tələbləri təmin olmayana kimi də oradayıq.

Onu da qeyd edim ki, aksiya iştirakçıları “Yeni il”i orada qeyd etmələri üçün hətta milad ağacı da bəzəyiblər.

Aksiyanın ikinci günü bəzi qüvvələrin yaydığı şayiə, “Günortaya qədər oranı boşaltmasanız, Rusiyanın sülhməramlıları sizi yola salacaq” deyənlər bu gün yəqin ki, çox pis əhvaldadırlar…

Əziz “dostlar”, vaxtı biz qoyuruq və biz öz suveren ərazimizdəyik. Tələblərimiz həyata keçirilməyənədək aksiya iştirakçıları da, aksiya iştirakçılarının təhlükəsizliyini qoruyan polis də, ordu da, xüsusi hərbi dəstələr də orada olacaqlar. Gecə də, gündüz də! Şaxtaya, soyuğa baxmadan, sona qədər! 

Biz Şuşaya gedəndə, “gücünüz çatır, Xankəndinə düşün” deyənlərə də, ilin axırı iki kəlmə sözüm var. Xankəndidən nə gətirim?

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir