Müharibə

Tbilisidə Qarabağda törədilən ekoloji terrora diqqət çəkmək məqsədilə dinc aksiya keçirilib – FOTO

Sharing is caring!

Gürcüstanda fəaliyyət göstərən bir qrup ictimai fəalın təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən BMT-nin ofisi qarşısında Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində təbii sərvətlərin qanunsuz istismarı ilə müşayiət olunan ekoloji terrora etiraz əlaməti olaraq dinc aksiya keçirilib.

Aksiyada yerli icma təşkilatlarının nümayəndələri, gənclər və tələbələr iştirak ediblər. İştirakçılar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarının əleyhinə çıxış edərək Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına həmrəy olduqlarını bəyan ediblər.

Əllərində Gürcüstan və Azərbaycan bayraqları tutan aksiya iştirakçıları “Ekoloji cinayətə son!”, “Ekoloji terrora yox!”, “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!”, “Qarabağın talanmasına son!”, “Erməni separatçılarının qanunsuz fəaliyyətinə son!”, “Ətraf mühitin terroruna yox” və s. kimi şüarlar səsləndiriblər.

İctimai fəal Məhəbbət İmanov çıxışında aksiyanın siyasi xarakter daşımadığını və “Ekoloji cinayətə son” qoyulmasına çağırıldığını vurğulayıb. Aksiyada erməni separatçılarının Azərbaycanın ekologiyasına vurduğu ziyanın bütövlükdə region üçün təhlükə olduğunu nəzərə çatdırılıb və BMT nümayəndəliyindən ekoloji terrora və erməni separatçılarının dağıdıcı xislətinə qarşı beynəlxalq səviyyədə təzyiq göstərmələri xahiş edilib.

“Biz Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının etirazına öz dəstəyimizi bildiririk.

Qeyd olunan istismar bölgədə gərginliyə təkan verir. Ətraf-mühiti qorumaq hər bir insanın borcudur.

Biz Gürcüstanda yaşayan azərbaycanlılar olaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə ekoloji vəziyyətin pisləşməsindən narahatıq. Buna müvafiq olaraq hava şəraitinin dəyişməsi və su ehtiyatlarının tükənməsi ilə əlaqədar beynəlxalq narahatlıq fonunda erməni kriminal-oliqarx qruplar tərəfindən ətraf mühitə vurulan zərər etnik nifrətlə müşayiət olunur və bu, azərbaycanlılara qarşı yönəldilmiş fobiyadır”, – deyə aksiyada oxunan bəyanatda bildirilib.

Sonda aksiya iştirakçıları BMT-nin ofisi qarşısında Azərbaycan və gürcü dillərində bəyanatı oxuyublar. Bəyanat aksiyanın təşkilatçıları tərəfindən BMT-nin ofisinə təqdim olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir