Müharibə

Laçın yolunda baş verənlərin doğuracağı nəticələr: Bakının NATO-ya və Moskvaya deyəcəkləri – TƏHLİL

Sharing is caring!

Şuşa-Xankəndi yolunda Azərbaycanın QHT təmsilçilərinin, ekofəalların aksiyalarının davam etməsi fonunda Bakı ilə Moskvanın hansı razılaşmalar əldə edəcəyi ilə bağlı suallar aktuallaşır.

Aksiya iştirakçılarının tələblərində prinsipiallıq göstərməsi, Azərbaycanın təbii sərvətlərinin talanmasına qarşı şüarlar,  hazırda Bakı ilə Rusiyanı Qarabağda iqtisadi əməkdaşlıq qurmağa sövq edir.

Tərəflərdən biri bəlkə də bu təklifi verib, lakin Rusiya iqtisadi əməkdaşlıq formatını özünün geosiyasi ambisiyalar qismində deyil, hüquqi prosedurlara əsaslanan tərəfdaşlıq prinsipi kimi qiymətləndirməlidir.

Bu nöqtəyə çatmaq üçün Rusiya Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinə təlimat verməlidir ki, qızıl mədənlərində rəsmi Bakının monitorinq aparmasına şərait yaratsın. Yəqin ki, Kreml Bakı ilə diplomatik kanallarla apardığı danışıqlarda həmin məsələlərin müzakirəsinə müsbət yanaşır.

İkinci bir nüans budur ki, həm Rusiya, həm də Qərb Azərbaycanın ərazi suverenliyinin mütləq təmininə maneə yaratmamalıdır və onlar Azərbaycanın ölkə ərazisində terrora, talana qarşı apardığı siyasətə dəstək olmalıdır.

Azərbaycan ABŞ və NATO-nun qlobal arenadakı antiterror əməliyyatlarına öz çapı çərçivəsində töhfələr verir. Bakı həmin kontekstin erməni terrorizminə münasibətdə də ifadə edilməsinə nail olmalıdır.

Azərbaycan Rusiyaya müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni də xatırlatmalıdır və Kremlin separatizmə, terrorçuluğa qarşı öhdəliyini masaya qoymalıdır.

Bir sözlə, Azərbaycan mümkün maraq toqquşmalarından sığortalanmaq şərti ilə Qərb ilə Rusiyanın fəaliyyətini antiterror tədbirlərinə kökləməyi bacarsa, bunu ən optimal variant adlandıra bilərik.  

Antiterror kontekstinin tərkibində dərin strateji məna tutumu var və bu, bir-birinə rəqib tərəflərin uzlaşması üçün praqmatik prosedur kimi başa düşülməlidir.

Nəzərə alsaq ki, postkonflikt reallıqlarında münaqişə dövründən miras qalan Laçın yolunun qeyri-qanuni məqsədlər üçün istifadəsi terrorçuluğun baş qaldırmasına şərait yaradır.

Azərbaycan Qarabağdakı erməni silahlıların öz cinayətlərini davam etdirməsi üçün cəhdlərinin və buna kənardan gələn dəstəyin qarşısını almaqdan ötrü bütün hüquqi tədbirləri görmək səlahiyyətinə sahibdir.

Ancaq Azərbaycan hərbi güc tətbiq etmədən də digər variantları təklif edir və həmin təkliflərin reallaşmasını haqlı olaraq tələb edir.

Birinci, Xankəndi-Gorus yolunda Azərbaycanın suveren nəzarətinin bərpa edilməsidir. Belə olarsa, Bakı Laçın yolunun qeyri-qanuni məqsədlər naminə istifadəsi əngəllənər.

İkinci, Azərbaycan Ermənistanın mina terroruna son qoyulması üçün çağırışlarının effektiv nəticə hasil etməsi üçün məsələni BMT Təhlükəsizlik Şurasının davamlı müzakirələrinə çıxarmağa nail olmalıdır, çünki mina problemi humanitar böhranın əsl üzüdür, ancaq hansısa qüvvələr həmin üzə astar çəkərək İrəvana qahmar çıxmağa çalışır.

Azərbaycan indi ciddi-cəhdlə Laçın yolunda nəzarəti bərpa etməyə çalışır və mümkündür ki, yaxın günlərdə Rusiya sülhməramlıları ilə birgə xidmət təşkil edilsin və gömrük postları quraşdırılsın.

Azərbaycan Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsi Rusiya sülhməramlılarının müvəqqəti xidmət etdiyi ərazilərdə nəzarətin bərpa edilməsinə, ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasında rol oynayacaq.

Daxili Qoşunlar sülhməramlıların xidmət etdiyi Qarabağda, Sərhəd Xidməti ilə Gömrük Komitəsi Ermənistandan Laçın yoluna girişdə postlar quraşdıra bilər.

Hazırda Rusiya sülhməramlı kontingenti üçün təyin olunan vaxt bitmədiyindən mümkündür ki, Moskva ilə Bakı birgə nəzarətin yaradılması mexanizmini müzakirə edir.

Aydın əlamətlərlə sezilməsə də, bətndə gizlənən bəzi detalları çıxarmaq olur, yəni Azərbaycanla Rusiya bu planın gerçəkləşdirilməsi üçün müzakirələrə start verib.

Gəlinə biləcək vacib nöqtə budur ki, Azərbaycan Xankəndidə, Xocalıda mütləq suverenlik hüququ səlahiyyətini reallaşdıracaq və Arayik Arutyunyan, Rubern Vardanyan kimi möhtəkir-dələduzların planları alt-üst olacaq – necə ki olub!

Arutyunyanla Vardanyan Rusiyanın layihələrində yer alır, lakin Moskva ağırlıq mərkəzini Bakının maraqlarına yönəltməyə məcbur olduğundan onları qurbanlıq quzu etmək planını da işə sala bilər.

Arutyunyanla Vardanyan Qarabağdakı erməni əhalinin Azərbaycana qarşı ayaqlanması üçün cəhdlər göstərsə də, bunun praktiki təsir imkanları qalmır, çıxılmaz vəziyyətdə qalan ikili, mülki ermənilər üzərində diktatura qurmaq planlarına gedir.

Azərbaycanın dəfələrlə erməni əhaliyə öz vətəndaşı kimi yanaşdığını deməsini nəzərə alsaq, düşünmək olar ki, Bakı Arutyunyan-Vardan tandeminin planlarının qarşısını almaqdan ötrü antiterror əməliyyatlarını gerçəkləşdirə bilər.

Qarabağdakı dinc ermənilər özlərinin vətəndaş kimliklərini Azərbaycanın yurisdiksiyası altında görsə və bunu bəyan edən cəsarətli addımlara start versə, bu onlar üçün daha yaxşı olar.

Qarabağdakı ermənilər Azərbaycanın mövqeyini və Bakının humanitar jestlərini separatçı dələduzlara qarşı arqumentə çevirməyi bacarmalıdırlar.

Mümkün proqnozların bir qismini səsləndirdik. Xankəndi, Xocalıdakı ermənilərə nisbətdə də bəzi versiyalar irəli sürmək olar.

Hesablamaq olar ki, Qarabağ erməniləri Arutyunyan-Vardanyan ikilisinə qarşı aksiyalara başlaya, Azərbaycanın həmin ərazilərdə suveren hüquqlarının bərpası üçün elementlərdən birinə çevrilə bilər.

Azərbaycanın Qarabağdakı ermənilərin sayılıb-seçilən nüfuzlu şəxsləri ilə təmasları artırması və onlara proseslərdəki yerini müəyyən edən təlimatları çatdırması gözlənilir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir