Müharibə

Qubadlı cəngavərləri: “Erməni silahlı birləşmələrinin tərkibində muzdlular da var idi” – FOTO

Sharing is caring!

“Vətən müharibəsi zamanı Qubadlıda erməni silahlı birləşmələrinin tərkibində muzdlular da döyüşürdülər”.

Bunu “Report”un Qubadlı rayonuna ezam olunan əməkdaşına açıqlamasında Müdafiə Nazirliyinin Quru Qoşunlarının (komando) leytenantı Şamxal Hüseynov deyib.

O söyləyib ki, İkinci Qarabağ müharibəsində döyüşlərə Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi istiqamətindən qatılıb:

“Bildiyiniz kimi, ermənilərin Füzuli və Cəbrayıl rayonlarında bir çox eşelonu var idi. Hər eşelonda da tank və piyada əleyhinə minalar yerləşdirilmişdi. Cəbrayılda “Teleqüllə” deyilən əraziyə gedən yolda düşmənin strateji mövqeləri mövcud idi. Çünki ermənilər gözəl anlayırdılar ki, bu yüksəkliyi əldən versələr, onların bütün təminat yolları və Arazboyu ərazilər nəzarətdən çıxacaq. Düşmən bizi daha çox minaatan və artilleriya atəşinə tuturdu. Eyni zamanda snayper və digər iri çaplı silah növlərindən istifadə edirdilər”.

O deyib ki, Silahlı Qüvvələrimiz oktyabrın 2-də artıq Cəbrayıl şəhərinin ətrafına yaxınlaşmışdı:

“Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, həmin vaxt hava yağışlı və kəskin dumanlı idi. Ermənilərin Cəbrayıl ərazisində yerləşən Tulus dağında betondan səngərləri vardı. Səngərlərin də arxasında taborları yerləşdirilmişdi. Onların şəxsi heyətləri bizim hərbi qulluqçularımızdan iki dəfə çox idi. Biz Füzulidə düşməni geri çəkilməyə məcbur edəndə onlar qaçıb Cəbrayıldakı yüksəkliklərdə mövqelənmişdilər. Döyüşlər başladı və çətinliklə də olsa, düşməni bu istiqamətdə məğlub etdik”.

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin bölmələrinin Cəbrayıl rayonu ərazisində yerləşən hərbi hissəsinə daxil olaraq mühüm əhəmiyyət daşıyan sənəd və döyüş xəritələrini, eyni zamanda hərbi sursatlarını ələ keçirib.

Zabit qeyd edib ki, döyüşlər zamanı rəhbərlik etdiyi şəxsi heyətdən şəhid olanlar və yaralananlar da olub:

“Əsgərim Ayxan Cəfərov hamını heyrətləndirən döyüş nümayiş etdirdi. O, döyüşlərin birində qəhrəmancasına şəhid oldu. Ayxan Cəbrayılda snayperlə bir neçə ermənini məhv etdi”.

Ş.Hüseynov Qubadlı döyüşlərindən də danışıb. Onun sözlərinə görə, Silahlı Qüvvələrimiz rayon ərazisinə daxil olanda düşmənin ciddi müqaviməti ilə üzləşib.

“Qubadlının Balasoltanlı, Padar kəndləri, Yazı düzü istiqamətlərində amansız döyüşlər getdi. Yazı düzü düzənlik olduğundan düşmənin müqavimətini qırmaq olduqca çətin idi. Ermənilər tərəfindən muzdluların iştirakını məhz bu döyüşdə gördük. Yazı düzündə 10 günə yaxın döyüşlər getdi. Burada Milli Qəhrəman, Azərbaycan Ordusunun polkovniki Şükür Həmidov, leytenant Vəli Quliyev, mayor Elşən Orucov, baş leytenant Ehtiram Hüseynli şəhidlik zirvəsinə ucaldılar, özüm isə ağır yaralandım”, – Ş.Hüseynov vurğulayıb.

Azərbaycan Ordusunun mayoru İbrahim Əliyev də Vətən müharibəsində iştirak edib. O, Qubadlı rayonunun düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib.

Zabitin sözlərinə görə, ermənilərin müdafiə olunduğu əsas yerlərdən biri də Qubadlı rayonu ərazisi olub:

“Burada 831 və 833 yüksəklikləri yerləşir. Düşmən də elə bu yüksəklikdə mövqelənmişdi. Həmin yüksəkliklər Qubadlı şəhərinin açarı demək idi. Bizim bölmələrimizin hücumu nəticəsində Qubadlıdan Ermənistanın Gorus rayonu istiqamətinə gedən yolda ermənilərin avtomobil və zirehli texnika, eyni zamanda canlı qüvvəsi pusquya salınaraq məhv edildi. Bu istiqamətdə gedən döyüşlərdə şəhid polkovnik Şükür Həmidovun rəhbərliyini xüsusi vurğulamaq istəyirəm. O, bizi arxasınca apardı və qəhrəmancasına şəhid oldu”.

İ.Əliyev bildirib ki, döyüşlər zamanı Azərbaycan Ordusunun şəxsi heyətinin psixoloji vəziyyəti yüksək səviyyədə olub: “Yazı düzündə amansız döyüşlərimiz oldu”.

Kapitan Ələkbər Ələkbərov isə deyib ki, döyüşlərə sentyabr 27-si səhər saatlarında Füzulinin Alxanlı kəndi istiqamətindən qoşulub.

Burada düşmənin 30 il müddətinə qurduğu mühəndis-istehkam maneələri olub. Bu da Silahlı Qüvvələrimizin irəliləməsinə maneələr yaradıb.

Zabit xatırlayır ki, Füzulidə düşmənin üzərinə əks-hücuma keçən zaman itkilərimiz olsa da, döyüş sonda Azərbaycan bölmələrinin qələbəsi ilə bitib:

“Biz Füzulidən Şuşanın Daşaltı kəndi istiqamətinə qədər döyüşə-döyüşə irəlilədik. Mən Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında yaralandım. Yaramın yüngül olduğunu bildirərək döyüşləri davam etdirdim. Oktyabrın 21-də isə ikinci dəfə yaralandım. Bu, Daşaltı kəndinin azadlığı uğrunda gedən döyüşlərdə baş verdi. Həmin vaxt döyüşü heç cür davam etdirə bilmədim. Bu döyüşlərdə dostlarım şəhidlik zirvəsinə ucaldılar. Vətən müharibəsindən iki il keçməsinə baxmayaraq, düşmən yenə də təxribatlara əl atır. Sentyabrın 12-13-də bunun bir daha şahidi olduq, lakin yenə uğursuzluğa düçar oldular. Onlar artıq başa düşdülər ki, İkinci Qarabağ müharibəsindən iki il, beş il, yüz il də keçsə, cənab Prezident İlham Əliyevin dediyi kimi “Dəmir yumruq” daima onların başları üzərində olacaq, erməni faşizmi yenidən baş qaldırsa, başını əzəcək”, – Ə.Ələkbərov vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir