Müharibə

Düşməni vahiməyə salan kəşfiyyatçı-snayper Arif Mehdizadə – FOTO

Sharing is caring!

Nişançının – snayperin işinin nəticəsi vahiməlidir. O, gözlənilməyən yerdən peyda olur, dəqiq atəş açaraq hədəfi məhv edir, sonra bilinməyən və görülməyən yerdən mövqeyini dəyişir, yox olur. Peşəkar snayperlər arasında belə bir deyim var ki, snayper düşmənin ürəyinə vurulan nizədir. Bu nizə o qədər itidir ki, düşmən bununla mütləq barışır və məhv olur. Hərbi mütəxəssislərə görə, snayperi ciddiyə almamaq böyük səhvdir. Ondan nə uzaqlıq, nə də zirehli gödəkçə qoruyur. O, döyüşün gedişatını kökündən dəyişən, siyasi proseslərə nöqtə qoyan, cərrah bıçağı dəqiqliyi ilə terrorçunu, düşməni məhv edəndir. Yaxınlıqda snayperin olduğunu düşünən əks tərəfin qüvvələri hər zaman psixoloji narahatlıq yaşayır.

44 günlük Vətən Müharibəsində düşmənə daim narahatlıq, vahimə, qorxu yaşadan belə snayperlərdən biri də Arif Əliheydər oğlu Mehdizadədir.

“Kaspi” A.Mehdizadə barədə məqalə dərc edib.

O, 1994-cü il yanvar ayının 1-də Şəmkir rayonunun Nərimanlı kəndində anadan olub. 2011-ci ildə Gəncə şəhərinin Gülüstan qəsəbəsindəki Kəlbəcər rayon 2 saylı tam orta məktəbi bitirib. 2012-ci ilin yanvar ayından 2013-cü ilin iyun ayına qədər Dövlət Sərhəd Xidmətinin (DSX) “N” saylı hərbi hissəsində əvvəlcə çevik hərəkət bölüyündə, ardınca da könüllü olaraq zastavada xidmət edib. Komandanlığın əmrlərini vaxtında və dəqiq yerinə yetirdiyinə, nümunəvi xidmətinə görə sıravi əsgərdən manqa komandiri vəzifəsinə qədər yüksəlib, hərbi hissə komandirinin əmri ilə “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanına layiq görülüb. Əsgərliyini başa vurub ehtiyata buraxıldıqdan sonra mülki həyatda müxtəlif sahələrdə çalışıb. Lakin hərbiyə olan marağı onu yenidən Silahlı Qüvvələrə gətirib. 2016-cı ildən 2021-ci ilin oktyabr ayına qədər Göygöl rayonunun Toğanalı kəndindəki “N” saylı hərbi hissənin kəşfiyyat bölüyündə kiçik çavuş rütbəsində kəşfiyyatçı-snayper vəzifəsində xidmət edib. Hazırda Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində nəzarətçi işləyir.

A.Mehdizadə 44 günlük Vətən Müharibəsində də kəşfiyyatçı-snayper kimi xidmət edib.

Hərbçi yoldaşları ilə birlikdə Kəlbəcər rayonunun bəzi yaşayış məntəqələrinin, həmçinin bir çox strateji yüksəkliklərin azad olunmasında, Murov dağı ətrafında düşmən mövqelərinin ələ keçirilməsində iştirak edib:

“Kəşfiyyatçı-snayper kimi əsas vəzifəm qrupa atəş dəstəyi vermək, düşmən mövqelərində fəal döyüşən, bizə canlı itki yaşada biləcək hədəfləri, o cümlədən snayper və pulemyotçuları, minaatanları məhv etmək idi. Yəni hərbçilərimizin irəliləməsinə mane olan istənilən canlı hədəfi məhv edir, atəş mövqelərini susdururdum. Bununla da səngər yoldaşlarımın maksimum az itki ilə düşmən mövqelərini, yüksəklikləri ələ keçirməsinə, o ərazilərə Azərbaycan bayrağını sancmalarına dəstək olurdum. Əraziyə, relyefə uyğun olaraq maskalanır, 500-800 metr məsafədən, bəzən daha yaxından düşmənin bütün hərəkətlərini müşahidə edirdim”.

Qəhrəman qazimizin söylədiyinə görə, kəşfiyyatçı kimi müharibəyə qədər də eyni vəzifəni icra edib, eyni işi gördüklərindən, müvafiq kəşfiyyat məlumatlarına malik olduqlarından düşmənin harada nə qədər canlı qüvvə və texnika cəmlədiyini əzbər biliblər:

“Qarşı tərəf üçün snayper və rabitəçi ən birinci hədəf olduğundan biz kəşfiyyatçı-snayperlərin həyatı üçün daha böyük təhlükə var idi. Çünki snayperin və rabitəçinin öldürülməsi qrup arasında rabitə əlaqəsini itirir, onların bir-bir zərərsizləşdirilməsini asanlaşdırır. Bu təhlükəyə baxmayaraq, qrup halında döyüşə girir, bu dəfə özümüzdən daha çox hərbçi yoldaşlarımızın həyatına görə daha böyük məsuliyyət hiss edir, bir-birimizi qoruyurduq. Hər bir atışdan sonra dərhal mövqe dəyişikliyi edir, maskalanırdıq ki, düşmən snayperi üçün açıq hədəfə çevrilməyək. Çətinliyə və təhlükəyə baxmayaraq, qrupun taleyini düşünür, onların həyatda qalıb irəliləmələri üçün əlimizdən gələni edirdik. Hətta dəniz səviyyəsindən 3417 metr yüksəklikdə olan Camış dağını 7 saata qət edib hündürlükdə mövqe tutmuşduq ki, düşməni daha çox itkiyə məruz qoya bilək. Elə vaxt olurdu bir gündə cəmi 1 litr suyu 24 nəfərə qurtum-qurtum içir, susuzluğumuzu qismən yatırır, çətinliyə rəğmən hərbi tapşırığı uğurla yerinə yetirirdik. Belə əməliyyatlarımız çox olub”.

Vətən Müharibəsində xalqımızın həmrəyliyindən, şəhidlik mərtəbəsinə ucalan qəhrəmanlarımızın fədakarlığından, qazilərimizin rəşadətindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətindən məmnunluqla söhbət açan A.Mehdizadə yeniyetmə və gənclərə hər zaman vətənpərvər olmağı, Vətəni sevməyi, ölkəmizin ərazi bütövlüyünü qorumağı tövsiyə etdi. O, zərurət yaranarsa, bu gün özünün də döyüşə atılmağa, səngər yoldaşları ilə birlikdə əlində silah keşik çəkməyə hazır olduğunu dilə gətirdi. Məhz bu cür vətənpərvərliyinə, Vətən Müharibəsində xidmətlərinə görə, qazi A.Mehdizadə Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Kəlbəcərin azad olunmasına görə”, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla “Vətən müharibəsi iştirakçısı” medallarına, həmçinin Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medala layiq görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir