Müharibə

Füzuli cəngavərləri danışırlar: “Düşmənin yaratdığı mifi dağıtdıq” – FOTO

Sharing is caring!

“Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Füzulini “alınmaz qala” hesab edirdilər. Onlar fikirləşirdilər ki, Azərbaycan Ordusu heç vaxt Füzulini azad edə bilməz. Ancaq Azərbaycan Ordusu onların bu miflərini də dağıdaraq tarixi torpağımızı işğalçılardan azad etdi. Bu torpaqlar bizimdir və əbədi olaraq da bizim olacaq”.

Bunu “Report”un Füzuliyə ezam olunan əməkdaşına açıqlamasında Müdafiə Nazirliyinin Quru Qoşunlarının (Komando) hərbi qulluqçusu Amil Həsənov deyib.

O bildirib ki, döyüşlərə könüllü olaraq qatılıb: “Həyatı dərk edəndən valideynlərimdən torpaqlarımızın işğal altında olduğunu eşidirdim. Həmin yerləri düşmən tapdağı altından azad etmək bizim borcumuz idi və Azərbaycan Ordusu bunu reallaşdırdı. Ancaq qələbə haqqında fikirləşirdik. Məqsədimizə çatdıq və düşməni torpaqlarımızdan rədd etdik”.

A.Həsənov söyləyib ki, ən şiddətli döyüşlərdən biri Füzuli istiqamətində olub:

“Erməni silahlı bölmələri 30 ilə yaxın davam edən işğal dövründə güclü istehkam qurmuşdular. Onlar elə fikirləşirdilər ki, biz o istehkamları yara bilməyəcəyik. Ancaq bilmirdilər ki, Azərbaycan Ordusunun keçə bilmədiyi sədd yoxdur. Biz onların qurduqları istehkamları özləri ilə birgə məhv etdik”.

Amil Həsənov

Döyüşçü Vətən müharibəsindən sonra ordu sıralarında qaldığını və hazırda Müdafiə Nazirliyinin Quru Qoşunlarının “N” saylı komando hərbi hissəsində xidmət etdiyini deyib:

“Bizə çox yüksək səviyyədə şərait yaradılıb. Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə hər an hazırıq. Torpaqlarımıza göz dikən, təxribatlar törətmək istəyənlərə qarşı vuruşmağa daim hazırıq”.

Müdafiə Nazirliyinin Quru Qoşunlarının (Komando) digər hərbi qulluqçusu Kərim Əliyev isə bildirib ki, sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını almaq üçün əməliyyatlara qoşulub:

“Həmin gün xidmət etdiyim “N” saylı hərbi hissə düşmən üzərinə hücuma keçdi. Biz döyüşlərə Cəbrayıl rayonu istiqamətindən başladıq. Həmin istiqamətdən irəliləyərək “üç yol” deyilən əraziyə nəzarəti ələ keçirdik və Cəbrayıl, Füzuli və Hadruta gedən yolun qarşısını kəsdik. İlandağ və Şabandağ istiqamətindəki yüksəklikləri düşməndən azad edərək nəzarəti ələ keçirdik. Bundan sonra isə Azərbaycan Ordusunun xüsusi təyinatlıları ilə birlikdə düşmənin arxasına keçərək Qarakollu və Qarazıllıda ermənilərə məxsus üç avtomobili şəxsi heyətləri ilə birgə məhv etdik”.

Kərim Əliyev

Onun sözlərinə görə, Füzuli istiqamətində ağır döyüşlər gedib:

“Əvvəlcə hakim yüksəklikləri nəzarətə götürdük. Məqsədimiz ərazini tam nəzarətə almaq və tarixi torpağımızı azad etmək idi. Sonra döyüş tapşırığını yerinə yetirmək üçün irəliləməyə davam etdik. Burada ermənilərin canlı qüvvəsini, texnikasını məhv etdik. Sağ qalan erməni hərbçilər isə silah-sursatlarını atıb qaçırdılar. Onlar bizim qarşımızda aciz qalmışdılar. Döyüşlər bizim üçün çətin olsa da, şərəfli idi. Çünki biz hər zaman Ali Baş Komandanın əmrini gözləyirdik ki, işğalda olan torpaqlarımızı düşməndən azad edək və üçrəngli şanlı bayrağımızı ərazilərimizə sancaq. Çox şükürlər olsun ki, bu gün bizə qismət oldu. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu, mənim üçün çox qürurverici bir hissdir. Düzdür, Vətən müharibəsi zamanı yaxın dostlarım, döyüş yoldaşlarım, qardaşlarım şəhid oldu, yaralandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Hərbçi onu da vurğulayıb ki, Vətən müharibəsi zamanı Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışları və Azərbaycan xalqının ordunun yanında olması onlara əlavə güc verirdi:

“Ali Baş Komandanın “dəmir yumruğu” bizim irəliləməyimizə əlavə güc verirdi. Hər dəfə çıxışlara qulaq asan zaman daha da ruhlanırdıq, qürurlanırdıq”.

K.Əliyev hazırkı xidmət yerindən də danışıb:

“Hazırda Müdafiə Nazirliyinin Quru Qoşunlarının “N” saylı komando hərbi hissəsində xidmət edirəm. Azərbaycan Ordusunda xidmət etdiyim üçün qürur duyuram. Bu, mənim üçün böyük şərəfdir”.

Mübahir İsrafilov da Vətən müharibəsi iştirakçısıdır, hazırda komando hərbi hissəsində xidmət edir. O deyib ki, erməni hərbçiləri Azərbaycan Ordusu ilə döyüşdə silah-sursatını, dəbilqəsini atıb qaçırdı:

“Biz əlavə gücü isə Ali Baş Komandan, Prezident İlham Əliyevdən və xalqımızdan alırdıq. Füzulinin düşməndən təmizlənməsi ilə digər yaşayış məntəqələrimizin də azad edilməsi üçün əlverişli şərait yarandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 44 günlük Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə son qoydu. Hər zaman olduğu kimi, tarixi zəfərimizdən sonra da ölkə rəhbərliyi və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Vətən müharibəsi iştirakçılarına yüksək qiymət verildi. Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan şəxslərə xüsusi diqqət və qayğısı bizə əlavə stimul verir”.

Mübahir İsrafilov

Hərbçi bildirib ki, bu gün azad olunan ərazilər də daxil olmaqla, Azərbaycan Ordusunun bütün istiqamətlərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur: “Aparılan islahatlar nəticəsində peşəkar kadrlar yetişir, yüksək dəqiqliklə hədəfi məhv etmə qabiliyyətinə malik müasir silahlarla Ordumuz daha da qüdrətlənir. Hər bir hərbi qulluqçu bütün təminat növləri (maddi, mənəvi, tibbi təminat, məişət şəraiti) ilə təmin edilir. Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq işlər görülür. Azərbaycan Ordusu ölkəmizə qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edir. Bu gün hər kəs bilməlidir ki, Ordumuz ölkəmizi istənilən xarici təhdidlərdən qorumağa hər an hazırdır. Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq bizim şərəfli borcumuzdur”.

Qeyd edək ki, bu gün Füzulinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən iki il ötür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir