MARAQLI

Qədəmləri sayalı olsun!…Elman Eldaroğlu yazır

Sharing is caring!

Heç vaxt reallaşmayacağını bildiyi bir arzusu var-atasını bir daha görmək arzusu…

Atasının vaxtsız ölmünü ömrünün ən böyük uğursuzluğu hesab edir və atasıyla belə tez vidalaşmağı, onu çox üzür!

İnanclıdır…Allahın varlığına, qismətə, bəxtə, taleyə inanan adamdır. Bununla yanaşı, həyatda işığı və ya qaranlığı insanın özünün seçdiyinə də əmindir.

Deyir ki: – “Mənə görə fiziki anlamda uğurun bu həyatda ciddi anlamı yoxdur. Əslində uğur deyə gördüklərimiz həyatda etməli olduqlarımızdır. Bəzən insanlar ali təhsili, uğurlu işi, bol qazancı ciddi nailiyyət kimi görür, belə deyil. Kainat və Allahla münasibətdə səmimi olub, daim müsbət enerji ilə çalışsaq, demək olar ki, hər addımımız uğurlu olar və əslində belə də olmalıdır. Lakin cəmiyyətin böyük bir qismi “Allahdan buyruq, ağzıma quyruq” prinsipi ilə yaşayır və çox zəngin olmaq istəyir”.

…Sevgi dolu insandır. Necə deyərlər, dilinin şirinliyi içindəki insan sevgisindən qaynaqlanır. Hamıya qarşı diqqətlidir. Cümləsinin əvvəl sözü də “can”dır, son kəlməsi də. Çox zirəkdir…heç vaxt tənbəl olmaq lüksünü özünə layiq biıməyib. Bəlkə də bu onu uğura aparan ən yaxşı xüsusiyyətlərindən biridir.

Həyatı dərindən dərk etməyi bacarır. Ən çətin vaxtlarda belə iradə və sevgi duyğularıyla mənfi enerjiyə qalib gəlir. Bütün ömrü boyu böyük sevgi ilə əhatə olunduğundan bu ruhda böyüyüb və o sevgini, ruhən və mənən almaq istəyən hər kəsə ötürürə bilir.

Bəli, haqqında söhbət açdığım məşhur teleaparıcı, çoxumuzun sevimlisi telejurnalist Günel Gözəlova belə bir xanımdır. O, 1982-ci ilin avqust ayının 6-da Bakıda dünyaya gəlib. Orta təhsilini 159 saylı məktəbdə başa vurub. BDU-nun Jurnalistika fakültəsinin 2003-cü ildə bakalavr dərəcəsini alıb, 2005-ci ildə isə magistr dərəcəsinə yiyələnərək bu Ali təhsil ocağını qırmızı diplomla bitirib.

2000-ci ildən həyatını televiziyaya bağlayıb. Əvvəlcə AzTV-də müxtəlif redaksiyalarda jurnalist, redaktor, aparıcı kimi çalışsa da, sonradan “Lider” televiziyasında aparıcıdan, Departament rəisinin müavini, Ana Xəbərin müdiri vəzifəsinədək yüksələ bilib. Bununla yanaşı Azərbaycan Beynəlxalq Universitetində “Azərbaycan jurnalistkası” və “Beynəlxalq jurnalistika” fənlərini tədris də edib. Bir sözlə, Günel xanım əmək fəaliyyətində uzun yol keçib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi də olub, 2 əslik tarixi olan “Azərpoçt”-da ilk dəfə İctimaiyyətlə Əlaqələr Şöbəsini yaradıb. Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə rəhbərlik edib, nazirin sözçüsü kimi fəaliyyət göstərib. Beynəlxalq Avrasiya Mətbuat Fondunda Mətbuat və Təhsil layihələri üzrə Vitse Prezidet olub.

2022-ci ildən “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İB-nin Sədri, eləcə də “MTV Azərbaycan” kanalının baş redaktorudur. Ailəlidir, bir qızı var.

Sədaqətli xanım, vəfalı, təəssübkeş ömür-gün yoldaşıdır. Ötən illərin söhbətidir, həkim səhlənkarlığı ucbatından həyat yoldaşı Anar Gözəlov sağlamlığını itirərək, hətta ailə üzvlərini belə tanımırdı. Günel xanım, ərinin hüquqları uğrunda mübarizə apararaq, onu bu vəziyyətə salan cərrahın cəzalandırılması uğrunda necə mübarizə apardığının çox adam şahidi olub. Öz aramızdır, bu vəziyyət çoxumuza tanışdır. O qədər bəzi başıbatmış həkimlərin səhvindən adamlar ölüb ki… Necə deyərlər, yaxınları da həkim nağıllarına uyaraq, buna göz yumub susublar. Qan da batıb, can da…

Şükür Allaha, məhz Günel xanımın fədəkarlığı sayəsində uzun sürən müalicələrdən sonra Anarın əmək qabiliyyəti nisbətən də olsa bərpa olunub, II qrup əlildir.

Günel xanım çox iradəli, əzmkar insandır. Xüsusi bir hobbisi olmasa da, harada çalışırsa, nə işlə məşğul olursa həmin işi hobbisinə çevirir ki, ən mükəmməlinə nail ola bilsin.

Avqustun 6-də 41 yaşını adlasa da, hələ də özünü gənc hesab edir və gənclərə tövsiyyə edir ki, zamanın, eləcə də sağlamlıqlarının qədrini bilsinlər.

“Dünyada ən baha satılan və sonradan geri dönüşü olmayan məhvumdur zaman”- söyləyir. Gileylənir ki, özü də zamana münasibətdə çox səxavətli olub, bunu ən böyük uğursuzluğu hesab edir. Ən böyük arzusu isə uzun və sağlam ömür sürməkdir.

Deyir ki: -“İnsan elə bir varlıqdır ki, onun arzuları bitib tükənmir, zaman-zaman dəyişir, hətta reallaşmasa da. Çünki belə olmasa insan kamilləşə və çox şeyin gözəl olmasına nail ola bilməz…”

Bəli, avqustun 6-da növbəti yaşı Günel Gözəlovanın ömrünə ilk qədəmini qoyacaq. Qədəmləri sayalı olsun! Gedərkən, özündən sonra gözəl izlər, xatirələr saxlasın!

Çox yaşayın, Günel xanım!

Elman Eldaroğlu

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir