MARAQLI

Ərim evdə yoxdur

Sharing is caring!

Lalə Mehralı

İşdən evə qayıdırdım, həyət evlərinin olduğu döngədən çıxanda bir evin qapısını döyən Azəriqaz işçilərini gördüm. Təxminən belə bir dialoq eşitdim:

-Axı biz 3-cü dəfədir gəlirik, sayğaca texniki baxış keçirilməlidir, siz də qapını açmırsınız.

-Ərim evdə yoxdur, axşam gəlin.

-Saat neçədə evdə olur?

-9-dan sonra.

-İş vaxtı olmur həmin saatlarda, necə gələk?

-İcazə vermir açmağa, aça bilmərəm.

Söhbət nə qədər uzandı, bilmirəm, mən ötdüm keçdim. Günortaçağı idi, küçədə insanlar, məktəblilər, maşınını yuyan qonşu, nəvəsini gəzdirən baba vardı, keçib gedənlər də çox idi. Həyət evlərində sayğaclar həyətdə olur, evin daxilində yox. Qadın evin yox, həyətin qapısını açmırdı, maraq üçün boylanıb baxdım, qapının gözlüyü də vardı, qapıdakıların kimliyini, küçədəki insanları oradan görmək olurdu. Yad kişilərdən qorxu, xof, hətta həyət qapısını açmağa icazə vermirdi. Ya da öz ərinin qorxusu…

Yaza-yaza düşünürəm ki, bəzən qınamaq da olmur. Evdə tək olan qadınlara hücum edən, qarət, təcavüz halları yaşanan vəziyyətləri eşidirik bəzən. Amma indi günorta idi, küçə qələbəlik idi. Üstəlik, bu qədər qorxu, xof, insanlara güvənsizlik hissi psixologiyamızı da korlayır. Hər şeyə şübhə ilə yanaşırıq. Qapının gözlüyünə inanmayıb qapını açmayanlar getdikcə çoxalır. Yadıma bir tanışın başına gələn hadisə düşdü.

Ev təmizliyi ilə məşğul olan ana evinin bayır dəhlizini silərkən aralı qoyduğu qapını külək çırparaq örtür. Bayırdan qapını açmaq olmur, içəridə isə 2 azyaşlı övladı qalır . Ananın telefonu da yanında olmur, o da içəridə qalıb. Təlaşla qonşuların qapısını döyür, kömək istəyir. 2 qapı qonşusu qapını açmır, içəridən məsləhət verirlər: “Yoldaşım yoxdur, aça bilmərəm, düşün aşağıdakı polis bölməsindən kömək istəyin”. FHN-ə zəng etməyi xahiş edən anaya verilən cavab isə dəhşətlidir: “Yoldaşım tanımadığı nömrəyə zəng etməyə qoymur”.

Qadın bu əhvalatı danışanda boğazı qəhərlənirdi, yaş onu boğurdu: “Mən 4 ildir o binada yaşayıram, uşaqlarımla çıxanda-düşəndə o qonşularım məni görüb, tanıyırlar. Amma çətin vəziyyətimdə mənə qapını açmadılar, heç vaxt unuda bilməyəcəyim hiss yaşatdılar mənə”.

Səs-küyə yuxarı mərtəbədəki qonşu qadın dəhlizə çıxır, ananı ağlayan görüb düşür aşağı. Tez FHN-ə zəng edir, kömək çağırır. FHN nümayəndələri gəlib həmin qadının eyvanından qapısı bağlanmış mənzilə düşüb açırlar qapını. Bütün bunlar baş verərkən digər iki qonşu mənzilin qapısı açılmır, amma olanları gözlükdən güddüklərinə adım kimi əminəm.

“Çox böyük etinasızlıqdır” deyəcəksiniz, amma mən “dəhşətli vicdansızlıqdır” deyəcəm. Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 2 körpə, çarəsiz qalan ana və bunu qapı dalında dayanıb gözlükdən seyr eləyən 2 vicdansız qadın. Dəhşətli deyilmi sizcə də? İnsan ehtiyat edər, tədbirli davranar, amma yerinə görə. 4 ildir tanıdığın birinə qapı açmamaq, kömək etməmək insan olmamağın göstəricisidir. İnsan küçədə köməksiz qalan pişiyə, itə belə kömək edir, nəinki insana…

Kommunal xidmətlər göstərən idarələrin işçilərinə qapı açmayan, ərinin icazə vermədiyini deyən o qadını buna məcbur edən ər zehniyyəti olduqca, ona tabe olan qadınlar da olacaq. Gecə deyil, tənha yer deyil, kimsəsiz bina dəhlizinə açılan qapı deyil. Günün günorta çağı, gediş-gəlişi bol olan bir küçədə qapını açmağa qorxan qadının içindəki ər qorxusunu təsəvvür edə bilirsinizmi?

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir