MARAQLI

Alimlər həyəcan təbili çaldılar: “Səyahət edən” mumiyalar yüzlərlə insana zərər verə bilər” – FOTO

Sharing is caring!


1800-cü illərə aid altı Quanaxuato mumiyası keçən həftə Meksikanın paytaxtı Mexikoda keçirilən “Tianguis Turistico-2023” turizm sərgisində nümayiş etdirilib.

Lakin sərgidən bir neçə gün sonra tədqiqatçılar həyəcan təbili çalıblar. Alimlər ehtiyat edirlər ki, mumiya qalıqlarının sərgiləndiyi vitrinlər hermetik olmaya bilər.

Bir qayda olaraq, cəsədlər tapıldığı yerin yaxınlığında sərgilənir, lakin “El Museu de las Momias” (“Mumiyalar muzeyi”) eksponatları tez-tez dünyanı gəzir. Məsələn, 2009-cu ildə onlar artıq ABŞ-də nümayiş etdirilib. Qeyd edək ki, söhbət 111 Quanaxuato mumiyasından gedir ki, onların bəzilərində saç, dəri və hətta paltarlar da canlı qalıb. Tədqiqatçıların fikrincə, buna səbəb unikal yerli iqlim, minerallarla zəngin torpaqlar və bəzi hallarda mumiyaların balzamlanması ola bilər.

Məlumdur ki, cəsədlər ilk dəfə 1833-cü ildə vəba epidemiyası zamanı basdırılıb. Bu da infeksiyaların yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində həyata keçirilib.

Buna baxmayaraq, tədqiqatçılar indi bu eksponatların sərgiyə gələnlərin sağlamlığı üçün təhlükəli ola biləcəyinə inanırlar. Meksika Milli Antropologiya və Tarix İnstitutunun (INAH) əməkdaşlarının sözlərinə görə, sərgidə nümayiş etdirilən mumiyalardan ən azı biri göbələk infeksiyaları tərəfindən “kolonizə” edilib (göbələyə yoluxub) və bu da ziyarətçilər üçün təhlükə yarada bilər.

İnstitutun əməkdaşları qeyd ediblər ki, mumiyaların nümayiş olunduğu vitrinlərin əslində hermetik olduğuna əmin deyillər. Buna görə də onlar ehtiyat edirlər ki, göbələklə yoluxmuş qalıqlar sərgiyə gələn yüzlərlə ziyarətçiyə zərər verə bilər.

Tədqiqatçılar həmçinin vurğulayıblar ki, sərginin təşkilatçıları bununla bağlı tədqiqatçılardan məsləhət almayıblar. Həmçinin təşkilatçılar səyahət edən mumiyaların sərgiyə gələn ziyarətçilərə yaratdığı bütün riskləri də düzgün hesablamayıblar.

Mənbə: Focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir