Mədəniyyət

Qarabağa gələn İrəvan xanının nəticəsi ermənilərin Ağdamda törətdikləri cinayətlərdən dəhşətə gəlib – FOTO

Sharing is caring!

Qarabağa səfəri çərçivəsində İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvani Ağdam şəhərində olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə gerçəkləşən səfər zamanı qonaq Ağdam şəhərində Pənahəli xanın sarayını, Qarabağ xanlarının türbələri və yaşayış evini (İmarət), Pənahəli xanın və Xurşidbanu Natəvanın məzarlarını, Şahbulaq qalasını ziyarət edib. 
İrəvan xanının varisi Ağdam şəhər mərkəzində törədilən dağıntılara baxış keçirib, Cümə məscidində aparılan bərpa-quruculuq işləri ilə tanış olub. 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı rayon ərazisində dağıdılmış tarixi, mədəni və dini abidələr, törədilmiş ekoloji terror, postmüharibə dönəmində Ağdamda iqtisadi zonaların inkişafı, Sənaye parkının, digər mərkəzlərin yaradılması və yaşayış evlərinin inşası ilə bağlı aparılan tikinti işləri barədə qonağa ətraflı məlumat verib. 
Bildirib ki, ermənilərin Ağdamda törətdikləri cinayətlərdən dəhşətə gəlib:

“Bu cinayətləri sözlə təsvir etmək mümkün deyil. Bu fəlakətin dərinliyini öyrənmək üçün bu xarabalıqları yaxından görmək və işğaldan əvvəlki görüntülərlə müqayisə etmək lazımdır”. 

Səfər zamanı Ağdamın yenidənqurma işlərinin inkişaf planları ilə tanış olduğunu deyən İrəvan xanının nəticəsi nəzərə çatdırıb ki, torpaqlarımızı işğaldan azad edənlərlə və yenidənqurma-bərpa işlərinin icraçıları ilə qürur duyur.

Ağdamdan Bakıya dönərkən Əmir Əli Sərdari İrəvani Bərdə şəhərində yerləşən və dövlətimiz tərəfindən memarlıq abidəsi kimi qorunan Bəhmən Mirzə Qacarın türbəsini də ziyarət edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə əməkdaşı qonağa Bəhmən Mirzə Qacar və onun türbəsi barədə ətraflı məlumat verib.

Əmir Əli Sərdari İrəvani bildirib ki, Bəhmən Mirzə ulu nənəsi Mahruxsar Fəxrəddövlənin qardaşı olub. Mahruxsar Fəxrəddövlə onun ulu babası Məhəmmədhəsən xan Sərdar İrəvaninin xanımı olub. 

Qarabağa səfərini unudulmaz anlar kimi qiymətləndirən qonaq qeyd edib ki, Azərbaycana növbəti səfərinin çox gec olmayacağına ümid edir:

“Mənim bu insanlarla, bu mədəniyyətlə, bu torpaqla danılmaz əlaqəm var. Mənə Qarabağa səfər etmək və təəssüratımı bölüşmək imkanı yaratdığı üçün Fuad Muradova çox minnətdaram. Bu mənim həyatımda unudulmaz bir təcrübə oldu. Təbii ki, təəssüratlarımı bölüşmək və töhfə vermək üçün əlimdən gələni edəcəyəm”. 

İrəvan xanının varisi Qarabağla bağlı təəssüratlarını Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramı ilə bölüşüb. Onun müsahibəsi bu günlərdə yayımlanacaq. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir