Mədəniyyət

Dohada Azərbaycan musiqiçilərinin möhtəşəm konserti olub – FOTO/VİDEO

Sharing is caring!


Fevralın 22-də Qətərin paytaxtı Dohada Azərbaycan musiqisindən ibarət konsert olub.

Oxu.Az-ın məlumatına görə, konsert proqramına Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər Rüfət Xəlilzadə), eləcə də Ənvər Sadıqovun “Buta” etno-caz qrupunun ifaları daxil edilib.

Azərbaycan ritmləri hər çıxışı gurultulu alqışlarla qarşılayan tamaşaçıları valeh edib. Alovlu rəqslər də heç kəsi biganə qoymayıb. İş o yerə çatıb ki, sonda tamaşaçılar özləri rəqs etməyə başlayıblar.

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev, Qətər Mədəniyyət Nazirliyinin rəsmiləri və digər mühüm qonaqlar iştirak ediblər.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin Oxu.Az-la söhbətində qeyd edib ki, Azərbaycan mədəniyyətinin Qətər kimi bir ölkədə təmsil olunması çox vacibdir.

“Müharibə bitdi, biz qalib gəldik, amma ideoloji müharibə hələ də davam edir. Burada da biz qalib olmalıyıq. Ona görə də hər bir ölkədə, bütün qitələrdə özümüzü yüksək səviyyədə göstərməliyik. Bu gün biz özümüzü layiqincə göstərdik, möhtəşəm mədəniyyətimizi, musiqimizi, rəqsimizi nümayiş etdirdik”, – deyə Xalq artisti bildirib.

Qeyd etmək istərdik ki, fevralın 21-dən 24-dək Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir