Mədəniyyət

Bu gün Novruz Qartalın anım günüdür – FOTO

Sharing is caring!


Aktyor, Azərbaycanın Əməkdar artisti Novruz Qartalın anım günüdür. Oxu.Az Əməkdar artistin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Xatırladaq ki, Novruz Yaqub oğlu Əliyev 1947-ci ildə anadan olub. O, əmək fəaliyyətinə 1965-ci ildə Texniki Təchizat İdarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun “Toy kimindir”də “Qoşun”, “Durna”da “Dursun”, “Hicran”da “Balaəmi”, “Lənət şeytana”da “İsrafil”, “Özümüz bilərik”də “İbişov”, “Milyonçunun dilənçi oğlu”nda “Xidmətçi”, “Sevindik qız axtarır”da “Tələbə”, “Nənəmin şahlıq quşu”nda “Qədim Qədimoviç” və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.

1989-cu ildə Bakı Bələdiyyə “Tənqid-Təbliğ” Teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, hospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif olunub.

1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətini yenidən davam etdirən N.Əliyevin yaradıcılığında yeni obrazlar silsiləsi yaranıb.

Belə ki, o, “92 dəqiqə gülüş”də “Xəstə”, “On min dollarlıq keyf”də “Dayıoğlu”, “Hərənin öz ulduzu”nda “Kələntər”, “Dəli dünya”da “Tın-tın Əsəd”, “O olmasın, bu olsun”da “Məşədi Qəzənfər”, “Bankir adaxlı”da “Dilənçilər padşahı”, “Əlin cibində olsun”da “Dilənçi”, “Məhəbbət oyunu”nda “Daşdəmirov”, “Volqalı canan”da “Müqəddəsov”, “Aldın payını, çağır dayını”da “Əhmədi Biqəm”, “Şeytanın yubileyi”ndə “Şirvan”, “Kələkbazlar”da “Əlipaşa” və s. obrazarı canlandırıb.

25 iyun 2013-cü ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident mükafatına layiq görülüb.

Novruz Qartal 8 yanvar 2022-ci ildə, 74 yaşında bağırsaq xərçəngindən vəfat edib. Gəncədə, “İmamzadə” ziyarətgahında dəfn edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir