Mədəniyyət

Nazirlik hələ də susur…

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Adətən tez yatıram deyə, baş verənlərdən həmişə səhər tezdən xəbər tuturam. İş rejimim belədir. Bu gecə nə idisə, gecə yarısı oyandım, telefonu götürdüm ki, görüm nə var, nə yox? 

Elə sosial şəbəkəni açan kimi üstümə bir vedrə söyüş-tənqid gəldi. Bəs, “medianın daşını qoyan belə olsun”, “bunlara jurnalist deyən belə olsun”, “saytların yiyəsi elə olsun”. Yarıyuxulu da anlamıram ki, yenə nə baş verib ki, elliklə medianı, jurnalistləri söyürlər. 

Başladım davamını oxumağa ki, görüm nə baş verib? 

Hə, bunu da qeyd edim ki, millətin başı dərdə düşəndə medianı haraylayır. Deyir ki, “borcunuzdur, işıqlandırmalısınız”. Bəli, medianın borcudur problemi işıqlandırsın, müvafiq orqanların diqqətinə çatdırsın. Amma göydən daş da yağsa bunda medianı günahlandırmaq doğru deyil. Nə isə, keçək mətləbə. Bu dəfə medianı, jurnalistləri Əməkdar artist Aygün Bəylərin ölümü ilə əlaqədar tənqid, təhqir edirdilər. Deyirdilər ki, saytlar, jurnalistlər Əməkdar artist Aygün Bəylərin ölümündən reytinq, İP tutur.

Təbii ki, medianın işi xəbər, məlumat ötürmək, həm də həmin xəbərləri oxuculara daha oxunaqlı, cəlbedici təqdim etməkdir. İndi kim bunu necə edir, o da öz vicdanına qalsın. Amma bu dəfə medianın bir günahı olmadı. Gecə saatlarında Mədəniyyət Nazirliyinin cavabdeh şəxsləri mediaya açıqlama verdilər ki, “Aygün Bəylər uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib”. Media da rəsmi qurumdan aldığı, təsdiqlətdiyi informasiyanı öz oxucuları ilə bölüşdü. Özü də bunu məhəllədə dedi-qodu edən Tükəzban bibi deməyib ki, o boyda mədəniyyətimizə görə məsuliyyət daşıyan nazirlik deyib. 

İndi adam istəyirəm ki, bu xəbəri yazmasın, yaymasın. 

Sonra nə olub, nə olmayıbsa Mədəniyyət Nazirliyi təkzib yazdı ki, ayıbdır, o nədir yazmısınız, Əməkdar artist ölməyib, yaşayır. Süni nəfəs aparatına qoşulub, Bakıya gətiririk. Bunu eşidən jurnalist həmkarlar da üz tutdu hava limanına ki, bəs gedək öz gözümüzlə görək, gətirdikləri sənətçinin özüdür, yoxsa nəşi… Gecə saatlarında hava limanına üz tutan jurnalistlər səhərə kimi orada olub, kor-peşman da geri qayıdıblar. Çünki yenə də onları məlumatsız buraxdılar. Nəzərə alaq ki, ölkədə fövqəladə hadisə baş verməyib, müharibə şəraiti də deyil ki, müvafiq qurumların işi başından aşsın, jurnalistlərə xəbər verən tapılmasın…

Nə isə, elə jurnalist həmkarlarımız bir-birindən daha dəqiq məlumat əldə etmək istəyərkən göydən bir vedrə soyuq-buzlu suyu tökürlər medianın başına. Mədəniyyət Nazirliyi bir bərli-bəzəkli poster hazırlayır, nekroloq da paylaşır ki, bəs “Əməkdar artist Aygün Bəylər vəfat edib”. 

İndi deyin görüm ay camaat, ay xalq, ay medianı oxuyan, izləyən şəxslər, yazıq media nə eləsin? 

Öz informasiya mənbələrindən xəbər paylaşır, deyirsiniz ki, dedi-qodudur. Dövlət qurumlarının verdiyi məlumata əsasən xəbər verir, sonra dövlət qurumu məsuliyyəti üstündən atır, yenə tapdaq altında media qalır. Elə indi də həmkarlarımız durmadan zəng edib nazirlikdən Əməkdar artistin vida mərasiminin harada keçiriləcəyi barədə məlumat əldə etmək istəyir, amma onlara heç kim doğru-düzgün cavab, məlumat vermir. Sonra yenə Mədəniyyət Nazirliyi ilk məlumatı dostluq-tanışlıq etdiyi media orqanına ötürəcək. Gecədən-səhərə kimi zəng edən, hava limanında keşik çəkən, xəbərin doğruluğunu dəqiqləşdirmək üçün əziyyət çəkən digər jurnalistlər də qalırlar pis vəziyyətdə… 

Ən son şayiələrə görə Aygün Bəylərin vida mərasimi Şəhriyar klubunda keçiriləcək. Amma Mədəniyyət Nazirliyi hələ də susur. Axırda yenə bütün daşları atacaqlar medianın üstünə. Əfsuslar olsun ki, bu cür böyük qəlbə, istedada, sənətə malik olan Aygün Bəylərin ölüm xəbəri belə nataraz, xoş olmayan halda xalqa çatdı. Bunu daha hörmətli, urvatlı etmək olardı axı… 

Allah rəhmət eləsin. Mediada çalışan əsl peşəkarlara isə səbir diləyirəm… 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir