Mədəniyyət

Azərbaycan xalçaları İspaniyada təqdim edilib – FOTO

Sharing is caring!


Azərbaycanın İspaniyadakı Səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İspaniyanın Kral Xalça Fabrikinin sərgi salonunda Azərbaycan xalçalarının sərgisi təşkil edilib.

Bu barədə “Azərxalça” ASC məlumat yayıb.

Məlumata görə, “Sehrli xalçalar” adlı sərgi mədəniyyət, təhsil və elm sahələrində ikitərəfli əməkdaşlığı ehtiva edən Azərbaycan və İspaniya arasında imzalanmış sazişə müvafiq olaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilib. Sərginin açılışı ilə bağlı təşkil olunmuş xüsusi tədbirdə İspaniyanın dövlət qurumlarının rəsmiləri, parlamentin üzvləri, Madriddəki diplomatik korpusun nümayəndələri, səfirlər, KİV nümayəndələri, elm və akademik dairələrin təmsilçiləri, incəsənət və mədəniyyət xadimləri, habelə İspaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak edib.

Tədbirdə çıxış edən İspaniya Kral Xalça Fabrikinin Baş direktoru Alexandro Kleker qədim tarixə malik Azərbaycan xalçalarının dünyada özünəməxsus ornament, kompozisiya və rəng çalarları ilə tanındığını və təmsil etdiyi qurumun “Azərxalça” və Səfirliklə birlikdə bu tədbirin təşkilindən məmnunluq duyduğunu bildirib. O, həmçinin “Azərxalça” və İspaniya Kral Xalça Fabriki arasında praktiki əməkdaşlığa dair günün birinci yarısında imzalanmış sazişin tarixi əhəmiyyət daşıdığını və sözügedən sənədin tərəflər arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, həmçinin Azərbaycanda və İspaniyada birgə sərgilərin təşkili, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına böyük töhfələr verəcəyinə əmin olduğunu vurğulayıb.

İspaniya Kral Xalça Fabrikinin əsas qalereyasında nümayiş olunacaq sərginin qapıları yanvarın 19-na qədər avropalı xalça sevərlər üçün açıq olacaq. Sərgi ziyarətçilərinə həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcək.

Xatırladaq ki, sərgidən öncə “Azərxalça” və İspaniya Kral Xalça Fabriki arasında əməkdaşlığı təşviq edən, Azərbaycan və İspaniyanın xalçaçılıq üzrə ixtisaslaşmış müvafiq qurumlarının gələcəkdə birgə fəaliyyətlərinin inkişafı üçün məxsusi əhəmiyyət daşıyacaq saziş də imzalanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir