Mədəniyyət

ABŞ-də yaşayan azərbaycanlı rejissor: “Bakıda qalıb yalnız komediya çəkməyə davam etmək istəmirdim” – FOTO

Sharing is caring!


“Azərbaycanda döyüş, aksiyon səhnələri çəkmək daha rahatdır. ABŞ-də kino çəkilişi zamanı birinin dağdan aşağı düşməsinə xərclənən pulla Azərbaycanda üç kino çəkmək olar. Orada ilk səhvim öz hesabıma döyüş filmi çəkməyim idi”.

Bu sözləri“Kaspi” qəzetinin müsahibi, ABŞ-də yaşayan azərbaycanlı rejissor, prodüser Elmar Bayramov söyləyib.

İş həyatı Lənkəranda idman müəllimliyi ilə başlayıb, ABŞ-də rejissorluğa qədər davam edib. Azərbaycanda karyerasının zirvəsinə çatdığı və dörd film təklifi aldığı vaxtda, məşhurluqdan və yaxşı qazancdan imtina edərək, okeanın o tayında sıfırdan başlayıb. Çünki onun məqsədi təkcə pul qazanmaq yox, keyfiyyətli iş ortaya qoymaq və öz sahəsində dünyada tanınmaqdır. Çətin olduğunu bilsə də, əzmlə kino adamı olmaq yolunda addımlayır.

Bakı Dövlət Universitetinin biblioqrafiya və informasiya fakültəsində təhsil alıb. Azərbaycan Kapoeyra Federasiyasında müəllimlikdən federasiya prezidenti vəzifəsinə qədər yüksəlib. Həmçinin beynəlxalq idman yarışları, seminarların əsas təşkilatçılarından biri və baş rəqəmsal dizayneri vəzifəsində çalışıb. Azərbaycanda sosial çarxlar, sənədli filmlər çəkdikdən sonra 2017-ci ildən ABŞ-yə köçür və rejissorluq fəaliyyətinə orada davam edir. Burada “Ups” qısametrajlı filmi ilə “Ən yaxşı döyüş səhnəsi” kateqoriyasının qalibi olur. Həmçinin “Qoy qaçım” (Let me run) qısametrajlı filminin festivallarda, Avropada, Cənubi Amerikada, Kanadada və ABŞ-nin bir çox şəhərlərində nümayişləri keçirilib. 15 müxtəlif nominasiyaların qalibi olub. 

“Bunu həqiqətən də azərbaycanlılar çəkib”

– Elmar bəy, tam fərqli fakültədə təhsil alıb, fərqli sahədə ixtisaslaşmısınız. Peşəkar idman mütəxəssisinin kino sevgisi necə yarandı?

– Federasiyada məşqçi olsam da, standart müəllim olmaq istəmirdim. Çalışırdım ki, uşaqlara ictimai sferada lazım olan məlumatları verim. Məqsədim tək idmançı deyil, dünyagörüşlü tələbə yetişdirmək idi. Onlara elementar elmi kəşflərdən tutmuş, coğrafi məlumatlara qədər çox şeyi öyrətməyə çalışırdım. Ekologiyanın qorunması, nəqliyyatdan düzgün istifadə ilə bağlı məlumatlandırırdım. Lakin görürdüm ki, fikirlərimi 150-200 tələbəyə çatdıra bilirəm. Tələbələrimdən film istehsalının müxtəlif ixtisasları üzrə təhsil alanlar var idi. Sosial mövzularımı danışır, onlarla bu istiqamətlərdə müzakirələr aparırdıq. Daha sonra sosial çarxlar üçün hekayələr yazmağa başladım. Zamanla ağlımda tutduğum videoların istədiyim kimi çəkilməməsi məni narahat etdi. Bundan sonra özüm bu sahə ilə ciddi şəkildə maraqlandım.

– İlk sosial video çarxınız “Ekoloji missiya” kifayət qədər səs-küy yarada bilmişdi

– Onu hazırlayanda video çəkməyin dərinliklərini bilmirdim. Ümumi təşkilatçılıq təcrübəmdən istifadə edərək çəkməyə çalışdım. Ətrafımda ancaq pul maraqları olmayan, cəmiyyətə yararlı video çəkmək istəyən insanları toplamaq istəyirdim. “Ekoloji missiya” da ilk sosial layihəmiz idi. Çarx İçərişəhərdə ətrafı təmizləyən yaşlı “xala” və zibilləyən insanlar haqqında idi. Bu çarxda yerə düşən tullantıları xala yox, insanlar yığırdı. Anladım ki, ağlımda olan mesajı video vasitəsilə istədiyim kütləyə ötürə bilirəm. Bir müddət sonra bu sahədə tanınmağa, pul qazanmağa başladıq. İlk dəfə reklam çarxını çəkəndə sosial şəbəkələrdə “bunu həqiqətən də azərbaycanlılar çəkib?” başlığı ilə yazılar paylaşılırdı. 

“Bu, mənə pul qazandıra bilərdi, amma…”

– Sevdiyiniz işdən pul qazanmağa başlayanda ABŞ-də davam etmək qərarına gəldiniz. Nə üçün?

– Döyüş, aksiyon, dram filmlərini çəkməkdən daha çox zövq alıram. Azərbaycanda isə maraq əsasən komediya janrınadır. “Don Marleone” filmimin təqdimatında dörd yeni təklif almışdım. Lakin bu layihələr reallaşmadı. Çünki Bakıda qalıb yalnız komediya çəkməyə davam etmək istəmirdim. Bu, mənə pul qazandıra bilərdi, amma reallaşmağını gözləyən ideyalarım var idi. Layihənin nə qədər uğurlu olmasının mənim üçün fərqi yoxdur. Əsas məqsədim ərsəyə gətirdiyim filmin sosial mesaj daşımasıdır. Mənə görə, maariflənməyən insan qrupu ən böyük problemdir. Məqsədim də rejissor kimi insanları yalnız güldürmək deyil, sosial mövzuları əhatə edən filmlərlə maarifləndirməkdir.

– Yəqin ki, məqsədlərinizin ardınca getmək asan başa gəlməyib.

– Əlbəttə. ABŞ-yə həyat yoldaşım Könüllə birlikdə gəldik. O, rəssamdır. İkimiz də bilirdik ki, Hollivud qucağını açıb bizi gözləmir. Sıfırdan başlayacağımızı da, çətinlikləri də gözə almışdıq. Bir müddət sonra özümüzlə gətirdiyimiz pul da artıq bitirdi və işləməli idik. Əvvəlcə Kaliforniya ştatında qaldıq. Qiymətlərin baha olduğunu görüb, bizim üçün ən uyğun ştat Corciyaya köçdük. Orada “narkotiklər insanı öldürür” adlı video işlədik. Yerli narkotiklə mübarizə idarəsi bu videodan tanıtımında istifadə edirdi. Daha sonra Texasa köçdük və telefon təmiri yerində üç ay yarım işlədim. Könül də artıq rəsmlərini sərgiyə çıxarıb satırdı. Beləliklə, ikimiz də qazanırdıq. Mən qazandığım pulla evi təmin edirdim, Könülün qazancı ilə isə filmlər üçün müxtəlif texnika, avadanlıqlar alırdıq. Kommersiya işlərinə davam edir, döyüş zallarına gedir, reklamlarını çəkirdim. İdman keçmişim var idi deyə, əlaqələrim ilk vaxtlar mənə kömək oldu.

“Bu, xəyalıma belə gəlməzdi…”

– Hətta  ”Black Garden Company” adlı şirkət də açmısınız…

– Çətinliyimiz çox olsa da, həyat yoldaşımla əl-ələ verib öhdəsindən gəldik. Hazırda iki prodakşnla işləyirik. Qısametrajlı filmlərimiz kinofestivallarda uğurlar qazandı. Çox yaxşı geri dönüşlər əldə etdim. Arnold Schwarzeneggerin prodüseri  Robert Goldman, Maykl Jey White, Alan Goldbergle, Don Dragon Wilson, Sintia Rotrokla tanış oldum. Bu insanlarla birlikdə film tədbirlərində iştirak edəcəyim, mükafat qazanacağım xəyalıma belə gəlməzdi. Ciddi əlaqələrim yarandı, işim yavaş-yavaş yoluna düşdü. Amma istədiyim səviyyəyə çatmağım üçün daha çox çalışmalıyıq. 

– ABŞ-də film çəkmək, ərsəyə gətirmək bahadır deyirsiniz. Məhz bu səbəbdən ilk filmlərinizdən qazancınız olmayıb. Maraqlıdır, ABŞ-də ilk film təcrübənizdə hansı səhvləri edirdiniz?

– Bəli, ABŞ-də film çəkməklə bağlı elə çətin nüanslar, tələblər var ki, bunlar Azərbaycanda yoxdur. Məsələn, sən Azərbaycanda bir zavodun içində film üçün istehsal olunan silahlardan istifadə edərək, səhnəni rahat çəkə bilərsən. ABŞ-də bunu etmək üçün çəkiliş meydançasına bir neçə məsul insan dəvət edirsən, sənə rəy verirlər. Bütün aktrisalar, aktyorlar sığortalanmalıdırlar. Azərbaycanda döyüş, aksiyon səhnələri çəkmək daha rahatdır. Məsələn, biri dağdan düşür, digəri tullanır, işin də rahat gedir. ABŞ-də kino çəkilişi zamanı birinin dağdan aşağı düşməsinə xərclənən pulla Azərbaycanda üç kino çəkmək olar. İlk səhvim öz hesabıma döyüş filmi çəkməyim idi. Ən çətin layihələri icra etməyə çalışırdım. Təsəvvür edin, bir adam yıxılsa, əzilsə bunun məhkəmələri ilə baş edə bilməzsən. Azərbaycanda “qardaş, üzr istəyirəm, quzu kəsərəm, bağışla” deyə bilirsən, ABŞ-də heç kimə quzu kəsə bilməzsən. Hər şey qaydasına uyğun aparılmalıdır. ABŞ-də qaydalarla hərəkət etmədinsə, bir addım qabağa düşəndə, 10 addım geri düşəcəksən. 

“Oskar qazanmış təşkilata promo çəkirik”

– Bəs ABŞ-də film sənayesinin qayda-qanunlarını necə öyrəndiniz? Bunun təhsilini aldınızmı?

– Bəli, onsuz mümkün deyildi. Onlayn kursa müraciət etdim və bir il hazırlaşdım. Müəllimim Janet Urban Hollivudda səs rejissorudur. Məhz bu kursdan sonra festivallara film çəkməyə başladım. Müəllimim iki dəfə “Emmy” mükafatını da qazanmışdı. Orada mənə kino çəkməyi öyrətmirdilər. Məhz film çəkməyi bacaran insanların bu sənayenin içinə necə düşəcəyi ilə bağlı yolları izah edirdilər. Bu yollardan biri setlərdə köməkçi kimi işləyib, yavaş-yavaş qalxmaqdır. Əvvəlcə festivallarda könüllü işlədim. Daha sonra milyonlarla büdcələri olan filmlərdə prodakşn assistent kimi işləyirdim. Zamanla bu yolların daha çox zaman tələb etdiyini müəyyən etdim. Qərara gəldim ki, pul qazanmağa fokuslanmalıyam və qazandığım pullarla film çəkib festivallarda iştirak etməliyəm. 

– Festivallardakı filmləriniz artıq ABŞ-də müəyyən nominasiyalarda qalib olmağa başladı. Məqsədlərinizə nail olmaq necə hissdir?

– Bunu sadəcə istədiyimə nail olmaq üçün getdiyim yolun başlanğıcı kimi qiymətləndirirəm. Bunlar mənim üçün mütləq uğur deyil. Mütləq uğur hansısa layihə ilə Disneyin, Netflixin qapısını döyüb ssenarimi təklif edib, onlarla rahatlıqla əməkdaşlıq etməkdir. O halda biz artıq məqsədlərimizin böyük hissəsinin öhdəsindən gələcəyik. Hələ ki, o mərtəbələrdə irəliləyirəm. Bu gün təşkilatımızın potensialı çox yüksəkdir. Buna nümunə olaraq qeyd edə bilərəm ki, hazırda qrafik təsvir nominasiyasında “Oskar” qazanmış təşkilata promo çəkirik. Məqsədlərimə gedən yolda olduğumun fərqindəyəm.

– Elmar bəy, hazırda festivallarda yarışan, ABŞ kinoteatrlarında nümayiş olunan, ən əsası, sizə ən yaxşı rejissor adını qazandıran” “Nəfəs” filmindən danışaq. Bu film necə ərsəyə gəldi? 

– Bu filmdə məqsədim az aktyorla işləmək və keyfiyyətli iş ortaya qoymaq idi. Real motivlər əsasında çəkilən filmdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində erməni hərbi birləşmələri tərəfindən əsir götürülən Bəxtiyarın həyatından bəhs edilir. Bəxtiyar travma sonrası stress pozğunluğu sindromundan əziyyət çəkir. Əsirlikdən azad olunduqdan sonra doğulduğu kəndə qayıdan Bəxtiyar məhbus həyatında aldığı travmalar ilə mübarizə aparır. Filmin həmmüəllifi Ülviyyə Heydərovadır. Onun yazı tərzini bəyənirdim və uzun danışıqlardan sonra hekayə formalaşdırdıq. Orada çox çətin səhnələr çəkdik. Amma burada da istədiyimizə nail olduq. “Nəfəs” Bakı Beynəlxalq qısametrajlı film festivalında “Ən yaxşı rejissor işi” nominasiyasında qalib oldu. 

– Kino dəryasının içində kifayət qədər çətinliklərdən keçərək məqsədiniz üçün irəliləyirsiniz. Geriyə dönüb baxdıqda nə düşünürsünüz?

– Həmişə düşünmüşəm ki, həyat yoldaşım Könüllə evlənməsə idim, bu nəticələri əldə edə bilməzdim. O, mənə çox inanır və dəstəkləyir. Azərbaycanda istədiyim nəticəni əldə etdiyim vaxt hər şeydən imtina edib ABŞ-yə gəldim. Bir qadının sənə qoşulub gəlməmək haqqıdır. Bilə-bilə çətinliklərə doğru getmək, mənimlə birlikdə mübarizə aparmaq borcu deyildi. Həyat yoldaşının səni anlaması, yanında olması çox vacibdir. Könülün həyatımdakı rolu inanılmazdır. Hər anormal fikrimə “edək” deyib. Mən həmişə qəribə fikirlər səsləndirib yoxlamağa cəhd etmişəm. İstənilən insan həyatında, – istər kişi, istərsə də qadın, – bir-birinə dəstək olmağı bacarırsa, uğurlu olmaq ehtimalı yüksəkdir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir