Mədəniyyət

Zaqatalada tarixi abidənin adında yanlışlığa yol verilib? – Alimdən İRAD + FOTO

Sharing is caring!


“Balakən rayonu, Katex kəndi ərazisində yol boyunca “Qafqaz səddi”nin qalıqları uzanır”. 

Bu barədə Bizim.media-nın yerli bürosuna tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib. 

Alimi narahat edən məsələ nədən ibarətdir? 

Sualımıza cavab olaraq Akif müəllim bildirib ki, Yevlax-Zaqatala-Gürcüstan magistralının bir neçə metrliyində yerləşən “Qafqaz səddi” V-VI əsrlərdə Sasani hökmdarı Qubad və oğlu Xosrov Ənuşirəvan tərəfindən tikdirilib. Səddin uzunluğu 120 km-dən çox olub. 

“Qafqaz səddi” zaman-zaman dağıntılara məruz qalıb və ən son qalıqları Katex kəndinin ərazisinə düşüb. Alim təəssüf hissi ilə bildirib ki, abidənin önünə vurulan yeni lövhədə yazılıb: “Zaqatala qalasının qalıqları”. Bu ciddi tarixi yanlışlığa görə Akif Məmmədli müvafiq orqan və təşkilatlara üzünü tutaraq soruşur: 

“Bu məntiqsizliyə yol verən kimdir?”

Həmsöhbət bildirib ki, bununla bağlı dəfələrlə elmi məqalələrdə, televiziya verilişlərində bəhs olunub:

“Bilməmək ayıb deyil, ancaq belə məntiqsiz və yanlış lövhə yazmaq çox ayıbdır!  Özü də işlək Beynəlxalq avtomobil yolunun kənarında”, – deyən alim, məsələ ilə bağlı növbəti dəfə nazirlik və qurumlar qarşısında məsələ qaldırmaq üçün addım atmaq məcburiyyətində qalıb. 

Qeyd edək ki, Zaqatala qalası XIX əsrdə, “Qafqaz səddi” isə V-VI əsrlərdə inşa olunub. Tarixi fərq çox böyük, yanlışlıq isə ciddidir.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir