Mədəniyyət

Mario Bakunanın Heydər Əliyev Mərkəzində konserti olub – FOTO

Sharing is caring!


Oktyabrın 14-də Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçi Mario Bakunanın konserti olub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Azərbaycanın Əməkdar rəssamı Eldar Qurbanın “Cazın ağ quşları” sərgisi nümayiş olunub.

Sərgidə çıxış edən mədəniyyətşünas Telman İbrahimov bildirib ki, İkinci Dünya müharibəsindən 1980-ci illərin ikinci yarısına kimi dünyada, eləcə də Azərbaycanda caz ağ-qara formada təsəvvür olunurdu: “1980-ci illərin ikinci yarısından başlayaraq caz rəngləndi. Eldar Qurbanın yaradıcılığında da cazın rəngləri çox gözəl ifadə olunub. Eldar Qurban yaradıcılığa muğamın təsvirləri ilə başlasa da, sonradan öz rəsm əsərlərini cazın dili ilə “danışdırdı”.

Məlumdur ki, sovetlər dönəmində caza qulaq asmaq müsbət qarşılanmırdı. Eldar Qurban məhz o məhdudiyyətlərin olduğu dövrdə caza qulaq asanlardandır. Odur ki, rəssamın caz yaradıcılığı təsadüfi deyil”.

Sərginin nümayişindən sonra Heydər Əliyev Mərkəzinin auditorium zalında braziliyalı musiqiçi Mario Bakunanın “Braziliya mənzərələri” adlanan konserti keçirilib. Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjemanının təqdimatı ilə fərqlənir.

Qeyd edək ki, Mario Bakuna Londonda yaşayan braziliyalı bəstəkar, aranjemançı, müğənni və gitara ifaçısıdır. 20 illik musiqi təcrübəsi olan Mario Bakuna bugünədək Avropa, Afrika və Braziliyada beynəlxalq festivallarda və böyük səhnələrdə uğurla çıxış edib.

O, 1950-ci illərdə Rio-de-Janeyroda yaranan Samba Caz janrının yeni interpretasiyaları üzərində çalışır. Hazırda Mario Bakuna Avropada yaşayan və dünyanın nüfuzlu səhnələrində ən yaxşı musiqiçilərlə birgə çıxışları ilə yaddaqalan caz ifaçılarındandır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir