Mədəniyyət

Astaranın Divəkə və ya Əlişa qalalarında arxeoloji qazıntı işlərinə başlanıb – FOTO

Sharing is caring!


Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin toplusu” şöbəsinin əməkdaşları Astara rayonu ərazisində yerləşən Divəkə və ya Əlişa qalasında qazıntı işlərinə başlayıblar.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, qazıntılar zamanı Azərbaycan tarixinə dair yeni faktlar verəcək maddi-mədəni nümunələr – çoxlu sayda saxsı qab qalıqları, şirli və şirsiz qab qırıqları, fayans tipli qab qalıqları, eyni zamanda miniatür tipli saxsı qablar aşkar olunub.

Abidədə aşkar olunan və xüsusi diqqət çəkən daş parçası, üzərində kobud şəkildə təsvir olunan şir başıdır. Daşın üzərinə diqqətlə baxdıqda şir təsvirinin daşın müxtəlif tərəflərində əks olunduğunu görmək mümkündür.

Qalanın qazıntı aparılan hissəsində qırmızı kərpicdən hörülən hissənin tağ formasında olduğu, burada su axını üçün yerin olduğu da müəyyən olunub. Burada qayaların dibindən suyun tökülməsi və ya axıdılması üçün su tüngləri aydın şəkildə görünür. Qazıntı zamanı ərazinin daha çox orta əsrlər dövrünə aid olduğu bildirilir.

Aparılan arxeoloji tədqiqatlar nəticəsində əldə olunan maddi-mədəni nümunələri göstərib ki, möhtəşəm sirli memarlıq abidəsi Təbriz memarlıq məktəbinin ən böyük nümunələrindəndir.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin toplusu”nun elmi işçisi Şəfəq Ağayeva bildirib ki, “arxeoloji tədqiqatlar nəticəsində əldə olunan maddi-mədəni nümunələr göstərir ki, ərazi Təbriz memarlıq məktəbinin ən böyük nümunələridir. Hansı ki, XIII əsrdən etibarən Azərbaycan mədəni mərkəzlərinin biri Təbriz olduğundan məhz Elxanilər dövründən başlayır”.

Abidənin cənuba doğru istiqamətində tikinti qalığı da mövcuddur ki, həmin tikinti qalığı yaşayış yerinə bənzəyir. İnstitut əməkdaşları yaxın günlərdə həmin tikinti qalığında qazıntı işlərinə başlayacaqlar. Ehtimal olunur ki, tikinti ərazisindən tapılacaq materiallar Azərbaycan tarixinə dair yeni faktlar, daha dəqiq məlumatlar verəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir