Mədəniyyət

Hindistan filmində çəkildi, öz ölüm xəbərini televiziyadan eşitdi: Yolda vəfat edən məşhur aktyor – FOTO

Sharing is caring!


Sentyabrın 16-ı mərhum aktyor Bahadur Əliyevin anım günüdür.

Kulis.az aktyorun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Bahadur Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 1957-ci ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirib.

“Ulduz” filmində yaratdığı kolxoz sədri Qədir obrazı ilə məşhurlaşıb. Hətta tamaşaçılar Qədir obrazının replikalarını əzbər bilirlər.

Mehriban, səmimi, əliaçıq, həyat eşqli Bahadur Əliyev bir müddət dublyaj sexinin direktor müavini işləyib. Sovet və hind filmlərinin səsləndirilməsində əvəzsiz əməyi olub. Bahadur müəllimi “dublyajın vuran ürəyi” adlandırırdılar.

Ədəbiyyatı çox sevirdi. Poeziyaya xüsusi sevgisi vardı. Hətta şeirlər də yazmışdı. SSRİ və Hindistanın birgə çəkdiyi məşhur “Əlibaba və 40 quldur” filmində rol almışdı.

Sonuncu çəkildiyi film “Bəyin oğurlanması”dır. Filmin sonuna yaxın kolxoz sədri Hidayət müəllimlə (Səməndər Rzayev) birgə rəqs edir. Lakin rəsmi geyimdə – kostyum və qalstukda olan Bahadur Əliyevin filmdə kimliyi bilinmir.

“Bəyin oğurlanması” 1985-ci ildə çəkilib. Bahadur müəllim bu filmdən 17 il sonra – 2002-ci ildə dünyasını dəyişib. Bu 17 ildə heç bir filmə dəvət edilməyib. Bu fakt onun səhhətinə ciddi təsir edirdi.

Ailəsi də böyük idi. Onun 10 uşağı vardı. Hara getsə, hara dəvət alsa, dostlarıyla birgə gedirmiş. Tənhalıqdan yaman qorxurmuş.

Bir dəfə səhvən televiziyada onun öldüyü haqqında xəbər oxunur. Bahadur Əliyev özü bu xəbəri eşidir və çox sarsılır. Aktyorun ölümü də kədərli olub. 2002-ci ilin bu günü Sumqayıtda, elə yoldaca infarkt keçirib…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir