Mədəniyyət

Özbəkistanda Şuşaya həsr edilən poçt markası buraxılıb – FOTO

Sharing is caring!


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü ilin digər əhəmiyyətli hadisəsi – Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə Özbəkistanda Şuşaya həsr olunmuş xüsusi xatirə poçt markasının buraxılması layihəsini həyata keçirib.

Mədəniyyət Mərkəzindən bildirilib ki, “Ozarbayjonning qadimiy Shusha shahri Turkiy dunyoning madaniy paytaxtı” adlı poçt markasının buraxılışı layihəsinə Özbəkistanın müvafiq dövlət qurumları dəstək göstərib, markanın Özbəkistan Mərkəzi Poçtu tərəfindən daxili və beynəlxalq dövriyyəyə buraxılması nəzərdə tutulub.

Xüsusi dizaynla hazırlanmış poçt markasının üzərində Şuşa qalası, Azərbaycanın bayrağının təsviri, Qarabağın – Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, bölgəyə, şəhərə dağlar qədər vüqar və şöhrət gətirən dünya şöhrətli mütəfəkkirlər, şairlər, tanınmış şuşalılar, milli musiqi alətlərimiz (qaval, tar, kaman) kimi milli mədəniyyətimizi əks etdirən ştrixlər, habelə Qarabağın, Şuşanın və qazanılan Zəfərin simvolu olan “Xarıbülbül” çiçəyinin rəsmi öz əksini tapıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar bu il Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, hər iki ölkənin Mədəniyyət nazirliklərinin dəstəyi ilə birgə Özbəkistanda Şuşa günləri tədbirləri keçirilib, vikipediyada Şuşaya dair özbək dilində bölmələr yaradılıb, Qarabağa – Şuşaya Özbəkistan KİV nümayəndələrinin media-turları təşkil olunub, yaxın zamanda isə şəhərə dair bir neçə aparıcı dildə ensiklopedik nəşr də çap ediləcək. Verilən məlumatda sözügedən layihələrin ilin sonuna qədər davam edəcəyi də vurğulanır.

Qeyd edək ki, “Azərbaycanın qədim Şuşa şəhəri – Türk dünyasının mədəniyyət paytaxtı” adlı poçt markası xatirə üçün Özbəkistan və Azərbaycan muzeyləri, hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndəriləcək, poçt markasının Daşkənddə və Bakıda təqdimat mərasimləri də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir