Mədəniyyət

Sarayda balet, Şuşada “Leyli və Məcnun”: Teatrlar yeni mövsümdə nə ilə sevindirəcəklər? – FOTO

Sharing is caring!


Teatrlarda artıq yeni mövsüm başlamaq üzrədir. Bu mədəniyyət ocaqlarının bəziləri artıq öz proqramları ilə əlaqədar hazırlıq işləri aparırlar.

Maraqlıdır, teatrlar yeni mövsümə necə hazırlaşırlar? Tamaşaçılar teatrda hansı yeniliklərin şahidi olacaqlar? Premyeralar gözlənilirmi?

Teatr rəsmiləri Oxu.Az-ın suallarını cavablandırmağa çalışıblar.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı yeni mövsümün “Qarabağnamə” tamaşası ilə sentyabrın 15-də açılacağını bildirib:

“Teatrın bağlanış və açılış mərasimi ənənəvi olaraq, bu tamaşa ilə olur. Teatrın yeni mərhələsi və yeni mövsümündə üç tamaşa hazırlanacaq. Yeni yaradıcılıq işləri Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləri əsasında hazırlanacaq eyniadlı tamaşalardır. “Sənsiz” tamaşası görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunacaq. Əsərə, eləcə də müəllifin müraciət etdiyi dövrə fərqli və yeni baxış bucağından nəzər salınacaq”.

C.Zeynallı əlavə edib ki, tamaşaların premyeralarının 2023-cü ilin sentyabr-dekabr aylarında olacağı planlaşdırılır:

“Tamaşaların premyeralarının bu ilin sonunadək baş tutması planlaşdırılır. İlin yekunu üçün hazırlanacaq səhnə əsərləri müxtəlif rejissor yanaşmaları əsasında fərqli təqdimatda, bütün truppa üzvlərinin yaradıcılığa cəlb olunması ilə tamaşaçıların ixtiyarına veriləcək.

Akademik Milli Dram Teatrı gələcəyə yeni hədəfləri, məqsəd və strategiyası ilə gedir. Teatrın hədəfləri dəqiq, məqsədi böyükdür. Azərbaycan və dünya dramaturgiyasının ən məşhur əsərləri bizim səhnəmizdə həqiqi sənət hadisəsinə çevriləcək.

Hər şeydən əvvəl Azərbaycan dövlətinin teatr sənətinə olan böyük etimadını doğrultmaq, mədəniyyət sərhədlərimizi daha da genişləndirmək, dünyanın ən böyük teatr festivallarında ölkəmizi layiqincə təmsil etmək məramı bizim üçün prioritetdir. Texnoloji inqilab dövründə formalaşan tamaşaçının zövqünü oxşamaq, yeni aktyor, rejissor, dramaturq nəsli yetişdirmək, əsərləri yeni baxış, yeni yozumla təqdim etmək, müasir teatr meyillərini əsas tutmaq, keçmişə böyük ehtiram, dəyərli sənətkarlarımızın həyatlarının əlamətdar hadisələrini qeyd etmək və s. bizim strategiyamızın ana xəttidir”. ​

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova teatrın 114-cü mövsümə hazırlaşdığını qeyd edib:

“Teatrın 114-cü mövsümünün açılışı sentyabrın 15-də ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan “Sən elə bir zirvəsən!” tamaşası ilə olacaq.  Tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər. İlk dəfə ümummilli liderin doğum günündə Musiqili Teatrın səhnəsində nümayiş etdirilən bu tamaşa daha sonra Gəncə və Şəki şəhərlərində də uğurla təqdim olunub. Kollektiv bu layihə ilə Mingəçevir, Lənkəran və Naxçıvan şəhərlərində də çıxış edəcək”. 

Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Nizamiqızı yeni mövsümün sentyabrın 15-də – Bilik günündə başlayacığını bildirib:

“Azərbaycan Dövlət Kukla Teatrı da özünün 92-ci teatr mövsümünə start verir. Bu münasibətlə kollektivin geniştərkibli toplantısı keçirilib. Bu mövsümdə də maraqlı layihə və yeni yaradıcı ideyalar realizə olunacaq.

Sentyabrın 15-də balacalar teatrın yeni səhnə nümunəsini – “Melisa” adlı (rejissor S. Haqverdiyeva) maraqlı tamaşanı izləyəcəklər. İlin sonunadək daha iki tamaşa da hazırlanacaq. Beynəlxalq festivallarda iştirakımız nəzərdə tutulub”.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından verilən məlumata görə, teatrın açılış mərasimi sentyabrın 18-də baş tutacaq:

“Teatrın açılışı sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin premyerası ilə baş tutacaq. Eyni zamanda sentyabrın 18-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Şuşa şəhərində nümayiş olunacaq.

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 25-də Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasında “Arşın mal alan” musiqili komediyası nümayiş olunacaq

Oktyabrın 1-də Həştərxan Dövlət Opera və Balet Teatrının baş rejissoru Aleksey Smirnovun quruluşunda Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operasının premyerası keçiriləcək. Tamaşa da Opera studiyasında keçiriləcək”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf yeni mövsümdən danışıb:

“Sentyabrın 1-də ümumi iclas oldu. Kollektiv ilə yeni mövsümdə ilk görüş idi. Çoxlu müzakirə oldu. Bu mövsümdə maraqlı tamaşalar, qastrol səfərlər baş tutacaq. Teatr yeni tamaşalar, qastrol səfərlər, böyük və uşaq tamaşaları ilə yeni mövsümə başlayacaq. Sentyabrın 15-dən sonra yeni mövsümə start veriləcək”.

 Azərbaycan Dövlət Rus Dram Teatrından bildirilib ki, oktyabr ayında premyeralar olacaq:

“Sentyabrın 16-da teatr mövsümü açılır. Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşası ilə açılış olacaq. Sentyabrın 19-20-də Lənkəran rayonuna səfərimiz olacaq. Oktyabrın ortalarında premyera olacaq. Yeni il üçün uşaq tamaşaları təqdim olunacaq”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir