Mədəniyyət

İlham Əliyev və Mehriban Əliyeva Azərpaşa Nemətovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Sharing is caring!


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərpaşa Zəfər oğlu Nemətovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

AZƏRTAC xəbər verir ki, nekroloqun mətnində deyilir:

“Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, görkəmli rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Azərpaşa Zəfər oğlu Nemətov 2023-cü il aprelin 9-da ömrünün 76-cı ilində vəfat etmişdir.

Azərpaşa Nemətov 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra o, 1965-1970-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1967-ci ildən Azərbaycan Respublikası Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində rejissor assistenti kimi başlayan Azərpaşa Nemətov 1970–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda assistent olmuş, 1973–1974-cü illərdə isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləmişdir. O, 1974–1976-cı illərdə indiki Sankt-Peterburq şəhərində Leninqrad Gənc Tamaşaçılar Teatrında rejissor-stajor olaraq çalışdıqdan sonra 1977-ci ildə Bakıya qayıdaraq fəaliyyətini yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında davam etdirmiş və burada 1990-cı ilədək quruluşçu rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalışmış, 1990–1992-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında quruluşçu rejissor olmuş, 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru, 2016-cı ildən isə Teatrın bədii rəhbəri – direktoru vəzifəsini tutmuşdur.

Azərpaşa Nemətov 1992-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri seçilərək ömrünün sonunadək İttifaqa rəhbərlik etmişdir.

Azərbaycan teatr sənətinin inkişafında Azərpaşa Nemətovun yüksək ictimai məsuliyyət hissinə malik və müasir teatr texnologiyalarını ustalıqla mənimsəmiş sənətkar kimi özünəməxsus xidmətləri vardır. Milli Dram Teatrının səhnəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi tamaşalar daim özünün parlaq rejissor həlli ilə seçilmiş, yenilikçi ruhu sayəsində teatr mühitində rəğbətlə qarşılanmış və mütəxəssislər tərəfindən layiqli qiymətini almışdır. Həmin tamaşalar ölkəmizin hüdudlarından kənarda keçirilən müxtəlif festival və müsabiqələrdə də uğurla nümayiş etdirilmişdir.

Azərpaşa Nemətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, tədris etdiyi rejissorluq sənətinin əsaslarını yetirmələrinə mənimsətmək üçün qüvvə və bacarığını əsirgəməmişdir.

Respublikanın mədəni-ictimai həyatının fəal iştirakçısı olan Azərpaşa Nemətovun Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etdiyi illərdə ölkənin teatr həyatında bir çox təqdirəlayiq işlər görülmüşdür.

Azərpaşa Nemətovun Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” və 2002-ci ildə “Xalq artisti” fəxri adlarını almış, 2007-ci ildə müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” və 2022-ci ildə “Şərəf” ordenləri ilə təltif edilmişdir.

Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Azərpaşa Zəfər oğlu Nemətovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Anar Rzayev

Firəngiz Əlizadə

Fərhad Xəlilov

Şəfiqə Məmmədova

Rasim Balayev

Hacı İsmayılov”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir