Mədəniyyət

“Dünya sənin, dünya mənim” necə trend oldu? – Hər şey şəhidin sevgisindən başlayıb + FOTO/VİDEO

Sharing is caring!


Niyaməddin Musayev Məmməd Arazın “Dünya sənin, dünya mənim” şeirinə nəğməni xəstəxanada yatan zaman bəstələyib. Elə xəstəxana stolunun üstündə çırtma vura-vura…

Belə başlayıb mahnının hekayəsi…

O gündən indiyədək dillər əzbəri olan sənət əsəri 37 il sonra trendə çevrilib. 

İndi hər yerdə – küçədə, telefonda, sosial şəbəkə platformalarında, radiolarda bu mahnı səslənir. Təbii ki, yeni aranjimanda.

“Dərviş band” qrupu mahnıya yeni nəfəs verib. Bunun da çox maraqlı hekayəsi var. Və bu hekayə 90-cı illərin əvvəllərinə, şəhid Bünyadəli Pələngova bağlanır.

1992-ci ildə Ağdamın Papravənd kəndində şəhidlik zirvəsinə ucalan və Bakıda Şəhidlər xiyabanında torpağa tapşırılan Bünyadəli Pələngov hərbçi həyatından öncə peşəkar səviyyədə gitara ifaçısı olub. Ən sevdiyi müğənni də Niyaməddin Musayev olub. Bu sevginin nəticəsi idi ki, Bünyadəli Pələngov qızının adını Niyaməddin Musayevin “Röya” mahnısından götürüb.

Pələngovlar ailəsində ən çox səslənən, eşidilən Niyaməddin Musayevin mahnıları olub. Qəhrəmanımızın şəhidlik zirvəsinə ucalmasından sonra bu səs uzun müddət evdən kəsilib.

İllər keçir, şəhidin oğlu Anar Bünyad atasının sənətə və sənətçiyə olan sevgisini davam etdirib. Və bu sevgidən “Dünya sənin, dünya mənim” mahnısı yeni aranjimanda “dünyaya gəlib”.

“Qafqazinfo”nun qonağı olan Anar bəy deyir ki, əslində, bu aranjiman 2012-ci ilə təsadüf edib. O vaxt “Sirat” rok qrupunun ifasında da müəyyən məkanlarda səslənib, amma indiki kimi səs-küy salmayıb.

Məşhurluq isə “Səs Azərbaycan” verilişinə xüsusi qonaq kimi dəvət olunandan sonra başlayıb. Anar Bünyad deyir ki, veriliş efirə gedən günün səhəri yuxudan oyandım ki, nə qədər zəng, mesaj gəlib.

“İnana bilmədim ki, bu telefon mənimdir”, – deyə Anar Bünyad bildirib. 

Anar bəyin inanmadığı təkcə bu deyil, deyir ki, həm də ona inanmazdım ki, nə vaxtsa Niyaməddin Musayevlə eyni səhnəni bölüşəcəyəm…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir