Kriminal

Anasının tanışını öldürən gənclə bağlı QƏRAR

Sharing is caring!


Ali Məhkəmədə Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Rafael Quliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 27-si saat 22 radələrində Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Nurəddin Quliyevin Sumqayıt Dəmiryol Vağzalının qarşısında öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafael Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nurəddin Quliyevə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb. Rafael Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmədə Rafael Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi anasıyla olan münasibəti ilə bağlı tanıyıb:

“2018-ci ildə anamın Nurəddinlə münasibətdə olduğunu öyrəndim. Mənim də onunla görüşməyimdə məqsəd anamla münasibətə son qoymağı tələb etməyim idi. Hadisə günü evə getdiyim zaman anamı pis halda gördüm. O, mənə hadisənin necə olduğunu danışdı. Bundan sonra Nurəddin ilə görüşmək üçün vaxt təyin etdim. Onunla görüşən zaman üzərimdə bıçaq vardı. Həmin bıçağı Nurəddinin məndən güclü olduğu üçün ehtiyat məqsədilə götürmüşdüm. Nurəddinlə görüşdükdə ona bizi bir daha narahat etməməsini dedim. Biz birlikdə Sumqayıt Dəmiryol Vağzalının qarşısına gəldik. Sonra avtomobildən düşdük. Mən Nurəddinin avtomobilindən düşərkən onun xəbəri olmadan maşında olan mavi rəngli beşbarmağı götürərək arxa sağ cibimə qoydum. O, məni təhqir etdi və bibər qazından istifadə etdi. Mən də beş barmaqla özümü müdafiə etdim. Nurəddin taqətdən düşdü. Bundan sonra ona bıçaq zərbəsi endirdim. Lakin neçə bıçaq zərbəsi endirdiyimi xatırlamıram. İstintaq zamanı ifadə verərkən həyəcanlı idim”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir