Kriminal

“Gənclər şəhərciyi”ində olay: arvadının ardınca getdiyini gördü…

Sharing is caring!


Abşeron rayonunda 1992-ci il təvəllüdlü Faiq ailə qısqanclığı zəminində tanışı Aydına (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Faiq arvadı Zəminəyə tanışı Aydının söz atması ilə bağlı, habelə Aydının digər hərəkətinə görə onu cəzalandırmaq qərarına gəlib.

Faiq Aydınla məsələni aydınlaşdırmaq və onu öldürməklə qisas almaq məqsədilə 6 avqust 2022-ci ildə saat 23 radələrində yaşadığı evdən cib bıçağını və istintaqla müəyyən edilməsi mümkün olmayan dəmir parçasını götürərək cibində gizlədib.

Faiq Aydının bərbər işlədiyinə görə saçını kəsdirmək istədiyini bəhanə edib və onunla Abşeron rayonu Mehdiabad qəsəbəsindəki “Gənclər şəhərciyi” yaşayış kompleksi 2 saylı binanın qarşısında görüşüb, aralarında olmuş narazılığı başqa şəxslərə yayanın ünvanına nalayiq söyüşlər söyüb.

Faiq mübahisə zamanı Aydını öldürmək niyyətini qətiləşdirib. Əvvəlcə üzərində olan dəmir alətlə, daha sonra bıçaqla Aydının bədəninin müxtəlif nahiyələrinə 5 zərbə vurub.

İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Aydınla əvvəldən aralarında mübahisə olub: “Hadisədən 1-2 gün əvvəl yolla gedəndə Aydından xoşa gəlməyən bir neçə ifadə eşitdim. Ona həmin an reaksiya vermək istəsəm də, yanımda olan şəxslər buna imkan vermədi. Mən də heç bir şey etmədim.

Daha sonra Aydına zəng edib, görüşməyi təklif etdim. Ona məni narahat edən məsələni dedim. Görüşdük, aramızda söyüş oldu, dalaşdıq. Birinci Aydın baş nahiyəmə zərbə endirdi. O, bıçaq çıxaranda mən də bıçaq çıxardım. Ona xəsarət yetirdim.

Aydını bıçaqlamaq niyyəti olmayıb deyə ilk olaraq baş nahiyəsinə bıçağın arxa hissəsi ilə xəsarət yetirdim. Daha sonra cibindən bıçaq çıxardığı üçün onunla dalaşdım, bıçaqla xəsarət yetirdim. Mənim üzərimdəki bıçaq əldəqayırma bıçaq olub”.

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş Aydını uzun müddətdir tanıyır: “Arvadım Zəminə işdən çıxanda Aydının yaxınlaşdığını, ona söz deməyə çalışdığını gördüm. Həmin an ondan nə baş verdiyini soruşsam da, mənə heç nəyin düşündüyüm kimi olmadığını dedi. Mən arvadımdan Aydının ona nə dediyini soruşdum. Arvadım da mənə elə bir şey olmadığını bildirdi.

Tanımadığım bir şəxsdən eşitdim ki, Aydın haqqımda alçaldıcı ifadələr işlədib. Mən də Aydını məsələni aydınlaşdırmaq üçün çağırdım. Gecə vaxtı idi. Aramızda mübahisə yarandı, münaqişə etdik. Mən də ona xəsarət yetirdim”.

İş üzrə zərərçəkmiş Aydının sözlərinə görə, bərbərlik fəaliyyəti ilə məşğul olduğu üçün Faiq və onun atası Sahib saçlarını kəsdirmək üçün həmişə onun yanına gəlib: “Aramızda heç bir şəxsi qərəz və düşmənçilik olmayıb.

Təxminən 2 il öncə Faiqin arvadı bağçada işdən çıxaraq evə gedirdi. İkimizin də yaşadığımız evə gedən yol vahid pilləkəndən keçdiyi üçün məcburən eyni yolla getməli olurduq. Mən həmin yolla evimə gedən zaman Faiqin arvadı da işdən çıxaraq evinə gedirdi, Faiq isə kənardan bizim xəbərimiz olmadan arvadına və mənə baxırmış.

Faiqin arvadının yanından ötüb öz evimə getdim, ona yaxınlaşmadım və heç bir söz demədim. Faiq isə kənardan bu mənzərəni görüb, özlüyündə qısqanclıq hissi yarandığı üçün guya onun arvadına yaxınlaşmaq, tanış olmaq istəməyimi güman edib.

İşdə olanda Faiq iş yerimə gəldi, məni kənara çəkərək niyə həyat yoldaşına yaxınlaşmaq istədiyimi soruşdu. Mən isə həyat yoldaşına yaxınlaşmadığımı, sataşmadığımı, bir söz belə demədiyimi, onun həyat yoldaşına öz bacım kimi yanaşdığımı, namaz qılıb ibadət etdiyim üçün bu cür hərəkətlərin mənə xas olmadığını bildirdim. Faiq bu söhbətlərdən sonra getdi. Aramızda olanlar barədə heç kimin bilməməsini istədi. Mən də heç kimə heç nə demədim”.

Zərərçəkmiş qeyd edib ki, 6 avqust 2022-ci ildə təxminən saat 23.50-də Faiq ona zəng vuraraq sabah toya gedəcəyini və saçını kəsdirmək istədiyini bildirib: “Həm məhərrəmlik ayı, həm də artıq gecə saat 23.50 radələri olduğu üçün Faiqin məni ələ saldığını düşündüm. Ona bu vaxt işləmədiyimi, gec olduğunu desəm də, mənə məhəl qoymadı, təkidlə onun saçını kəsməli olduğumu bildirdi. Telefonda səsinin tonunu qaldıraraq danışdı.

Mən də Faiqlə danışmaq üçün aşağı düşdüm. Ona yaxınlaşanda heç bir söz demədən əlindəki dəmir parçası ilə baş nahiyəmə vurdu. Özümü müdafiə etməyə çalışsam da, buna nail ola bilmədim.

Faiq cibindən bıçaq çıxararaq məni vurmağa başladı. Qolumdan artıq qan axdığını gördüyüm üçün qaçmaq istədim. Lakin Faiq imkan vermədi, ardıcıl bıçaq zərbələri ilə məni vurmağa davam etdi. Qaçmaq istəyəndə imkan vermədi, qışqıraraq məni öldürəcəyini dedi. Bıçaqla sol kürək nahiyəmdən vurdu. Ətrafdakı insanların hadisə yerinə gəlməsindən, yaranmış səs-küydən və Faiqin başının qarışmasından istifadə edərək hadisə yerindən uzaqlaşdım.

Orada olan tanımadığım şəxslər məni avtomobilə qoyaraq xəstəxanaya apardılar. Üst-başım qan içində idi”.

Zərərçəkmiş bildirib ki, xəstəxanada əməliyyat olunub, əməliyyatdan sonra təxminən 10 gün xəstəxanada qalıb: “Xəstəxanadan çıxdıqdan bu günə kimi ağ ciyərimdə ağrılar var. Nəfəs almağım çətinləşib. Buna səbəb Faiqin məni vurduğu bıçaq zərbələrindən birinin daxilə keçərək ağ ciyərimi zədələməsidir”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Faiq 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir