Kriminal

Keçmiş məhkumlardan avtomatlar götürülüb – FOTO

Sharing is caring!


Lənkəran sakinlərindən qanunsuz saxlanılan “Kalaşnikov” avtomatları və ov silahları götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Rəvan Rzayev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evdə gizlətdiyi “AK-74” markalı avtomat, həmin silaha aid daraq və altı ədəd patron aşkarlanaraq götürülüb. 

Ümumilikdə isə, son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən iki ədəd “Kalaşnikov” avtomatı və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 15 ədəd ov tüfəngi götürülüb.

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri ayrı-ayrı əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslər saxlanılıblar. Rayon sakini Valəddin Məmmədovun üzərinə baxış keçirilən zaman içərisində dörd ədəd patron olan avtomat darağı aşkar olunaraq götürülüb. Şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirlər nəticəsində onun rayonun Əhmədbəyli kəndi ərazisində gizlətdiyi “Kalaşnikov” markalı avtomat da aşkar edilərək götürülüb. Üzərində odlu silah gəzdirdiyinə görə saxlanılan Vüqar Abbasovdan isə bir ədəd “Makarov” markalı tapança və beş ədəd patron aşkar edilib.

Bununla yanaşı Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir. Keçirilmiş profilaktiki tədbirlər nəticəsində 17 ədəd müxtəlif kalibrli və markalı ov silahları rayon sakinləri tərəfindən könüllü olaraq polisə təhvil verib. Qeyd edək ki, cari il ərzində polis əməkdaşları tərəfindən ümumilikdə 19 odlu silah müsadirə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir