Kriminal

Bakıda əri tərəfindən bıçaqlanan qadın özünü günahkar bildi: “Söyməsəydim, etməzdi…”

Sharing is caring!


Bakıda yerləşən şadlıq saraylarından birinin həyətində arvadını bıçaqlayan kişiyə hökm oxunub.

“Qaynarinfo”nun məlumatına görə, 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş Ceyhun Səlimov (soyad şərti – red.) 9 may 2023-cü il tarixdə, saat 23:00 radələrində şadlıq sarayının arxasında rəsmi nikahda olduğu həyat yoldaşı Vüsaləni sosial şəbəkələrdən tanışlıq məqsədilə istifadə etməsinə görə aralarında yaranmış mübahisə zamanı bıçaqlayıb.

Belə ki, Ceyhun arvadı Vüsaləyə bir neçə dəfə sosial şəbəkələrdən istifadə etməməsini bildirib. Buna görə də o, Vüsalənin mobil telefonunu əlindən alıb. Vüsalə evdən qaçaraq şadlıq sarayında qabyuyan işləyib.

Ceyhun uzun müddət axtarışlardan sonra arvadını şadlıq sarayında tapıb və onunla söhbət edib. Söhbət zamanı aralarında mübahisə yaranıb və kişi arvadını bıçaqlayıb.

Məhkəmədə Ceyhun törətdiyi əməldən peşman olduğunu desə də, arvadı Vüsalə özünü günahkar görüb. Zərərçəkmiş şəxs bildirib ki, o, əri Ceyhunu söyüb təhqir etməsəydi, ona xəsarət yetirməzdi. Vüsalə hadisənin səbəbkarının özü olduğunu bildirib. Əri Ceyhunla barışdığını, ər-arvad kimi birlikdə yaşadıqlarını deyən qadının sözlərinə görə, barışığın əldə edilməsi üçün ona heç kəs təzyiq göstərməyib, əksinə öz iradəsi ilə təqsirləndirilən şəxslə barışıb, habelə bununla bağlı məhkəməyə ərizə ilə də müraciət etməyib. Zərərçəkmiş şəxs qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin hökmü ilə Ceyhun Səlimov Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 3 il 6 ay müddətinə şərti azadlıqdan məhrum etmə cəzası təyin olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir