Kriminal

61 yaşlı qadın 10 il əvvəlki əməlinə görə ağır cəza aldı

Sharing is caring!


Bir qrup azərbaycanlı qadını Türkiyədə fahişəliyə cəlb etməkdə ittiham olunan 61 yaşlı Elnarə Əsədovanın (ad-soyad şərti – red.) cinayət işi üzrə məhkəmə yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Müttəhim tanıdığı ümumilikdə 18 qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə dövlət sərhədindən keçirməkdə ittiham olunub. Daha sonra o, qadınlara hədə-qorxu gəlib, onların pasportlarını əllərindən alaraq cinsi istismara məcbur edib.

Cinayət əməli 2013-2014-cü illərdə törədilib. Həmin vaxt təqsirləndirilən şəxs 52-53 yaşlarında olub. Xanım müttəhim zərərçəkmişlərə Türkiyənin Yalova şəhərində cins paltarlar istehsal edilən fabrikdə işə düzəldəcəyi, bizim pulla gündəlik 15-20 manat qazanacaqları barədə yalan vəd verib. O, 2022-ci ildə cinayət məsuliyyətinə cəlb edilib. Lakin ibtidai istintaq dövrü müddətində həbsdə olmayıb, barəsində başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri seçilib.

E.Əsədovanın ifadəsindən məlum olub ki, o, özü də əvvəllər Yalova şəhərində fahişəliklə məşğul olub. Müttəhim verilmiş ittihamla özünü təqsirli bilməyərək, “zərərçəkmiş qadınlar əvvəlcədən Türkiyəyə nə məqsədlə getdiklərini bilirdilər, hər şeyi əvvəlcədən danışırdıq” deyib.

Zərərçəkmişlər isə təqsirləndirilən şəxsin dediklərini inkar edib, aldadıldıqlarını deyiblər.

Məhkəmə kollegiyasının hökmü ilə E.Əsədova insan alverində təqsirli bilinərək 8 il 3 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir